Rusiya Yunanıstana 5 milyard dollarlıq kredit verəcək. Məqsəd Yunanıstandan keçəcək qaz kəmərinin inşasına yardım etməkdir. “Türk axını” adlanan bu kəmər Avropa Birliyinin təzyiqləriylə Boqarıstanın imtina etdiyi “Cənub axını” proyektinə alternativ olaraq çəkilir. İqtisadi böhran içərisində çabaladığından Yunanıstan kəmərin öz ərazidən keçən hissəsini inşa etmək durumunda deyil. Odur ki, Rusiya qazının Avropaya nəqlinin əsas marşrutunun çəkilməsi rəsmi Moskvanın öhdəsinə qalıb.
Yunanıstanın Rusiyaya yaxınlaşması, başda ABŞ olmaqla bütün Qərb dünyasında ciddi şəkildə təqib olunur. Zira bu yaxınlığın təkcə iqtisadi əməkdaşlıqla məhdudlaşmayacağı, hərbi müttəfiqliyə çevriləcəyi ehtimalı var. Təsadüfi deyil ki, Yunanıstanla Rusiya hərbi sahədə də müəyyən addımlar atırlar. ölkənin Müdafiə naziri Panos Kammenosun mətbuata açıqlamasına görə, rəsmi Afina Rusiyadan yeni silahlar alacaq. Əslində bu silah alış-verişi yeni hökumətin də ağlına gəlməyib. Yunanıstan 2013-dən etibarən S-300 raketlərini almış ilk NATO ölkəsi kimi tanınır.
özünü həmişə Avropanın sözəbaxmaz uşağı kimi aparan rəsmi Afinanın bu hərəkətləri müttəfiqlər üçün müəyyən mesajlar verir. ABŞ üçün bu flort onun əzəli düşməni Rusiya ərtafında yaratdığı təhlükəsizlik çəmbərinin dağılması deməkdir. Nədən ki, ABŞ bir zamanlar Rusiyanın ən yaxın müttəfiqləri sayılan və milli mənsubiyyət baxımından onunla eyni kökə malik olan Balkan ölkələrini belə öz yanına çəkə bilib, rəsmi Moskva üçün keçilməz hərbi-strateji çəmbər yaradıb. Hətta İranın bu təhlükəsizlik çəmbərinə alınıb istehkamın gücləndirildiyi bir zamanda həm Avropaya, həm Aralıq dənizinə açılan yunan qalasından çat səslərinin gəlməsi, təbii ki, rəsmi Vaşinqtonun bütün arzularının suya düşməsi deməkdir. Avropa üçün də Yunanıstanı itirmək “avro bölgəsi”nin etibardan düşməsi, yenicə qurulmuş ittifaq qalasında dərin çatların yaranması və onların getdikcə böyüməsi mənasına gəlir.
Afinanın bu sərt dönüşlərini öz milli maraqları baxımından xeyli təhlükəli hesab edən həm ABŞ, həm də Avropa Birliyi ölkələri Yunanıstanı Rusiyanın cəngindən qurtarmaq imkanında deyillər. Nədən ki, Afinaya iqtisadi böhrandan çıxmaq üçün xeyli pul lazımdır və əslində Yunanıstan həmin pulu müttəfiqlərindən qoparmaq üçün bu “xoşagəlməz” yollara əl atır. Nə ABŞ, nə də Avropa Birliyi isə tələb olunan bu pulu tarixi müttəfiqlərinə verə bilmirlər. Ona görə yox ki, pulları yoxdur. Ona görə ki, Yunanıstan öz strateji əhəmiyyətini anladığından aldığı pulları da necə gəldi xərcləyir. Nəticədə öz acgözlüyünün qarın ağrılarını müttəfiqlərinə yaşatmağa çalışır. Müttəfiqlər isə “pulu ağıllı yerlərə xərclə” deyəndə tez qaçıb Rusiyayla “flirt” edəcəyini deyib onları qorxudur. Əl-qərəz, Yunanıstanı özlərinin “qucaq balası” edən müttəfiqlər sözəbaxmaz uşaq əlində qalıblar.
İndi Qərbi bir yox, iki dərd düşünüdür. Dəcəl uşağın tələb etdiyi pulu verməsələr, Yunanıstanın bu inadcıl hərəkətləri ittifaqın digər uşaqlarının da tərbiyəsini poza bilər və onlar da onun-bununla “flirt”ə çıxarlar. Hazırda çətin durumda olan Bolqarıstan, Serbiya, Xorvatiya, çexiya, Slovakiya və sairə kimi ölkələr bir him-cimə bənddirlər ki, Yunanıstan onların yanında yalan ola. üstəlik, yunanlardan fərqli olaraq, Avropanın bu yeni sakinləri rus dilini də gözəl bilirlər, rusla necə münasibət qurmağı da. Onları indiyə qədər “flirt”ə çıxmaqdan qoruyan əsas nəsnə yeni ailələrində qəbul etdikləri “sədaqət andları” və Avropa əxlaqıdır. Əslində elə bu əxlaqları da yazıq Balkanların başına dərd olub. İndi bəlkə də yolu əyri gedənlərin hərəkətlərini və vəziyyətlərini seyr etdikcə, özlərinin nə qədər sadəlövh olduqlarına təəssüflənir, oturub köhnə yoldaşlarının “him-cimi”ni gözləyirlər.
Alicənablıq edib Yunanıstanın istədiyi pulu versələr, özləri bir müddətdən sonra onun gününə düşər, flirt etməyə adam axtararlar. Nədən ki, yunanlar həqiqətən də pulu xərcləməyi bilmirlər. Yazıq Qərb ölkələri 2010-cu ildən bu yana dəcəl övladlarının düşmən qapısına düşməməsi üçün əlindən nə gəlibsə, əsirgəməyiblər. İqtisadi böhrandan çıxmaq üçün ilk əvvəl 2010-cu ildə ona nə az, nə çox, düz 110 milyard pul vermişdilər. Gözünə döndüyüm Yunanıstan isə 80 milyard AB-dən, 30 milyard isə Beynəlxalq Valyuta Fondundan aldığını ac məmurlarına paylayıb, yenidən pul tələb etməyə başladı. İqtisadi böhran içində olan AB yenə onun könlünə dəyməmək üçün 109 milyardlıq əlavə vəsait ayırdı. Bu da yetmədi. Nəhayət, 2011-ci ilin 26 Oktyabr ayında AB Yunanıstanla bir qədər sərt danışmağa başladı. Ona 130 milyard pul verəcəklərini, amma bunu əvvəlki kimi məmurlara deyil, iqtisadi yatırımlara xərcləməyi tələb etdi. Yunanıstan isə bu təklifi öz şərəf və ləyaqətini alçaltmaq kimi yozub “flirt” gəzilərinə başlayacağı ilə “valideynlərini” hədələməyə başladı. Yazıq “valideynlər” də çarəsizlikdən, “canın cəhənnəmə, o sən, o da Rusiya” demək məcburiyyətində qaldı.
Sözsüz ki, özü gün çörəyinə möhtac olan Rusiyanın qarnı un dəyirmanından geniş olan Yunanıstanı doyurması mümkün deyil. Əhalisi yunanlardan 10 dəfədən çox olan Rusiyanın büdcədən qidalanan məmur sinfinin toplamı AB-nin bir ildə Yunanıstana verdiyi kredit qədər maaş ala bilmir. Rusiyanın isə Yunanıstana edə biləcəyi yeganə yaxşılıq var – qaz kəmərinin bu ölkədən keçməsi. Həmin kəmər isə bu ölkəyə ildə sadəcə bir neçə milyard avro pul gətirə bilər. Bu pul isə Yunanıstanın dişinin dibində belə qalmaz.
Yunanıstanın bu qədər “yekəqarın” olmasının yeganə səbəbi bizim kimi eyni iqtisadi təfəkkürə malik olmasındadır. Orda da dövlət qapısını vətəndaş üçün iş qapısına çevirib. Bizdəki məddahlığı orda seçkilərdə səsvermə əvəz edir. Bizdə dilini, orda səsini işə salıb çörək pulu çıxara bilərsən. Beləcə, istehsalat sahələrinin yetərli səviyyədə olmadığı məmləkətdə əhalinin böyük qismi yüksək maaş və təqaüdlə dolanır. Bu pulu vermək üçün xaricdən borc alınmalı və əhalinin dolanışığına sərf olunmalıdır. İndi vəziyyət elə bir həddə gəlib ki, Yunanıstan öz iqtisadi düşüncəsini dəyişsə belə, bu ağır aqibətdən qurtula bilməz. Dünyada tanınmış iqtisadçı analitiklərindən Mark Faber də bu görüşdədir. Analitikin dünən yayılan Yunanıstanla bağlı proqnozunda belə deyilir: “Gerçəklərlə üzləşmək lazımdır. Yunanıstan artıq batıb. Bu ölkə bundan sonrakı 10 ildə hər il 10% böyüsə belə, xarici borclarını ödəyə, böhran vəziyyətindən çıxa bilməz”.
Azərbaycan hakimiyyəti “gözüçıxmış” yunan qardaşından ibrət dərsi götürməli, eyni vəziyyətə düşməmək üçün məmur yükündən azad olmalı, ölkədə istehsal sahələrinin yaradılması üçün münbit şərait formalaşdırmalı, vətəndaşları bu sahədə fəaliyyətə təşviq etməli
dir. Əks halda, bizi də Yunanıstan kimi çöllərə düşmək taleyi gözləyir. Yunanıstandan fərqli olaraq hələ ki, “qara qızıl”ımız üzümüzü ağartsa da, getdikcə qiymətini itirən bu təbii sərvət bir müddətdən sonra paxırlarımızın üstünü örtməyə yaramayacaq. Nə qədər gec deyil, başımızın çarəsinə baxıb, Qafqazın Yunanıstanı olmaqdan xilas olmalıyıq.