XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

24 Aprel 2015 - 04:49

Yaxın Şərqi şərqlilər xilas edəcək

İraq sünnüləri Türkiyəyə umudludurlar

Türkiyə get-gedə məzhəb müharibələrinin poliqonu halına gələn Yaxın Şərqdə çarpışan tərəfə çevrilir. Bunu həmin coğrafiyadan gələn xəbərlər də təsdiqləyir. Verilən məlumata görə, İraq sünnilərinin nümayəndə heyəti qardaş ölkəyə gedəcək və ondan silah istəyəcək. Sünnü könüllərindən formalaşan “Həşdi Vətəni” (Vətən Topluluqları) təşkilatının sözcüsü Mahmud Sürçi Anadolu Agentliyinə açıqlamasında belə deyib.

Sözcünün bildirdiyinə görə, hazırda minlərlə könüllü onların sırasına qatılır və təşkilat 25 min nəfərdən ibarət əsgəri güc hazılaya bilər. Hazırda onların qarşını kəsən yeganə problem isə silahsızlıqlarıdır. Sürçi bu əskikliyi Türkiyənin sayəsində aşacaqlarını güman edir: “Mosul əncümənliyi, türkmən nümayəndələri, millət vəkilləri və “Həşdi Vətəni” səlahiyyətlilərindən ibarət bir heyətlə Türkiyəyə gedəcəyik və bu ölkədən silah istəyəcəyik. İstədiyimiz silahlara bağlı mütəxəssis yoldaşlarımız uzun bir siyahı hazırladı”.

Sürçinin fikrincə, onların Türkiyəyə bu qədər ümidlə baxması səbəbsiz deyi. Nədən ki, mənəvi olaraq Mosul xalqına ən yaxın ölkə Türkiyədir: “Ayrıca, bu ölkə rahatlıqla sığına biləcəyimiz bir ünvandır. ümidvarıq ki, rəsmi Ankara “Həşdi Vətəni”nin silahlandırılmasına laqeyd qalmayacaq”.

“Həşdi Vətəni”-nin sözcüsünün etiraflarından o da anlaşılır ki, əslində Türkiyə də onların taleyinə biganə qalmaq fikrində deyil. Qardaş ölkə bu zamana qədər İraq sünnülərinin özünü müdafiə batalyonları formalaşdırmaları üçün əlindən gələni etməyə çalışıb. Onlar üçün hərbi düşərgələr yaradıb, təlimlər keçir, maddi-mənəvi cəhətdən mosullulara heç bir dəstəyini əsrgəmir. İndi həmin hərbi düşərgələrdə yetişdirilən əsgərlərin öz vətəni vəzifələrini yerinə yetirmələri üçün sadəcə silaha ehtiyacları var. Bu ehtiyacların həll olunacağı təqdirdə İraq sünnüləri Mosulun azad olunması əməliyyatına qatıla biləcəklər.

Mosul İŞİD sonrası duruma hazırlaşır

Qeyd edək ki, əzəli türkmən torpaqlarından olan Mosul 10 iyun 2014-cü ildən bəri İŞİD işğalı altındadır. Bağdaddan sonra İraqın ikinci böyük şəhəri olan Mosulun azad edilməsi uğrunda ölkədə bulunan bütün silahlı qüvvələr səfərbər olunub. Həm mərkəzi hakimiyyət, həm də Ərbildəki peşmərgə qüvvələri yaxınlarda başlanması gözlənilən əməliyyata ciddi hazırlaşırlar. ABŞ-ın nəzarətində olan koalisiya qüvvələri də əməliyyatçılara havadan dəstək verəcək. Qələbinin mütləq çalınacağı güman olunan bu əməliyyatda Həşdi Vətəni də yer almaq istəyir. çünki, hələlik silahların hökm etdiyi İraqda hakimiyyət bölgüsündən layiqli pay almaq üçün mümkün olduğu qədər tər, daha doğrusu, qan axıtmalısan. 25 min əsgəri güclə “Həşdi-Vətəni” də bu bölgüdə yer almaq istəyir.

Bağdadın “kor xəlifələri” ölkə reallıqlarını görə bilmir

İlk baxışdan gözlənilən əməliyyat zamanı bütün məzhəblərin eyni hədəf ətrafında birləşməsi təsəvvürü yaransa da İŞİD sonrası İraqda bu “müttəfiq”lərin bir-birinin qanına susamayacaqlarını söyləmək mümkün deyil. İŞİD-ə qarşı əsgəri güc formalaşdıran sünnü silahlı qruplaşmasına mərkəzi hakimiyyət tərəfindən barmaqarası baxılması da bu ehtimalı qüvvətləndirir. Mahmud Sürçinin bildirdiyinə görə, dəfələrlə müraciət etmələrinə baxmayaraq, rəsmi Bağdad onlara silah verməyib. Nədən ki, rəsmi Bağdad şiə, “Həşbi-Vətəni” üzvləri isə sünnüdür. Halbuki, İraqın milli bütünlüyünün təmin olunması üçün atılacaq ən önəmli addımlardan biri sünnü əhalinin könlünü qazanmaq ola bilərdi. Şiə təəssübkeşliyindən qurtula bilməyən rəsmi Bağdadın yanlış siyasəti nəticəsində indi İraq sünnülərinin böyük əksəriyyəti İŞİD-ə xilaskar kimi baxır. Bu da terror təşkilatına qarşı mübarizəni çətinləşdirir. İŞİD-i bölgədən tamamilə atmaq və yaraları sağaltmaq üçün sünnü toplumunu ondan ayırmaq tələb olunur. Son zamanlar bir çox aşirətlərin qondarma xilafətdən üz döndərmələri və əks cəbhədə yer almağa çalışmaları xeyli müsbət hadisə sayılsa da onlara bəslənən ögey münasibət yenidən bütün ümidləri alt-üst edə bilər. “Həşbi-Vətəni”nin yalnız Türkiyəyə ümidvar olmasının başlıca səbəblərindən biri də budur.

Od çəmbəri içərisində qalan Türkiyə tərəddüddədir

Rəsmi Ankaranın indiyə qədər özünə bağlı qüvvələri silahdırmaması isə onun tərəddüdündən xəbər verir. Getdikcə daha çox Yaxın Şərq bataqlığına doğru sürüklənən qardaş ölkənin faktiki olaraq geri çəkilmək şansı da yoxdur. ABŞ-ın yağlı vədlərinə aldanan ölkə dörd bir tərəfdən özünə düşmən qüvvələrin əhatəsinə düşüb. Şərqdən; regiondakı mövqeyini get-gedə gücləndirən İran, cənubdan; İranın təsiri altına düşən İraq və Suriya, şimaldan; Rusiya, qərbdən; qurtuluşunu Avrasiyada yaranmağa başalayan yeni güc mərkəziylə əməkdaşlıqda görən və tarixən Türkiyənin əleyhinə siyasət yürüdən Yunanıstan qardaş ölkəni xeyli sıxışdırır. Ankaranın belə vəziyyətdə bir də Yaxın Şərqdə çarpışan qüvvələrin hansısa cəbhəsində yer alması onun arzuolunmaz durumunu daha da gərginləşdirə bilər.

Di gəl ki, İraq sünnülərinin taleyinə biganə qalmaq da mümkün deyil. Bu, bir tərəfdən Türkiyəni Yaxın Şərqdəki gücündən tamamilə məhrum edər, digər tərəfdən isə inanclı vətəndaşların səsini alıb hakimiyyətə gələn və 15 ildir sükanı əlində saxlamağı bacaran AKP iqtidarının öz elektoradını itirməsiylə nəticələnər.

Məsələnin ən qəliz tərəfi Türkiyə prezidentinin praqmatizmdən daha çox, stabil siyasi xəttə söykənən xarizmasıdır. Dəyişən konyukturaya uyğun olaraq siyasi tövrünü dəyişə bilməyən Ərdoğan xüsusilə Bəşər Əsəd məsələsində özünü “tutduğunu buraxmayan kor” kimi aparır. Bu isə Türkiyənin İraq və Suriyadakı mövqeyini zəiflədir və onun dəstəklədiyi sünnü silahlılarını da çətin vəziyyətə salır.

Son zamanlar İran və İraqın ən yaxın müttəfiqi olan Suriyadan gələn xəbərlər də bölgənin İŞİD sonrası gələcəyində Türkiyənin ağır imtahan qarşısında qalacağından xəbər verir. Bölgənin dəyişən konyukturasında İranın mühüm yer tutduğunu və onun ABŞ tərəfindən açıq-açığına dəstəkləndiyinin şahidi oluruq. İran isə Bəşər Əsədi dəstəkləyir və hərbi qüvv
ələriylə bu rejimin özünü müdafiəsində önəmli rol oynayır. Son günlər isə Suriyadan İran hərbçilərinin ölüm xəbərləri gəlir. ötən bazar günü döyüşlərdə bir komandanını itirən İran dünən də eyni itkiylə qarşılaşıb. Hər iki qurbanın Dəra şəhərində öldürüldüyünü nəzərə alsaq, onların İŞİD-lə yox, Azad Suriya Ordusuyla mübarizədə həlak olduqları aydınlaşır.

Türkiyə Suriya və İraqın şimal hissəsini öz torpaqlarına qatmalıdır

Qeyd etmək istərdim ki, Azad Suriya Ordusu bir sıra Qərb ölkələri, o cümlədən, Türkiyə tərəfindən Bəşər Əsədi devirmək üçün yaradılıb. ABŞ-ın son zamanlar səf dəyişməsinə baxmayaraq Almaniya, Fransa, İtaliya kimi dövlətlər yenə öz mövqelərini davam etdirirlər. Yeni geoplotik maraqlar üzərində inşa olunan Yaxın Şərqdə qardaş ölkənin bulunduğu nöqtə bütün hallarda risklidir. Praqmatik avropalılar Yaxın Şərq sövdələşmələrindən istədikləri payı aldıqdan sonra qınlarına çəkilə bilərlər və onların əslində bu qədər mürəkkəb situasiyalara baş qatmaq niyyətləri də yoxdur. Belə vəziyyətdə məcburən girdiyi Yaxın Şərq bataqlığında Türkiyənin tamamilə yalnızlaşmaq ehtimalı var.

Bu çətin vəziyyətə düşməmək üçün qardaş ölkə inadkarlığını buraxıb, Yaxın Şərq məsələsinin həllində Qərb ölkələriylə deyil, regional faktorlrla dil tapmalı, Suriya siyasətini yenidən gözdən keçirməli, məzhəb savaşlarının qarşısının alınması istiqamətində ciddi addımlar atmalıdır. Hətta lazım gələrsə, qardaş qırğınlarının qarşısının alınması üçün Suriya və İraq parçalanmalı, hər iki dövlətin şimal hissəsi Türkiyənin, cənub hissəsi isə İranın nəzarətinə verilməlidir. üzvləri bir-biriylə qanlı düşmən olan belə ailədənsə, ayrılıq daha məqbuldur və İranla Türkiyə bu məsələdə fikir birliyinə gəlməlidir.

Qısası, şərq dünyasını xaricdən verilən reseptlər yox, regional güclər və onların birgə əməyi nəticəsində ərsəyə gətirilən çözüm yolları qurtara bilər. Bütün şərq ölkələri bu reallıqlarla razılaşmalı, pislər içərisində ən yaxşı pisi seçməyi bacarmalı, iqtisadi, mədəni əlaqələri gücləndirməklə həm bir-birini inkişaf etdirməli, həm də məzhəb davalarını aradan qaldırmalıdırlar.