Bir çox tanınmış ziyalılarımızın cəmiyyətimiz haqqında düşüncələrinə nəzər salanda heyrətlənməmək mümkün deyil. Əksər hallarda rejimin siyasi dəsti-xəttinin yaratdığı neqativ nəticələrin günahı toplumumuzun mənəvi keyfiyyətlərində axtarılır, Qərb dünyasındakı demokratik rejimlərlə ölkəmizdəki mövcud siyasi sistem arasındakı fərqlər milli mentalitetlərdəki ayrılıqlarla əsaslandırılır. Rüşvətxor məmurların, acgöz monopolistlərin darmadağın etdiyi iqtisadiyyatımızın əsas səbəbkarının sadə insanlarımızın mənəvi naqisliyi olduğu irəli sürülür.
Sözsüz ki, bir çox məqamlarda, həqiqətən də, ictimai sükut, hər şeyə biganəlik hissi cəmiyyətimizdəki neqativ halların böyüməsinə, xərçəng şişi kimi metastaz verməsinə səbəb olmuşdur. Zaman-zaman baş verən bəzi hadisələr də bu fikri sübut edir. Bir çox hallarda ictimai qınaq siyasi hakimiyyətin geri addım atmasında, yanlışların düzəldilməsində önəmli rol oynayır. Bununla belə, neqativliklərin bütün məsuliyyətini idarəedənlərin yox, idarəedilənlərin üzərinə yükləmək də ədalətli deyil və məsələyə bu cür yanaşma hakim zümrənin özbaşınalığına haqq qazandırmaq cəhdidir.
Bütün hallarda istənilən cəmiyyətdə rastlaşdığımız neqativ halların ən ciddi məsuliyyəti idarəetmə orqanlarının üzərinə düşür. Nədən ki, dövlətin bir nömrəli təyinatı pislikləri cəzalandırmaq, yaxşılıqları isə mükafatlandırmaq, təşviq etməkdir. İstənilən toplumda həmin vəzifələr tərsinə işləyərsə, meydana çıxan nəticələr Azərbaycandan fərqli olmaz.
Bəzi hörmətli ziyalılarımızın təsəvvüründən fərqli olaraq, sosial, iqtisadi inkişafına böyük həsədlə baxdığımız Qərbin bütün vətəndaşları yaxşı olduqları üçün yaxşı siyasi rejim qurmamışlar. Əksinə, vətəndaşı olduqları rejimlər yaxşı olduğu, müsbəti təşviq edib mənfini cəzalandırdığı üçün hər kəs tərəfindən arzulanan cəmiyyət ortaya çıxmışdır. Bu mənada yaxşı dövləti yaxşı xalqlar yox, yaxşı xalqları yaxşı dövlət mexanizmləri yaradırlar. Fikrimizin ən bariz sübutunu Şimali və Cənubi Koreya timsalında görə bilərik.
Bir zamanlar eyni iqtisadi vəziyyətə, eyni düşüncəyə, eyni mental dəyərlərə malik olan koreyalıların bir qismi dünyanın ən avtoritar rejimində, digər qismi isə ən çox inkişaf etmiş ölkəsində yaşayır. Əgər həqiqətən də yaxşı xalqlar yaxşı dövlətləri yaratsaydılar, bir toplumun iki müxtəlif hissəsi bir-birindən bu qədər kəskin şəkildə fərqlənməzdi.
Eyni sözləri əslində Şimali və Cənubi Azərbaycan üçün də söyləmək olar. Sirr deyil ki, cənublu qardaşlarımız istər iqtisadi, istər siyasi, istərsə də müəyyən mental özəlliklər baxımından fərqli dəyərlərlə idarə olunurlar.
Tarixdən bəllidir ki, siyasi sistemlər öz mahiyyətlərinə uyğun vətəndaş yetişdirməklə məşğul olur. Düzdür, insanın fitrətindən gələn bəzi xüsusiyyətlərdən dolayı yeni düşüncəli vətəndaş tipi yaratmaq çalışmaları tam hədəfə çatmasa belə, istənilən cəmiyyətin bir sıra xarakterlərini dəyişdirmək mümkündür. Dövlətlər bu məqsədlə bəzi neqativ hallara qarşı qanunlarını gücləndirmişlər. Ölkənin idarəçilik sistemləri korrupsioner, rüşvətxor məmurlardan təmizlənmiş, başqaları dərs alsın deyə onlar ağır şəkildə cəzalandırılmışlar.Yerlərinə isə əli, əməli təmiz adamlar gətirilmişdir.
Uzun illər sovet insanı yetişdirməyə çalışan sovet imperializminin səyləri nəticəsində Azərbaycan ictimaiyyəti xarakter etibarilə eyni soy-kökə malik Türkiyə və Cənubi Azərbaycan vətəndaşlarından daha çox “rus qafalı” olduğu və bu mental dəyərləri uzun zamandan bəri yaddan çıxartmadığı bilinən həqiqətlərdəndir.
Xüsusilə müstəqilliyimizin ilk illərində bu tendensiyanı daha bariz şəkildə müşahidə edir, ağır adeptasiya prosesi yaşayırdıq. Son zamanlar daha çox ortaya çıxan türkiyəli insan xarakterinə yaxınlaşmamızın əsas səbəbi qardaş ölkə telekanallarının uğuru nəticəsində baş vermişdir. Bu isə get-gedə qloballaşan dünya gerçəkliyində məkan fərqinin tədricən itməsindən doğmuşdur.
İndiyə qədər neft gəlirlərinin gətirdiyi rifahdan istifadə edən mövcud hakimiyyətin sovetdənqalma müti təfəkkür tərzini yeniləşdirməyə əhəmiyyət verməməsi, çalışqan, qurub yaradan, azad rəqabətdə özünü və təsərrüfatını yeniləşdirməyə önəm verən insan yerinə, dövlət əmlakından daha çox faydalanan, talayan, monopoliyalar yaradan məmur tipi formalaşdırmaq strategiyası yavaş-yavaş öz mənfi nəticələrini göstərməyə başlamışdır. Neftin qiymətlərindən və hasilatından asılı olan bu strategiya artıq işləməz hala gəlmişdir. Bu zamana qədər formalaşdırılan və təşviq olunan insan tipi isə yeni dövrün tələblərinə cavab vermir, iri məmurların əli altında toplanan siyasi güc və idarəetmə vərdişləri cəmiyyətin özünü yeniləməsini qarşısını alır.
Əslində başımıza gələn bütün bəlalar da, yaşadığımız iqtisadi böhranlar da yeni dövrün tələbləriylə ayaqlaşmayan, problemin mahiyyətinə zidd siyasətdən qaynaqlanır. Azərbaycan siyasi iradəsinin özü belə köhnə qaydayla idarəçiliyin mütləq çöküşə apardığını anlasa da, oturuşmuş korrupsioner rejimin xarakterini dəyişdirməkdə acızlik çəkir.
Baxmayaraq ki yeni dövrün şərtləri keçmişdə buraxılan səhvləri aradan qaldırmağı tələb edir, hakimiyyətin bu sahədə atdığı addımlar belə qaş düzəltmək əvəzinə göz çıxartmağa bənzəyir. Hazırda bir çox iş adamlarının banklara təqdim etdikləri layihələrin real olub-olmadığına baxılmadan ayrılan krediti ödəyə bilməməsi probleminin inzibati yolla həllinə çalışılması əks nəticələr doğura bilər. İnzibatçılıq yerli iş adamlarımızı müflisləşdirməklə qalmaz, xarici investisiyaların ölkəmizə marağını azaldar.
Üstəlik, neft gəlirlərinin azalmasıyla yaranan büdcə kəsirləri sadə vətəndaşların alıcılıq qabiliyyətinə də mənfi təsir göstərir. Büdcə kəsirlərinin doldurulması üçün vergi və pullu cəzalandırmaların həm sayının, həm həcminin artırılması iş dünyasını sıradan çıxarır.
Bu qədər çətin vəziyyətdə olan və gözlənilmədən yeni situasiya ilə üzləşən cəmiyyətimizdə atılması tələb olunan yeganə addım iş adamlarını deyil, oliqarx nazirləri damlamaq olmalıydı.Nədən ki, onların idarəetmə vərdişləri cəmiyyətimizi indiki hala sürükləmişdir. Hətta iş adamlarına verilən kreditlərin təyinatı üzrə xərclənməməsi, kefi istədiyi yerə sərf olunması belə iş adamlarından çox, dövlət qurumlarının zəifliklərindən, quruculuq işinə doğru nəzarət etməməsindən qaynaqlanmışdı. Dövlət ayırdığı kreditlərin hara sərf olunmasına nəzarət edə bilmirsə, bunun günahını başqasında yox, özündə axtarmalı, qabiliyyətsiz və səhlənkar məmurunu məşhər ayağına çəkməlidir.
Kapitalizm nə qədər planlı təsərrüfat olmasa belə, onun tam olaraq plansızlığından da söhbət gedə bilməz. Hər bir ölkənin iqtisadiyyatla bağlı strategiyası olmalı və müəyyən təşviqlərlə iş adamları planlaşdırılan təsərrüfatlara yönəldilməlidir. Kreditlər də bu təşviqlər üçün ayrılmalıdır. Əgər həmin kreditlər bu cür təşviqlərə uyğun şəkildə verilməyibsə və ya iş adamlarının aldıqları pulları tamamilə başqa istiqamətlərə xərcləyibsə belə, öncədən bu problemdən çıxış yolları düşünülməliydi. Məsələn, kreditlər nəğd şəkildə verilməməli, bir müəssisədən digərinə köçürülməliydi. Belə olacağı təqdirdə. məsələn, aqrar sənayenin haqqı ticarətə və ya şadlıq evlərinin tikintisinə sərf edilməyəcəkdi.
İnsafən, yeni dövrün tələblərinə uyğun olaraq, qeyri-neft sektorunun inkişafında ən böyük əngələ çevrilən bəzi nazirliklərin rəhbər şəxsləri, xüsusilə MTN yetkililəri cəzalandırıldı. Bununla belə, ölkənin iqtisadi inkişafının qarşısını alan yalnız bu nazirlik də deyildi. İqtisadi sahələrə nəzarət edən digər qurumlar və komitələr də, ən azı, MTN qədər məsuliyyət daşıyırlar. Məmləkətin taleyi müzakirə mövzusu olduğu bir məqamda həmin əlaqədar qurumlar hara baxırdılar? Niyə bu cür cinayətlər vaxtında ortaya çıxarılmırdı?
Bu suallar öz hüquqi cavabını almayana qədər yalnız “iş adamı” adı altında talan süfrəsindən pay alanların cəzalandırılması ədalətin təntənəsi olmayacaq. Olsa-olsa, böyük balıqların kiçik balıqları yeməsi təəssüratını yaradacaq. Bu isə istər-istəməz ölkə iqtisadiyyatının daha çox təmərküzləşməsi deməkdir.
Ən pisi isə odur ki, bu siyasət nəticəsində ölkənin gələcəyinin qarantı olan iş dünyası da tamamilə sıradan çıxarıla və yenə iri oliqarxlara çevrilən məmur olmağı hədəfləyən insan tipi cəmiyyətin əsas idealı olaraq qala bilər. Bu da öz növbəsində yeni dövlət quruculuğu sahəsində ən böyük əngəlimizin davam etməsi deməkdir.
Heydər Oğuz
Strateq.az