Əlikram Hümbətovun erməni xalqına etdiyi müraciət nə qədər sərsəmdirsə, bəzi ultra-millətçi kəsimlərin ona verdiyi cavab da bir o qədər təhlükəlidir. Əslində, hər iki mövqe düşmən dəyirmanına su tökməyə, əsrlər boyu Azərbaycan xalqının formalaşdıran ortaq dəyərləri aşındırmağa, onu daxildən parçalamağa xidmət edir və sanki, eyni siyasi labaratoriyada hazırlanmış planın tərkib hissəsi təsiri bağışlayır. Bunu daha dərindən anlamaq üçün, gəlin, Əlikram Hümbətovun məlum bəyanatına və ona verilmiş reaksiyalara ötəri bir nəzər salaq.
özünü qondarma “Taliş-Muğan respublikası”nın prezidenti kimi təqdim edən Əlikram Hümbətov həmin müraciətində sözdə “soyqırım”a görə erməni xalqına başsağlığı verib və talış xalqının da eyni iztirabları yaşadığını vurğulayıb: “Biz talışlar bu qəbildən olan vəhşiliklərdən xəbərdarıq. Biz onunla elə bu gün də qarşılaşırıq. Azərbaycan Respublikasında bizimlə də belə davranıblar! Bizim də minlərlə sadiq oğullarımız MTN divarları arasında işgəncələrlə məhv edilib! Talışlar elə indi də öz doğma torpaqlarında qul vəziyyətində yaşayırlar!”
Sözsüz ki, baş separatçının bu sözləri həqiqəti əks etdirmir. Azərbaycanda, nə olsa da, milli ayrıseçkilik yoxdur. Elə anlaşılmasın ki, bu sözlərlə biz “rejimin amansız zülmü altında əzilən vətəndaşlar yoxdur” qənaətindəyik. Əsla belə demirik və desək də yalan olar. Bunu deyirik ki, mövcud zülm ayrıca götürülmüş hansısa etnik qrupa, tayfaya, regiona qarşı yox, bütövlüklə Azərbaycan toplumuna qarşı yönəlib. Sərvəti talanan, bir ovuc adamın istismarına məruz qalan, təkcə, hansısa zümrələr deyil, bütövlükdə Azərbaycan xalqıdır. Bütün bu zillətlərdən xilas olmağın yolu da türküylə, kürdüylə, talışıyla, ləzgisiylə… bütün xalqın birgə mübarizəsindən keçir. Bu gün olmasa belə, sabah bu xalq özünün qanını əmən vampir rejimə qarşı mübarizə aparacaq, toplumu zəiflədib səfil vəziyyətə salan və bu səfalət üzərində öz mini-imperatorluqlarını quran bir ovuc zümrəni tarixin qaranlıqlarına göməcək. Odur ki, get-gedə iqtisadi imkanları tükənən, ölkəni bürüyən haqsızlıqlardan, özbaşınalıqlardan cana doyan xalqın birgə mübarizədən başqa çarəsi yoxdur və açığı, proseslərin bu istiqamətə sürükləndiyini siyasi hakimiyyətin də hiss etdiyi sezilir.
Siyasi iradənin, hələ ki, bu istiqamətdə konkret addım atmamasının yeganə səbəbi isə xalqın istənilən reaksiyanı ortaya qoymamasındandır. Zamanla zülmə qarşı xalq etirazları ortaya çıxdıqca rejim də dala çəkiləcək, siyasi iradə güclü xalq dəstəyinə söykənərək radikal islahatlara ya könüllü şəkildə gedəcək, ya da getməyə məcbur olacaq. Nə yazıq ki, etnik separatizm həmin birgə mübarizənin qarşısını alır və sosial dinamikliyi əks-istiqamətə yönəldir. Bu mənada Əlikram Hümbətovun ermənipərəstliyi təkcə Azərbaycan türkünə zərər vurmaqla qalmır, elə talış xalqı da bundan əziyyət çəkir.
Azərbaycan xalqının qanını əmən oliqarx vampirizmi, Əlikram Hümbətovun qeyd etdiyi kimi, milli təməllər üzərində qurulmayıb. Bu gün həmin qanəmici vampirlər arasında türklə yanaşı, kürd də, talış da var. Açıq etiraf etmək lazımdır ki, müxtəlif etnik kimliklərə mənsub olan hər iri məmur öz tayfasını başına toplayaraq ölkənin bütün sərvətlərini ələ keçirmək uğrunda yarışır və öz istismar sahələrində monopoliyalar yaradıblar. Kim deyə bilər ki, milli mənsubiyyət baxımından talış olan şeyxülislam Allahşükür Paşazadə bu xalqa mənşəcə türk olan Kəmaləddin Heydərovdan və ya kürd əsilli Bəylər Əyyubovdan az zərbə vurur? Bəli, Azərbaycandakı amansız zülmün adı milli və ya regional hakimiyyət yox, tayfa istismarıdır. Gəlin, hər şeyin adını mahiyyətinə uyğun qoyaq. Əks halda bu mərəzin müalicəsi də doğru aparılmayacaq və hər birimizin üzərində yaşadığımız bu cənnət məkan əsl cəhənnəmə çevriləcək.
Əlikram Hümbətovun “erməni-talış qardaşlığı”ndan dəm vurması da gülünc olduğu qədər, adından danışdığı etnik qrupa təhqirdir. Nədən ki, Azərbaycan xalqının erməni separatizminə qarşı birgə mübarizəsində ən çox itki verən regionların başında talışların məskunlaşdığı yerlər gəlir. Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən “Lənkəran batalyonu”nun adı indi də dillər əzbəridir. 1990-cı illərin o qanlı döyüşlərində Cəlilabad, Masallı, Lerik, Lənkaran gəncləri misilsiz qəhrəmanlıqlar göstərmişlər. Bu gün talış dostlarımın böyük fəxrlə bildirdiyinə görə, o ağır günlərin qara xəbərləri bütün talış qapılarını döymüş, hər ev matəmə qərq olmuşdur. Kimisi övladına, kimisi ərinə, kimisi qardaşına ağlayırdı. Azərbaycanın daşını, torpağını qanla yoğuran tək türklər yox, həm də talışlar, ləzgilərdir. İndi kimsə qanları bir-birinə qarışan bu xalqın müxtəlif etnik qruplarını ayıra bilərmi? O zaman Qarabağda sızıldıyan şəhid ruhlarına nə cavab veriləcək?
Talış xalqı heç bir zaman özünü Azərbaycan türkündən ayrı hiss etməyib. öz gözəl maddi, mənəvi və mədəni örnəkləri, yaradıcı əqli gücləriylə milli-mənəvi dünyagörüşümüzün formalaşmasında misilsiz rollar oynayıb. Şəxsən mən bir Azərbaycan türkü kimi həmişə İkinci Dünya müharibəsinin ən böyük azərbaycanlı qəhrəmanı Həzi Aslanovla fəxr etmişəm. Mənim kimi milyonlarla azərbaycanlı da iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş Həzi Aslanovun hansı etnik qrupa mənsub olduğuyla maraqlanmayıb. ölkənin türkü də, kürdü də, ləzgisi də, talışı da 35 yaşında general-mayor adını almış bu insanı Azərbaycan xalq qəhrəmanlarının ən yuxarı zirvəsində görüb, görməkdədir. Bir milləti millət edən isə onun qəhrəmanlara duyduğu ehtiram, özünü ona bənzətmə gələnəyidir.
Bu gün Azərbaycan xalqının süfrələrini ləvəngilər bəzəyir. Talış əsilli şairlərin şeirlərini, foklor nümunələrini və musiqilərini heç bir fərq qoymadan hamımız dinləyir və feyzyab oluruq. Bu məmləkətin ən vətənpərvər şairlərindən sayılan Azad Talışoğlunun nəşr etdirdiyi kitablarının adı belə onun ölkəsinə nə qədər bağlı olduğundan xəbər verir. Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcılarından Gülhüseyn Hüseynoğlu həm də dövlət müstəqilliyimiz uğrunda ən çox cəfa çəkən və sınmayan ziyalımız kimi tanınıb. Düşüncələrini bəyənməsəm də, ziyalılığına böyük sayqı duyduğum mərhum Rafiq Tağı bu ölkəyə yeni nəfəs gətirən oğullardan biriydi. Yaxud talış və ya türk olduğunu bilmədiyim ən yaxın dostum, Azərbaycanın yaşayan klassiki Əlisa Nicatı necə özümüzdən saymaya bilərik? Bu gün ədəbi mühitdə yaradıcılığına ən çox sayqı duyduğum Mahirə Abdullayeva, Tofiq Həsənli, Mais Təmkin və başqa bu kimi şairlər söz sənətimizin inkişafında misilsiz rol oynayır, etnik mənşəyindən asılı olmayaraq hər kəs tərəfindən izlənir və təqdirlə qarşılanırlar.
Sabah Azərbaycanı Azərbaycan edən də məhz onlar olacaq. Bəlkə də 50 ildən sonra heç bir yeraltı zənginliyimiz qalmayacaq və ölkəni talayan
bir neçə nəfərin sərvətləri də yox olub gedəcək. Əlikram hümbətovların bu cəfəng sərsəmləməsi də yaşamayacaq. Adını çəkdiyim, çəkmədiyim insanların sözləri isə dillərdə dolaşacaq.
Sevindirici haldır ki, bu sərsəm açıqlamaya talış ziyalılarının da reaksiyası sərt oldu. Hətta heç vaxt fəaliyyətini təqdir etmədiyim MM-in üzvü Hadi Rəcəblinin mövqeyini də, ilk dəfədir ki, bəyəndim. Təəssüf ki, millət vəkilinin ürək yanğısıyla dilə gətirdiyi fikirlər bəzi ultra-millətçilər tərəfindən başqa yönlərə yozuldu. Onun “Bu gün Azərbaycanın Əkrəm Əylislisi də var, Əlikram Hümbətovu da var. Bu insanları ilk gündən Azərbaycan cəmiyyəti qəbul eləməyib. Bu adamlar bizim üçün xəyanətkardır. Əlikram Hümbətovdan hələ soruşmaq lazımdır ki, talışca bilir, ya yox?” fikirlərini türklərə həqarət kimi təqdim edənlərin məntiqi isə olduqca gülüncdü. Guya, Hadi Rəcəbli Əlikramın talış yox, türk olduğunu deməklə Azərbaycan türklərini təhqir edib.
Bu iddianı irəli sürən media mənsubları, sözsüz ki, öz xəbəruydurma marağından hərəkət edirlər. Amma unudurlar ki, kəskin reaksiyalarıyla əslində Əlikram Hümbətov və onun himayədarlarının əldə etmək istədiyi nəticəyə oynayırlar. Hansı ki, onların məqsədi minillərlə davam edən türk-talış qardaşlığını sarsıtmaq, onun yerinə heç vaxt peyvəndi tutmayacaq erməni-talış dostluğunu yaratmaqdır. Bu gün talışın müqqəddəs adını öz məkr qoxulu dilinə gətirən Əlikram Hümbətov da, onun sərsəmləməsinə sərsəmcəsinə reaksiya verənlər də eynı günaha batırlar. Əsl vətənpərvər adam belə vəziyyətlərdə bütün kiçik ambisiyalarını bir kənara atmalı və milli bütünlüyümüzün qorunmasını ön planda tutmalıdır.
Son olaraq belə aşırı vəziyyətləri tənqid etmək məqsədiylə qələmə aldığım bir rübaiylə yazımı tamamlamaq istəyirəm:
Dünya dediyin ov yeridir, kim kimi ovlar,
Gah ovçu ovu, gah da ki, ov ovçunu tovlar.
Aləmdə bəşər oğluna ən bağlı köpək də
Döysən, qaçaraq qonşuya ordan sənə havlar.
Heydər Oğuz