Qarşılaşdığımız ən ədalətsiz hadisələr zamanı çoxlarımızın ağlına belə bir fikir gəlir: “Vallah, billah, bu hadisədən başbilənlərimizin xəbəri yoxdur”. Az qala, bütün dünyanın xəbər tutduğu hadisədən bizimkilərin məlumatsızlığına heç vaxt inanmamışam. Amma, sən demə, bəzən həqiqətən də belə olurmuş. Bir neçə gün öncə Nepalda baş verən zəlzələ zamanı yaşanmış bir hadisə hakimiyyətlərin arada, həqiqətən, fil qulağında yatdıqlarından xəbər verir.
Nepaldan gələn bir məlumat bizimkilərin onlarla müqayisədə xeyli şükürlü olduğunu göstərir. Belə ki, ölkənin altını üstünə çevirən 7.8 bal gücündəki zəlzələdən Nepalın 78 yaşlı baş naziri hindistanlı həmkarının “Twetter”də paylaşdığı məlumatı oxuyaraq xəbər tutub. Siz də mənim kimi tərsə düşüb “bu qədər də olmaz” deməyin. Məlumat dəqiqdir. Nədən ki, onu Hindistanın baş naziri yayıb, Nepal rəsmiləri isə təsdiqləyiblər.
Hindistan baş nazirinin sözlərinə görə, zəlzələdən bir gün sonra ona zəng edən nepallı 78 yaşlı həmkarı “twet” üçün təşəkkürünü bildirib və bu paylaşım nəticəsində fəlakətdən xəbət tutduğunu etiraf edib. Nepalın Xarici İşlər naziri Mahendra Bahadur Pandey də Hindistanın IANS xəbər agentliyinə verdiyi açıqlamasında bu məlumatı təsdiqləyərək “”Tweet”-i gördükdən sonra detalları araşdırdıq” deyib.
Amma görünən budur ki, Nepal xalqı bizdən fərqli olaraq öz başbiləninin bixəbərliyini əfv etmək niyyətində deyil. Məlumata görə, zəlzələ nəticəsində minlərlə vətəndaşını itirən (ən son məlumata görə, 10.000) Nepal əhalisi qoca baş nazirlərini qınayır, bu qara xəbəri niyə öz köməkçilərindən yox, hansısa xarici ölkə yetkilisindən öyrəndiyini başa düşə bilmirlər. Halbuki, binəva 78 yaşlı qocanın bu bixəbərliyinin olduqca üzrlü bir səbəbi var.
üzrü, qətiyyən, onun yaşından irəli gəlmir. Bu qoca başbilən, Məşədi İbadın sözü olmasın, “nə qədər qoca olsa da, yüz cavana dəyər”. Məlumatı “Twetter”-dən öyrəndiyinə görə, deməli, dəydiyi yüz cavan kimi internetdən, sosial şəbəkələrdən başı çıxır və tez-tez oranı ziyarət də edir.
Yox, yox, onun üzrü heç zəlzələ baş verən vaxt ayağının altından yer qaçacaq, başı fırlanacaq qədər sərxoş olmasında da deyil. Nədən ki, ən azı, bəndəniz Nepal başbiləninin içki istimal edib etmədiyini də bilmir.
78 yaşlı Suşil Koyralanın yeraltı təkanı hiss etmədiyinin yalnız bir üzrlü səbəbi var. Həmin vaxt o, Taylandın paytaxtı Banqkokda imiş. Ziyarət üçün getdiyi İndoneziyadan geri qayıdarkən bir də özünü Taylandda həkimə göstərmək istəyib və bu səbəbdən ölkəsində baş verənlərdən xəbərsiz olub. Di gəl, bu məsumiyyəti belə yazığı qədirbilməz nepallıların qınağından sığortalaya bilmir.
Nepalın qoca başbilənini öz xalqıyla baş-başa buraxaq. Necə deyərlər, can onların, cəhənnəm Allahın. Amma nə deyirsiniz, deyin, mən nepallıların yerinə olsam, bu ağsaqqal kişini bir səbəbə görə əfv edərdim (Mən də azərbaycanlıyam axı, əfv etməyi tez bacarıram). O binəva bu yaşda belə özündən xeyli cavan olan digər başbilənlərə önəmli bir dərs verib. Sübut edib ki, hərdən sosial şəbəkələrə girməklə ölkəsində baş verənləri öz yaltaq və müti qulbeçələrinin verdiyi informasiyalardan kənar vasitələrlə də öyrənmək olar (Nə qədər gec olsa belə). İndi Şah Abbas dövrü deyil ki, gerçəkləri görmək üçün təğyiri-libas olub şəhərbəşəhər, kəndbəkənd ölkəni gəzəsən. Evində oturub, “Facebook”-da və ya “Twetter”-da hesab yaratmaqla məmləkət dərdlərini ya öz xalqının dilindən eşidə, ya da xarici qüvvələrin gözündən görə bilərsən.
Sizcə, tək bu səbəbə görə, Nepal başbilənini bağışlamaq olmaz?
Heydər Oğuz