XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

21 Fevral 2015 - 08:01

Zaman Putinə işləyir

heyderoguz.jpg

Heydər Oğuz

 

Azərbaycan “yaşıl ada” olmaq imkanına malik deyil

ABŞ və Qərb ölkələri bölgəni tərk etməyə məhkumdurlar

Azərbaycan getdikcə geopolitik mübarizələrin cövlan etdiyi gərginlik sahəsinə daxil olur. Artıq rəsmi Bakının bu zamana qədər sərgiləməyə çalışdığı balanslaşdırma siyasətini davam etdirmək mümkün deyil. Qarşı-qarşıya gələn beynəlxalq güc mərkəzləri arasında hansısa cinahda yer almalı, öz mövcudluğunu konkret siyasi davranışla qorumağa çalışmalısan. Zira, çarpışan iki tərəfin ortasında qalmaq həmişə başa bəlalar gətirir. Xüsusilə o zaman ki, bu tərəflərlə müqayisədə sən iki div arasında qalmış çırtdanı xatırladasan. Azərbaycan hakimiyyəti də beynəlxalq müstəvidə baş verənləri nəzərə alıb öz seçimini edib. Hakimiyyət əzəli qonşularının yanında yer almaqdadır.

Hakimiyyətin seçimi yanlış olmayıb

Bir çox avropapərəst siyasilər hakimiyyətin bu mövqeyini kəskin tənqid hədəfinə çevirsələr də zənnimcə, mövqe seçimi əsla yanlış olmayıb. Hətta deyərdim ki, ölkəmizi Yaxın Şərq bataqlığına yuvarlanmaqdan sığortalayan yeganə düzgün addım atılıb.

Məsələ təkcə onda deyil ki, ABŞ və onun diktəsiylə hərəkət edən Avropa müsəlman dünyasına demokratiya pərdəsi altında qan-qada, məzhəb müharibələri və dağıdılmış iqtisadi infrastruktur gətirir,  bu coğrafiyanı öz müstəmləkəçilik siyasətinin amansız qurbanına çevirir. Məsələ həm də ondadır ki, Azərbaycan istəsə də, istəməsə də ABŞ-ın düşmən elan etdiyi ölkələrlə eyni coğrafiyada yaşayır və yaşamağa məhkumdur. Yaxın qonşuların taleyi istər-istəməz onu da narahat edir və bu coğrafiyada yaşananlar ölkəmizin strateji maraqlarına birbaşa təsir göstərir.

İranın taleyi də bizi düşündürməlidir

Bu gün Avropanın aparıcı dövlətlərinin və ABŞ-ın sanksiyalar tətbiq etdiyi Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Xüsusilə son zamanlar bu ölkənin iş dünyasında önəmli söz sahibləri olan soydaşlarımızın taleyi də Rusiyanın bu prosesdən necə çıxacağından asılıdır. Eynilə həmin güc mərkəzlərinin bir başqa hədəfi durumuna gələn və Azərbaycan xalqının böyük hissəsinin yaşadığı İranın da taleyi bizi ciddi şəkildə düşündürməlidir. (Bəziləri geopolitik müstəvidə İran əleyhinə formalaşan beynəlxalq münasibətlərdən faydalanaraq Bütöv Azərbaycan xəyalları qursalar da, bu tezis rasional olmadığı qədər real da deyil. Gələcək yazılarımızda bu barədə öz mülahizə və təkliflərimizi daha ətraflı şəkildə açıqlayacağıq).

Gərginliyin kimin xeyrinə bitəcəyi müəmmalıdır

Məsələ həm də ondadır ki, son zamanlar Rusiya ilə Avropa arasında yaranan gərginliyin kimin xeyrinə bitəcəyi də müəmmalıdır. Baxmayaraq ki, bir çoxları sanksiyalar nəticəsində iqtisadiyyatı laxlayan Rusiyanın tezliklə batacağına ümid edirdilər. Məlum gərginliyin başladığı ilk günlərdə həqiqətən də bu ehtimal mümkün görünürdü. İndi isə bu məsələ barədə qəti fikir bildirmək mümkün deyil. Çünki zaman rəsmi Moskvanın xeyrinə işləyir. Getdikcə bu gərginliyin gətirə biləcəyi problemləri arxada buraxan Rusiya öz iqtisadi potensialından maksimum istifadə etməyə çalışır, ölkələrarası ticarət tərəfdaşlarını dəyişdirir və üzünü Qərbdən Şərqə yönəldir. Bu isə orientasiyasını dəyişən Rusiya qədər Qərbin də transmilli iqtisadi quruluşları üçün ciddi itkiylə nəticələnəcək. Zira, nəhəng bazar olan Rusiyanın itirilməsi asan həzm ediləcək məsələ deyil. Qərbin bu itkisi öz növbəsində Çin, İran, Türkiyə, Hindistan kimi inkişaf etməkdə olan dövlətlərin işinə yarayır, onların gücünü artırır.

Sanksiyaların Qərbin özünə qarşı yönələcəyi istisna olunmamalıdır

Məsələyə bu aspektdən yanaşanda həyata keçirilən iqtisadi sanksiyaların bu gün Rusiyaya zərəri olsa da perspektivdə Qərbin özünə qarşı yönələcəyi istisna olunmamalıdır. Təsadüfi deyil ki, Qərb dünyası artıq sanksiyaların ağır nəticələrini indidən hiss etməyə başlayıb. Bu yaxınlarda İspaniyanın Xarici İşlər naziri Manuel Garcia-Margallonun Brüsseldə sözügedən sanksiyaların müzakirəsi zamanı dilə gətirdiyi fikirlər bunun  bariz nümunəsidir. İspanıyanın baş diplomatının sözlərinə görə, sanksiyalar tətbiq olunandan bəri Avropa Birliyi ölkələri nə az, nə çox, düz 21 milyard avro itirib. Nəzərə alsaq ki, Avropa ölkələrinin 2013-cü ildə Rusiyaya ixracatı 119 milyard dollar həcmindəydi, deməli, bu rəqəm kifayət qədər böyük itki deməkdir.

Düzdür, sanksiyalar nəticəsində Rusiyanın itkisi bundan  2 dəfə çoxdur, fəqət, bu iqtisadi geriləmə əsasən neftin qiymətinin aşağı düşməsi nəticəsində ortaya çıxıb. Neftin qiyməti isə zaman keçdikcə sabitləşməyə doğru gedir. Artıq son günlər dünya borsalarında xam və Brend markalı neftin qiymətinin tədricən artması halları müşahidə olunur. Bir müddət öncə qiymətlərin 40 dollar həddinə qədər enəcəyini proqnozlaşdıran və bunu kritik hədd kimi təqdim edən iqtisadçı analtiklərin fikirlərinin əksinə olaraq 1 barel neftin dəyəri 50 dolları keçir və getdikcə yüksəlmə trendi göstərir.

Dünyanın yeni bir güc mərkəzi…

Sabitləşən neft qiymətləri istər-istəməz Rusiya iqtisadiyyatını da rahatladır, ətraf ölkələrlə qurulan iqtisadi əməkdaşlıqlar dünyada yeni bir güc mərkəzinin ortaya çıxmasına rəvac verir. Təkqütblü dünya düzənini getdikcə tarazlaşdıran bu yeni güc mərkəzinin ən aparıcı subyektlərindən biri Rusiya, digərləri isə dünya iqtisadiyyatında getdikcə ABŞ-ı belə sıxışdıran Çin, ciddi sıçrayışlar nəticəsində artıq böyük dövlət olmaq hədəfinə doğru irəliləyən Türkiyə və bir çox məsələlərdə öz sözünü deməyi bacaran, hətta nüvə ölkəsinə çevrilmə yolunda iri addımlar atmağa çalışan İrandır. Təbii ki, Azərbaycanın ortaya çıxan bu yeni ittifaq arasında “yaşıl ada” olmaq imkanı yoxdur.

Digər tərəfdən əlinə düşən tarixi fürsəti düzgün qiymətləndirməyən, dünyanın ən mütərəqqi ideyasının daşıyıcısı olmaq imkanını ən amansız imperialist siyasətə qurban verən ABŞ və Avropa ölkələri də tədricən öz qınlarına çəkilməkdədirlər. Qanlı və qeyri-bərabər müharibələr, amansız işğal siyasətləri nəticəsində dünya ağalığına can atan Qərb hərbi gücüylə əldə etdiklərini artıq qorumaq əzmində deyil. ABŞ-ın istər Əfqanıstan, istərsə də Yaxın Şərq ölkələrinə yönəltdiyi ordu hissələri öz boğazına yük olduğundan artıq geri çəkilmək məcburiyyətindədir. Geri çəkildikcə isə arxasında darmadağın olunmuş xarabalıqlar, gözü yaşlı analar, yetim körpələr buraxır. Bu da öz növbəsində onun dünyadakı nüfuzuna ağır zərbələr vurur, siyasi təsir gücünü azaldır.

“Demokratiya” adı altında yürüdülən neo-imperialist siyasət

Üstəlik, “demokratiya” adı altında yürüdülən neo-imperialist siyasət də əslində ABŞ-ın iqtisadi potensialına deyil, Şərq ölkələrinin işinə yarayır. İstehsal etdiyi bahalı malları darmadağın edilmiş xarabalıqların pul kisəsinə uyğun olmadığından ABŞ iqtisadiyyatı potensial bazarlarından geri çəkilmək və öz yerini ucuz qiymətli Şərq mallarına vermək məcburiyyətində qalır. Beləcə, öz militarist siyasətinin qurbanı olan ABŞ və Qərb ölkələri heç bir nəticə əldə etmədən, ciddi maliyyə itkisinə məruz qalaraq bölgələrdəki şələ-şülələrini toplayıb suyu süzülə-süzülə öz obalarına qayıdırlar.

ABŞ iqtisadiyyatına ağır yük olan ordusunu yalnız Şərq dövlətlərindən  geri çəkmir. Son zamanlar onun Qərb ölkələrindəki hərbi bazalarının da fəaliyyətini dayandırması müşahidə olunur. Bir müddət öncə Pentaqonun verdiyi məlumata görə, ABŞ qənaət məqsədilə Avropadakı 15 hərbi bazanın fəaliyyətini dayandıracaqdır. Hərbi qüvvələrdə qənaət əslində istənilən imperialist bir dövlət üçün “sonun başlanğıcı”nın ilk işarəsidir. Bu mənada ABŞ-ın indiki vəziyyəti  1980-ci illərin sonlarındakı SSRİ-nin halını xatırladır. Xatırlayırsınızsa, o zaman SSRİ də çökməkdə olan iqtisadiyyatının tələbləriylə Avropadakı hərbi qüvvələrini geri çəkirdi. Bu “özünəqayıdış” daha sonra dünya düzənini dərindən sarsıdacaq iflasla nəticələnmişdi.

ABŞ bir daha təkqütblü super gücə çevriləcək qədər güclü deyil

Sözsüz ki, bu gün ABŞ-ın iqtisadi potensialı onun çöküşünü xeyli uzada biləcək gücdədir. Fəqət, bu potensial həmin ölkəni bir daha təkqütblü super gücə çevirəcək qədər güclü deyil. Bu vəziyyət Azərbaycana yenicə təşəkkül tapan beynəlxalq siyasi ittifaqın ortasında daha fərqli mövqe tutmaq imkanı vermir, verə də bilməz.

Sözsüz ki, Azərbaycanın bu məcburiyyətlər qarşısında qazana biləcəyi potensial uğurları da az deyil. Postsovet ölkələrinin arasında yaranacağı gözlənilən iqtisadi və mədəni əlaqələr onun iqtisadi imkanlarını artırmaqla qalmayacaq və xüsusilə türk dünyası arasında hər cür körpü rolunu oynaya biləcək. Yaranması ehtimal olunan yeni əməkdaşlıqlarda Türkiyənin də yer alması taleyin bizə bəxş etdiyi nadir fürsətlərdəndir.

Məlum olduğu kimi Türkiyənin yerləşdiyi geostrateji məkan yaranmağa başlayan yeni siyasi və iqtisadi əməkdaşlıq ittifaqlarında onu kilid dövlətə çevirir. Belə ki, Rusiyanın Qərb qonşuları Avropa Birliyinə daxil olub və zəif iqtisadi güclərindən dolayı, faktiki olaraq bu birliyin boyunduruğu altına düşüblər. Müstəqil siyasət yürütmək imkanlarından məhrum olan bu dövlətlər Ukrayna böhranından sonra Rusiyadan xoflanır və daha çox Qərbə bağlanırlar. Qərb isə Rusiyanı iqtisadi  sanksiyalarla dizə gətirmək arayışındadır. Faktiki olaraq yeni bazar axtarışlarında həm bazar, həm tranzit ölkə durumuna gəlmiş Türkiyəylə yaxın əməkdaşlıq Rusiya üçün yeganə çıxış yolu kimi görünür. Türk iş adamları üçün isə Rusiya Allahın göydən zənbillə endirdiyi nemət mahiyyətindədir. İki qonşu arasında rahatlıqla ünsiyyət qura biləcək ən şanslı xalqlardan biri azərbaycanlılardır. Hər iki tərəflə ünsiyyət problemi yaşamayan Azərbaycan xalqı Türkiyənin Rusiyayla danışan dili, güvənc yeri, Rusiyanın isə onu iqtisadi böhrandan çıxaran qarantı ola bilər. Ölkə hakimiyyəti sahib olduğumuz bu potensialdan və insan kapitalından düzgün istifadə etməli, yaranmış fürsəti layiqincə qiymətləndirməlidir.

Rusiya ilə Qərbi üz-üzə gətirən geopolitik qarşıdurma nəticəsində ortaya çıxacağına ümid etdiyimiz ən mühüm situasiyalardan biri də bir-biriylə əməkdaşlığa məhkum olan dövlətlərin milli kimlikləridir. Müstəqillik qazandıqdan sonra pis-yaxşı öz milli dəyərlərini bərpa edən türk xalqları bu ittifaqlarda mühüm rol oynayacaqlar. Türkiyənin iqtisadi potensialı  və Azərbaycanın bu potensialı qüvvəyə çevirmək gücü türklüyün tarixdə yenidən öz qınından sıyrılmasıyla nəticələnməsinə doğru apara bilər. Bu gün nə qədər zəif ehtimal kimi görünsə də bu perspektiv əsla istisna edilməməli, duruma görə strateji hədəflər müəyyənləşdirilməli, həmin məqsəd və məramlar düşünülmüş ardıcıllıqla həyata keçirilməlidir.