Heydər Oğuz
Son zamanlar bütün Yaxın Şərq ölkələrinin, demək olar ki, hamısını ABŞ-ın İranla yaxınlaşması ehtimalı narahat edir. Bir neçə gün öncə okeanın o tayına gedən İsrailin Baş naziri Benjamin Netahyahu ölkə Konqressində çıxış edərək ABŞ hökumətinin İran siyasətini bərk tənqid etmişdi. Onun sözlərinə görə, İŞİD-ə qarşı mübarizədə ortaq maraqlar bu iki ölkəni dosta çevirə bilməz: “İran hər zaman Amerikanın düşməni olmuş və olacaq”.
Netanyahunun 40 dəqiqəlik çıxışı ABŞ-da ciddi əks-səda doğurdu. çıxışı şərh edən Barak Obama İsrailin Baş nazirinin yeni heç bir şey demədiyini və problemin həll yolunu göstərmədiyini bildirdi. ABŞ prezidentinə görə, nə illərdən bəri həyata keçirilən iqtisadi embarqonun davam etdirilməsi, nə də hərbi müdaxilə bu məsələnin həllində heç bir rol oynaya bilməz. Odur ki, dialoq yoluyla problemin çözümünə çalışmaq lazımdır və bu fürsəti bir kənara atmaq rasionallıqdan uzaqdır.
Maraqlıdır ki, prezident Obamanın bu sözləri yalnız İsraildə şok effekti yaratmaqla qalmadı, başda Səudiyyə Ərəbistanı olmaqla bir çox ərəb dünyasında narahatlığa səbəb oldu. Verilən məlumata görə, Ağ ev administrasiyasının xarici məsələlər üzrə dövlət katibi Jon Kerrinin Səudiyyə Ərəbistanına təcili səfərinin arxasında bu nigarançılıq dururdu.
Bir neçə gün bundan əvvəl ölkənin yeni kralı Salman ibn Əbdüləzizlə bir araya gələn ABŞ-ın baş diplomatı daha sonra Riyada toplaşan digər ərəb ölkələrinin baş nazirləriylə də görüşüb. Aralarında Qətər, Kuveyt, Birləşmiş Ərəb Əmirlikləri, Əmman və Bəhreyn xarici işlər nazirlərinin də olduğu geniş heyətlə görüşündə Con Kerrinin onları İranla aparılan müzakirələr barədə məlumatlandırdığı bildirilir. ABŞ dövlət katibinin “strateji müttəfiq”lərini İranın atom silahına sahiblənməsinə heç bir vəchlə icazə verməyəcəklərinə əmin etməyə çalışdığı gələn bilgilər arasındadır.
Görünən budur ki, Kerrinin bu sözləri müttəfiqlərini inandırmağa yetməyib. Onlar İran təhdidindən sığortalanmaq üçün silahlanma yarışına girməkdədirlər. Bir müddət əvvəl 25 milyard dollarlıq xərc çəkərək Körfəzdə hərbi baza yaradıb onu İngiltərənin istifadəsinə verməyi planlaşdıran Bəhreyndən sonra bir sıra ərəb ölkələri də ABŞ istehsalı THAAD adlı raketdənmüdafiə qurğusu almaq niyyətindədir. Qeyd edək ki, birinin qiyməti hardasa 2 milyard dollar olan bu qurğu kifayət qədər bahalı silahdır.
Ərəb ölkələrinin bu nigaranlığı əslində əsassız da deyil. Son zamanlar İŞİD-ə qarşı mübarizədə həqiqətən də ABŞ və İran arasında elan olunmamış müttəfiqlik sezilir. Əsasən Səudiyyə Ərəbistanı, Birləşik Ərəb Əmirliyi və Küveyt tərəfindən dəstəklənən İŞİD-in ABŞ-ın maraqlarından kənara çıxması rəsmi Vaşintqonun ona qarşı cəbhə açmasına səbəb oldu. özünü “İslam dövləti” adlandıran qurumun xüsusilə Şimali İraq neftinin Aralıq dənizinə daşınması marşrutunda yaratdığı əngəllər, bölgəsəl kürd hakimiyyətini təhdid altında saxlaması və ABŞ-li bir neçə jurnalisti qətlə yetirməsi müttəfiqlərin ona qarşı birgə mübarizəsini şərtləndirdi.
Əvvəl yalnız hava hücumlarıyla İŞİD-i yerində oturtmağı hədəfləyən kaolission qüvvələri bu taktikanın yetərsiz olduğunu anladılar. Hətta Pentaqonun bir müddət əvvəlki etirafına görə, hava hücumları 90% hədəfdən yayınır və bu metod heç bir effekt vermirdi. İŞİD-lə mübarizədə acizliyini etiraf edən ABŞ Müdafiə Naziri Hageli məhz bu “fərsizliyinə” görə istefaya göndərən ABŞ administrasiyası hərbi taktikasını dəyişməyə qərar verdi. İŞİD-lə mübarizədə yalnız “havadan asılı vəziyyətdə qalmamalı”, piyada qüvvələriylə də hadisələrə müdaxilə edilməliydi.
Di gəl ki, ABŞ-ın bu yeni taktikasına bölgədəki müttəfiqləri arasında isti baxan yox idi. Bir zamanlar özləri tərəfindən maliyyələşərək ortaya çıxan İŞİD-ə qarşı mübarizə ərəb ölkələrində ictimai narazılığı artırar və onsuz da “ərəb baharından” sonra xeyli laxlayan krallıq taxtlarını çökdürə bilərdi. Odur ki, heç bir ərəb dövləti ağrımayan başına duz bağlamaq istəmirdi.
Ərəb ölkələrinin böyük ümidlə baxdığı Türkiyə də öz “mehmetçiyini” kimlərinsə maraqları naminə fəda edəcək qədər sadəlövh deyildi. Yeganə çarə radikal sunni silahlılarına qarşı radikal şiələri çıxarmaq idi. Bu məsələdə isə ən “fədakar” dövlət kimi İran gözə dəyirdi.
Bölgədə təsir gücünü artırmaq istəyən İran üçün Yaxın Şərqdə yaranmış bu qeyri-müəyyənlik ələ düşən gözəl fürsət kimi dəyərləndirilirdi. Ətrafında baş verən hadisələrdə rol almağı bir dövlət olaraq öz nüfuzunu artırmaq kimi qəbul edən rəsmi Tehran İranın yer almadığı Yaxın Şərqdə heç bir problemin çözülə bilməyəcəyini açıq şəkildə dillə gətirirdi.
Son zamanlar İŞİD-ə qarşı mübarizədə yaşananlar isə İranın bu mesajlarının ciddiyə alındığından xəbər verir. Maraqlıdır ki, hazırda bəzi ərəb ölkələrinin belə yer aldığı koalission qüvvələrinin havadan hücumlarından sonra İranın təsiri altında olan İraq ordusu hücuma keçir, bir sıra İŞİD qalalarını ələ keçirir. İran təsirinin güclü olduğu Suriya da boş dayanmır, bir sıra uğurlu hərbi əməliyyatlara imza atır.
Rəsmi Dəməşqin İŞİD-dən daha çox, əl-Nusra silahlılarına qarşı döyüşməsi səbəbsiz deyil. Suriyada İŞİD kürd separatçılarının mərkəzi Kolani uğrunda mübarizə aparır ki, bu da Bəşər Əsəd rejiminin işinə gəlir. İki müxalif qüvvənin bir-birinə qarşı mübarizəsini kənardan izləmək taktikasına üstünlük verən Suriya ordusu əl-Nusra komandirlərinin toplandığı yığıncağı hədəf alaraq bu radikal qruplaşmanı faktiki başsız qoydu. Bundan sonra əl-Nusra silahlılarının nə İŞİD-ə, nə də kürd silahlılarına qoşulmaq imkanları yoxdur. Zira İŞİD-dən ayrılan bu qruplaşma keçmiş silahdaşları tərəfindən mürtəd elan olunub və bir-birlərinə qarşı amansız mübarizə aparırlar. Mürtədləri kafirdən daha pis cəzalandıran İŞİD-ə yönəlmə imkanlarını itirən əl-Nusranın ateist PKK-nın Suriya qolu kimi bilinən YPG sıralarına qatılması da mümkün deyil. özləri isə rəhbərsiz hərəkət edə bilməyəcəklərindən əl-Nusranın taleyi birdəfəlik həll olunmuş kimi görünür.
YPG ilə İŞİD qüvvələrinin bir-birini məhv edəcəyini düşünən Suriya hələlik Qərb dövlətlərinin ağır təzyiqlərindən rahatlıq tapa bilər. Bu fürsət həqiqətən də ona boğulan bir adama verilmış nəfəslik qədər qiymətlidir.
Beləcə, həm İ
raqda, həm də Suriyada öz mövqeyini gücləndirən İranın yalnız bu bölgəylə kifayətlənməyəcəyi ortadadır. O, Yəməndə də öz təsir gücünü artırmaq əzmindədir. Təsadüfi deyil ki, ötən ilin avqust ayında dövlət çevrilişi edən xusilərin Yəməndə hakimiyyətə gəlməsi bir sıra ərəb politoloqları tərəfindən Səudiyə imperatorluğunun İran qarşısında məğlubiyyəti kimi dəyərləndilir.
Amma Səudiyyə Ərəbistanı da bu məğlubiyyətlə barışmaq istəmir, ölkənin şimalında yerləşən Ədənə qaçan keçmiş prezident Əbdul-rəbb Mənsur Hadini dəstəkləyir. Faktiki olaraq sünni və şiə hakimiyyətlər arasında bölünən Yaxın Şərqin ən kasıb ölkəsi yaxın gələcəkdə məzhəb savaşlarının növbəti poliqonuna çevrilə bilər. Bu yeni hərb meydanında Yəmən xalqı üz-üzə gəlsə də əslində Səudiyyə Ərəbistanıyla İranın çarpışacağı mütləqdir.
Göründüyü kimi Yaxın Şərq ölkələrində İŞİD-ə qarşı aparılan mübarizənin əsas məqsədi baş kəsən, tarixi yerləri partladan dini ekstrimizmi ortadan qaldırmaq deyil. Əksinə daha genişmiqyaslı müharibələrə yol açmaqdır. Azərbaycan nə qədər Yaxın Şərq coğrafiyasından uzaqda yerləşsə də orda atılan hər mərminin bizə də mütləq bir təsiri olacaq. Məsələ təkcə onda deyil ki, bu coğrafiyada üz-üzə gələn qüvvələr bizim də əhatə dairəsinə girdiyimiz İslam mədəniyyətinə bir parçasıdır və tökülən qan müsəlman qanıdır. Məsələ həm də ondadır ki, Yaxın Şərq dünyasının yenidən nizamlanması üçün həyata keçirilən bu qanlı layihədə Azərbaycan övladları da iştirak edirlər. Verilən məlumatlara inansaq, hazırda İŞİD qüvvələrinin hardasa 10%-ni Azərbaycan sələfiləri təşkil edir və digər cəbhənin hərəkətverici qüvvəsi İran da bizdən çox uzaqda deyil.
Bu mənada Yaxın Şərqdəki problemlərin Azəbaycan dindarları arasında da ciddi qarşıdurmalar yaratmaq potensialı var və ölkə yetkililəri bu ehtimalı gözardı etməməli, proflaktik tədbirlər görməlidir.