XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 March 2015 - 15:10

Boko-Haram gerçəyi

Heydər Oğuz

I yazı

Sələfi informasiya mənbələri bu yaxınlarda Boko-Haram liderininin İŞİD rəhbəri Əbubəkir Bağdadiyə biət etməsi xəbəriylə öz tərəfdarlarını müjdələdi. Afrikadan xeyli uzaqda yerləşən Azərbaycan oxucusu üçün bu ad yeni olsa da Boko-Haram artıq neçə illərdir ki, dünya ictimaiyyətinin əsas müzakirə mövzusuna çevrilib. Biz də özəlliklə Qərbi Afrikanın baş bəlasına çevrilən qurumun sirr pərdəsini araşdırmaq və bu barədə oxucularımızı məlumatlandırmaq qərarına gəldik. Beləliklə, Boko-Haram nədir, onun İŞİD sıralarına qoşulması sələfi görüşlü dindarlar tərəfindən niyə bu qədər təntənəylə qarşılanır?

Image result for Boko haramın kurucusu Muhammed Yusif kimdir?

Boko-Haram Nigeriyada yaranıb çad gölü ərtarında yerləşən bir çox Afrika ölkələrini təhdid edən islamçı hərəkatdır. Təşkilat 2002-ci ildə şəriət dövləti qurmaq məfkurəsiylə yaranıb. Onun qurucusu Məhəmməd Yusif 2002-ci ildə tanış olduğu Mahmud Cəfər adlı vəhabidən aldığı təlimi daha da təkmilləşdirib və bütün Qərb dəyərlərinə qarşı çıxıb, hətta İslami elmlər xaricində hər hansı elmi öyrənməyi belə bidət hesab etmişdir. Təşkilat da adını bu düşüncədən alır, yerli dildə “Qərb tərzli bütün təhsillər haramdır” mənasına gəlir.

Məhəmməd Yusifin bu aşırılığı, hətta onun vəhabi ustadı Mahmud Cəfəri belə narahat etmiş, dəfələrlə ona öz iradlarını bildirmişdi. Müəlliminin iradlarıyla razılaşmadan yoluna davam edən Məhəmmədin ortaya qoyduğu bu nəzəriyyə tezliklə Nigeriyada rəğbətlə qarşılanmış, Qərb imperializminə qarşı nifrət duyan gənclər arasında geniş yayılmışdır.

2009-cu ildə ölkədə mövcud rejimə qarşı radikal dini müxalifətin yarandığını və getdikcə böyüdüyünü görən Nigeriya prezidenti Boko-Haram hərəkatının tezliklə bitirilməsini tələb etmişdir. Siyasi iradənin bu tələbinə əhəmiyyət verməyən Məhəmməd Yusif qısa müddətdən sonra həbsə atılmış və məhbəsdə öldürülmüşdür.

Boko-Haram üzvlərinin arasında ciddi təlatüm yaradan bu qətl qisas terrorlarıyla müşahidə olunmuşdur. Beləcə, getdikcə ən radikal dini-eksrimist hərəkata çevrilən təşkilat son 5 il ərzində minlərlə qətl hadisəsi törətmiş, yüzminlərlə inasanın yurdundan yuvasından didərgin düşməsinə səbəb olmuşdur.

Verilən məlumatlara görə, təkcə ötən il “Afrika İŞİD-nin” şiddətindən qaçan insanların sayı 250 mindən artıqdır. ümumiyyətlə isə indiyə qədər didərgin düşənlərin sayının 2 milyona yaxınlşadığı, bəlkə də bu rəqəmi belə keçdiyi iddia olunur. Məsələ burasındadır ki, Boko-Haramın ələ keçirib yandırdığı kənd və qəsəbələrdən qaçanların dəqiq hesabını çıxarmaq mümkün deyil. Nigeriya, Niger, çad, Kamerunda qurulan onlarla qaçqın düşərgəsinə sığınan vətəndaşlar terror qoxusu səbəbiylə tez-tez yerini dəyişib dəfələrlə qaçqın durumuna düşdüklərindən onların gerçək sayı bilinmir.

Hazırda Boko-Harama qarşı mübarizə aparan qüvvələr yalnız çad gölü hövzəsində yerləşən ölkələr deyil. Konqo Respublikası, Qabon, Mərkəzi Afrika Respublikası, Ekvatorial Qvineya, Burundi, Anqola, Konqo Demokratik Respublikası da sözü gedən təşkilata qarşı əllərindən gələni etməyə çalışırlar. Adı çəkilən ölkələrin dövlət başçıları bu yaxınlarda Kamerunun paytaxtna toplaşaraq birgə mübarizə yollarını müzakirə ediblər.

Bütün səylərə baxmayaraq Boko-haramı dayandırmaq mümkün olmayıb. O, cəmi bir neçə il ərzində öz təsir sahəsini genişləndirərək Kameruna və Nigerə də sıçrayıb. Hələ ki, çadda qeydədəyər terror hadisəsi gerçəkləşdirə bilməyən təşkilatın yaxın zamanlarda oraya da sıçrayacağından ehtiyat edilir.

Image result for Boko haramın kurucusu Muhammed Yusif kimdir?

Sual oluna bilər-Boko-Haramı bu qədər güclü qılan, onu az qala bütün Afrikanın baş ağrısına çevirən qüvvəsi hardandır? Niyə bütün bəşəri dəyərləri inkar edən təşkilatın ideya və məfkurəsi Qərbi Afrika ölkələrində belə sürətlə yayılır? Xüsusilə də nigeriyalı gənclərin arasında Qərb dəyərlərinə bu qədər nifrətin səbəbi nədir?

Fikrimcə, bu sualın cavabını iki önəmli faktorda axtarmalıyıq. Başlıca faktor Nigeriyanın daxili siyasi və iqtisadi durumu, keşmiş tarixi yaddaşıdır. Daha keçmişlərə getsək, 140 milyon əhalisi olan bu məmləkət hələ 15-ci ərsdən etibarən Qərb dünyasını tanıyır. İngilis və ispan qul tacirlərinin kəşf etdiyi Nigeriya Ağ dünyanın ən böyük kölə bazası kimi ad çıxarmışdır. 350 il davam edən kölə ticarəti zamanı 20 milyondan artıq nigeriyalının qul bazarında satıldığı təxmin edilir.

Birinci Dünya Müharibəsinə qədər davam edən bu insan ticarəti nigeriyalıların, təbii ki, dərin nifrətinə səbəb olmuş, özəlliklə müharibədən sonra ölkə üsyanlarla çalxanmışdır. II Dünya hərbinə qədər sürən bu üsyanlar sonunda ingilisləri geri çəkilməyə məcbur etmiş və Nigeriyaya muxtar hüquqlar verilmişdir. Beləcə indiki dövlətin əsası qoyulmuş, 1959-cu ildə Nigeriyada ilk seçkilər keçirilmişdir. Seçkilər nəticəsində hakimiyyətə gələn Xalqlar Konqresi Partiyası ölkənin suverenliyi uğrunda səylərini artırmış və 4 ildən sonra müstəqillik elan olunmuşdur.

Di gəl ki, ingilislər zəngin təbii sərvətləri, yerüstü və yeraltı qaynaqları olan ölkəni əldən buraxmaq istəməmiş, 1965-ci ildə burda Afrikanın ən böyük vətəndaş müharibəsini çıxarmışlar.

Nigeriya əhalisinin etnik tərkibi də vətəndaş müharibəsi üçün münbit zəmin hazırlayır. ölkədə yüzlərlə qəbilə və hər qəbilənin özlərinə uyğun dili var. Vətəndaşlarının yarıya qədəri müsəlmandır. Bundan başqa xristian, bütpərəstlər də xeyli saydadır. Əhalinin çoxluğu, ölkə sərvətlərinin yalnız bir qrupun əlində cəmləşməsi istər-istəməz vətəndaş qarşıdurmasının yolunu açır. Bütün bunlardan gözəl istifadə edən Qərb ölkələri Nigeriyanın özlərindən asılılığını təmin etmək naminə rahatlıqla vətəndaş qarşıdurmaları yarada bilirlər.

Bir sözlə, ölkə əhalisinin yüzillərlərdən bəri davam edən Qərb zülmünə qarşı reaksiyası və savad səviyyəsinin aşağı olması (Nigeriya xalqının yarısı yazıb-oxumaq bilmir) Boko-Haram tipli cərəyanların formalaşması üçün münbit zəmin hazırlayır.

1970-ci illərdə Nigeriyada kəşf olunan neft yataqları həmin daxili müharibələrin müvəqqəti səngiməsinə yol açmışdır. Belə ki, neft ehtiyatına görə, dünyanın 7-ci ölkəsi olan Nigeriyanın əhalisi təbii sərvətlərdən
gələn kapital sayəsində bir qədər toxdadı, rifaha qovuşdu. Nə yazıq ki, bu rifah da uzun sürmədi. Təkqütblü dünyanın acgözlüyü yenidən bu xalqı səfalət durumuna saldı. Oratalama aylıq gəlirlərin 350 ABŞ dolları civarında olan ölkədə sosial təbəqələr arasındakı uçurumlar vətəndaş müharibələrinin qızışdırılmasında mühüm rol oyanyır.

İnsafən, qeyd edək ki, Nigeriya xalqı yalnız ingilislər tərəfindən bir-birinə qırdırılmır. Son zamanlar ABŞ, çin, Fransa, Almaniya kimi dövlətlər də Afrikanın yenidən bölüşdürülməsi uğrunda rəqabət aparırlar. ABŞ-ın xarici işlər üzrə dövlət katibinin müavini Martin İndikin 1993-cü ildə Əlcəzairdə rəsmi səfərdə olarkən bu ölkədəki fransız hegemoniyasını yıxmaq vədində bulunması Afrika uğrunda amansız rəqabətin ən gözəl etiraflarından biridir.

Nigeriya coğrafi baxımdan Əlcazairdən uzaqda yerləşsə də hər halda fransız və anqlo-sakson imperalizminin maraq dairələrindən uzaqda deyil. Belə ki, ölkəylə həmsərhəd olan Niger, Fransanın keçmiş kaloniyası olub. “Keçmiş kaloniya bu günkü arxa bağçadır” məntiqinin keçərli olduğu müstəmləkələr dünyasında Fransa da bu ölkənin siyasi hakimiyyətini müəyyənləşdirən MSK kimi özünü aparır.

Niger Fransa üçün həm də enerji mənbəyidir. Atom – elekrik stansiyalarıyla öz enerji ehtiyatını təmin edən rəsmi Paris nüvə yanacağının 80 faizini Nigerdən alır. Dünyanın ən kasıb ölkəsi olan bu diyarda indi çin, Amerika, ingilis və alman şirkətləri də iş görmək istəyirlər. Verilən məlumatlara görə, 2000-ci ildə ölkələrarası ticarət əlaqələrində xeyli irəlidə olan Fransa indi öz arxa bağçasında xüsusilə çin və ABŞ-a uduzur. Bu da istər-istəməz imperialist maraqların toqquşmasına səbəb olur və Afrikaya ciddi bədəllər ödədir.

Image result for Hollande

Françoiz Hollandın hakimiyyətə gəlməsiylə Afrika siyasətinə xüsusi diqqət ayıran Fransanın “Charlie Hebdo” jurnalında törədilən terror hadisəsinin də geopolitik mübarizədən qaynaqlandığını bildirən bəzi ekspertlər elə həmin gün Boko-Haramın Nigeriyanın Baga bölgəsində həyata keçirdiyi terrora diqqət çəkirlər. Həmin qətliam nəticəsində 2000-dən artıq adam güllələnmiş, 3700 ev və işyeri qismən və ya tamamən yandırılmışdır. Xarici mətbuat orqanlarına düşən digər məlumatlara görə, Boko-Haramın əlindəki silahların 40%-i fransız istehsalıdır.

Bütün bunlar anqlo-sakson imperialist maraqlarının Afrikadakı ən böyük müstəmləkəsi olan Nigeriyada baş verən hadisələrin əslində imperialist hesablaşmalar olduğu barədə ehtimalları qüvvətləndirir. Baxmayaraq ki, Boko-Haram zaman-zaman Fransanın arxa bağçası sayılan Nigerdə də öz varlığını hiss etdirir. Fəqət bu, bəzən sözə baxmayıb başqa məhəlləyə veyillənməyə gedən uşağın qulağının burulmasına bənzər cəza tədbiri də ola bilər.

Məsələyə bu aspektdən yanaşanda aqlo-sakson imperializminin qələmini qırdığı İŞİD-ə Boko-Haramdan dəstək gəlməsinin heç də təsadüf olmadığını ortaya qoyur.

Müəllifdən: Bu istiqamətdə araşdırmalarımızı davam etdirəcəyik.