Ey zavallı millət!
Səhv etmirəmsə, İranla “altılıq”ların razılığa gəlməsini eşidib “neftin qiyməti düşəcək” deyə qarın ağrısına düşübsən. Bəs, ondan da xəbərin varmı ki, İran neftinin tam gücüylə dünya bazarına axışı təmin olunsa, Azərbaycan neft ixracatçısı kimi əhəmiyyətini tamamilə itirə bilər? Bu qədər zəhmətə, Azərbaycan liderlərinin nazını çəkməyə dəyməyəcəyini düşünən partnyorlarımızın bizdən, ümumiyyətlə, neft almamaq ehtimalı belə var.
Lütfən, bu sözləri eşidincə, “şair yenə bəd ağzını açdı” deyib, bəndəni qınama. Nədən ki, bu iddianın sahibi mən deyiləm. Dünyanın bir sıra neft strateqləri belə deyir. Məsələn, onlardan biri Türkiyəli strateq Əhməd Mergendir. Mütəxəssis bir neçə müddət əvvəl qələmə aldığı “Neft qiymətləri nədən düşür” adlı məqaləsində eynilə belə deyir: “Son ucuzlaşmanın bir barel nefti 60-65 dollardan hesablayıb planlar quran neft istehsalçılarına (bizimkilər 90 dollardan hesablamışdı-Heydər Oğuz) mənfi təsir göstərəcəyini demək nə qədər tez olsa da, bəzi istehsalçıların, ümumiyyətlə, dövriyyədən çıxacağı təxmin olunur”.
Düzdür, Əhməd Mergen əfəndi konkret ad çəkmir. Amma İran neftinin üzərindəki sanksiyaların götürüləcəyi təqdirdə bəzi kiçik həcmdə neft çıxarılan quyuların işlədilməyəcəyini, hətta onun istehsalçıyla biznes əlaqələrinin kəsiləcəyini bildirir.
Azərbaycan da əslində onun ifadə etdiyi bu kriteriyalara tam mənasıyla cavab verir. üstəlik, bizim başqa problemlərimiz də var. Problemlərdən biri Rusiya-ABŞ münasibətlərinin gərginləşməsiylə şimal qonşumuzun mənsub olduğumuz regionada aktivləşməsi, əski imperiya əraziləri və bu ərazilərdə yaşayan xalqları öz yanında görmək istəməsiylə bağlıdır. Son zamanlar rəsmi Moskvanın bir sıra addımları, SSRİ-yə aid olan subyektlərin müstəqillik qərarlarını şübhə altına alan davranışları bunun ən bariz sübutudur.
Onun yanında görmək istədiyi subyektlərdən biri də Azərbaycandır. Təsadüfi deyil ki, Putin Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmağa bizi də vadar etdi və Azərbaycan siyasi iradəsi bununla razılaşmalı oldu. Halbuki “Şanxay İttifaq”ı nə iqtisadi, nə də siyasi cəhətdən Azərbaycana heç nə vermir. Sırf çinin və Rusiyanın dövlət maraqları üzərində qurulan bu birliyin ortaya qoyduğu iqtisadi əməkdaşlıq layihəsi Xəzər neft ehtiyatının Uzaq Şərq bazarına yönəldilməsini nəzərdə tutsa da, ölkəmizin buna ehtiyacı yoxdur.
Azərbaycan öz neftini Avopa ölkələrinə satır və bu məqsədlə çəkilən neft kəmərini belə tam dolduracaq gücdə deyil. Başqa sözlə, onsuz da bizim həm qlobal neft bazarında müştərimiz, həm də bu müştərinin bizi boğaza qədər görəcək ehtiyacı var. Kəmərimiz çoxdan çəkilib, neftimiz həzin-həzin öz məcrasıyla axır. çin, Hindistan bazarında da qətiyyən gözümüz yoxdur. Hətta yalvarsalar belə, onlara dərmanlıq üçün beş damla neft satacaq potensialımızdan da söhbət gedə bilməz.
Hər şeyin bu qədər yerli-yerində olduğu bir zamanda Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyümüz və ardınca ən yüksək ağızdan Avropa ölkələrini sərt şəkildə tənqid etməyimiz heç bir şəkildə başadüşülən deyil. Prezident İlham Əliyevin “Qərb anlamalıdır ki, bizim onlara yox, onların bizə ehtiyacı var, lazım gələrsə, oryentasiyamızı dəyişərik” mənasına gələn çıxışıyla üzümüzü Qərbdən ayırıb Şərqə tuta biləcəyimizin siqnalını verməsi də təsadüfən ortaya çıxmadığı kimi, Azərbaycanın iqtisadi maraqlarıyla da uzlaşmır. Sözsüz ki, bunu siyasi iradə sahibləri yazı müəllifindən daha yaxşı anlayır, görür. Bütün bunlara rəğmən, ölkə başçısının dilindən belə fikirlərin səslənməsi hər kəs üçün təəccüblü oldu.
Bir sıra təhlilçilər Azərbaycan yetkililərinin bu gözlənilməz manevrini Qərbin təzyiqləriylə əsaslandırmağa çalışırlar. Onların fikrincə, təzyiqdən zinhara gələn rəsmi Bakı üzünü Şərqə tutaraq Avropanın basqılarından yayınmaq istəyir. Nə deyək, bəlkə də belədir. Amma bizim fikrimizcə, məsələnin daha dərin qatları var. Zira, Azərbaycan bu zamana qədər olduğu kimi yenə də həmin tələbləri yerinə yetirib öz varlığını sürdürə bilərdi. Di gəl ki, bunu etmədi.
O da mümkündür ki, rəsmi Bakının ənənəvi siyasətini tamamilə yeni üslubla əvəz etməsi Rusiyanın təzyiqlərindən irəli gəlirdi. Yəni, Azərbaycan istəmədən öz ənənəvi kursundan ayrılmaq məcburiyyətində qaldı. Əks təqdirdə onun məhsulunu çıxartdığı hazır bazarı qoyub yeni bazarlar axtaracağına dair bəyanatlarını başqa arqumentlərlə izah etmək olmur.
Mətbuatın yazdığına inansaq, Rusiya hərbi birləşmələri Gürcüstan ərazisindən keçən neft kəmərimizin 50 metrliyinə qədər yaxınlaşıb və bu fakt da Moskvanın bizi öz ənənəvi biznes tərəfdaşlarımızdan ayırmaq arzusundan xəbər verir Görünən budur ki, həmin kəmərlərin təhlükə riski artırılaraq beynəlxalq neft şirkətlərinin Azərbaycan sərvətinə marağı azaldılır. Burda yeganə məqsəd hər tərəfdən əli üzülən rəsmi Bakını Rusiyadan asılı vəziyyətə salmaq ola bilər.
Əhəmiyyətimizi azaldan digər bir xüsus Azərbaycan neftindən hazırda Qərb şirkətlərinin faktiki olaraq pul qazana bilməməsidir. Bağlanan 30 illik müqavilələrə görə, Qərb ilk 15 il ərzində neft gəlirlərinin 75%-ni götürəcək, digər 15 ildə isə 75% qazanmaq hüququ Azərbaycana keçəcəkdi. Artıq 2 ildir ki, neft yataqlarından ən çox biz qazanırıq. Qərb şirkətlərinin əldə etdiyi 25%-lik gəlir isə istehsal prosesinə gedir. Neftin qiymətinin aşağı düşməsiylə Qərb şirkətlərinin onsuz da azalan gəlirləri tamamilə əhəmiyyətsiz hala gəlir. Hətta elə vəziyyət yarana bilər ki, onlar işçilərinə maaşı öz ciblərindən ödəyə bilərlər. Belə bir durumla qarşılaşan beynəlxalq neft şirkətləri əslində çoxdan Azərbaycanı tərk etmək istəyərdilər. 2013-cü ildən etibarən istehsalın gözləniləndən xeyli aşağı düşməsi də onların bu işə həvəssiz yanaşmalarından xəbər verir.
Azərbaycan neftində ciddi iqtisadi maraqları qalmayan beynəlxalq neft şirkətləri hazırda, sadəcə, beynəlxalq məhkəmələrə çəkilməmək üçün indiyə qədər susub işləyirlər. özlərindən asılı olmayan hər hansı hadisə onlar üçün əsl bəhanəyə çevrilə bilər. Bölgədə yaranan yeni status-kvo onlara bu bəhanəni verir də.
Azərbaycanın üz tutacağı yeni dünyada, yəni Şanxay Əməkdaşlıq Təşkilatı xəttiylə Uzaq Şərqdə təzə partnyorlar tapmaq ehtimalı isə düşündüyümüz kimi asan deyil. ölkəmiz bu “yeni dünyada” Qazaxıstan və Rusiyayla bağlanan neft kontraktlarının zəif həlqəsi kimi rol oynaya bilər. üstəlik, bu ehtimalın reallaşacağı təqdirdə belə, tranzit ölkə olmaq özəlliyimizi itirəcək, xaricə göndərdiyimiz neft gəlirlərindən müəyyən qədər vəsaiti tranzit ölkələrə ödəməli olacağıq. Buna isə heç bir xarici şirkət razı olmaz, şələ-şüləsini
yığışdırıb yeni neft quyuları axtarmağa gedər.
Bütün bu acı reallıqlar İran neftinin dünya bazarına çıxarılmasıyla rentabelliyini itirən neft istehsalçılarından birinin də Azərbaycan olacağı ehtimalını ağla gətirir.
Heydər Oğuz
Strateq.az