XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2015 - 05:39

Kremlin “ölməz Kaşşeyi”

thumb_90_68_Heyder-Oguz1-300x225.jpg

Heydər Oğuz

Rusiya Prezidenti Vladimir Putinin birdən-birə qeybə çəkilib 11 gündən sonra yenidən zühur etməsi ağla müxtəlif suallar gətirdi. Hadisəni şərh edən bir sıra ekspertlər bu “gizlən-qaç oyununu” Rusiya liderinin xəstələnməsindən tutmuş dövlət çevrilişi qorxusuyla xəlvətə çəkilməsinə qədər bir sıra amillərlə əsaslandırdılar. Qəribədir ki, rəsmi Moskvanın özü də bu cür şaiyələrin yayılmasında maraqlı tərəf kimi çıxış edir, rəsmi xadimlərinin “gah nala, gah mıxa vuran” açıqlamalarıyla əsassız şübhələri artırmağa çalışırdı.

Kremlin ictimai rəylə bu cür oynaması, sözsüz ki, təsadüfi ola bilməzdi. Bəlkə də, elə bu səbəbdən Putinin səhhətiylə bağlı müammalı suallar və ehtimallar indiyə qədər əhəmiyyətini itirməyib və Kremlin niyyətləri tam bəlli olmayanacan irəli sürülən bu iddiaların hamısı eyni dərəcədə doğru təsiri bağışlayacaq. Bizə görə isə bu siyasi tamaşanın əsas səbəblərindən ola biləcək başqa bir ehtimala nədənsə toxunulmur. Zənnimizcə, Putinin bu “gizlən-qaç” oyunu rus milli mentalitetinə və mifik təfəkkürünə uyğun qəhrəman obrazı yaratmağa xidmət edirdi.

Bir fərd kimi hər bir insan nağıllara, əsatirlərə inanmasa belə, toplum olaraq eyni yetkinliyi göstərə bilmirik. Hər bir millət öz liderini milli məfkurəsindəki qəhrəman obrazlarıyla eyniləşdirməkdən xoşlanır, ona nağıllarında, dastanlarında yer alan bahadırlar, igidlər kimi baxmağa çalışır. Məsələn, bir azərbaycanlı mentalitetində “xilaskar”, “ağatlı oğlan” obrazı mühüm yer tutur. Təsadüfi deyil ki, 1992-ci ildə min cür problemlər içərisində çabalayan ölkəmizdə hakimiyyətə gələn Heydər Əliyevə də o gözlə baxırdıq. Yaxud, qardaş ölkəmiz Türkiyənin qan yaddaşında fatehlər, dünyanı, xüsusilə Avropanı titrədən sultanlara rəğbət hissi var idi və hakimiyyəti əlində saxlamağa çalışan Ərdoğan “one munite” deyə-deyə İsrail prezidentinə barmaq silkələyir və beləcə, əsrarəngiz qəhrəman imici qazanırdı. Türk xalqının qlobal hegemon güc olaraq gördüyü yəhudi siyasi iradəsinə “one munite” deyən Ərdoğanın qəhrəmanlaşdığı məkan olaraq məhz buna görə Avropanın göbəyi- Davos zirvəsi seçilmişdi. Eyni sözləri diktura rejimləriylə idarə olunan və ya olunmağa doğru yuvarlanan digər dövlətlər üçün də demək olar.

Rus milli təfəkküründə isə “ölməz Kaşşey” mifi mövcuddur. Nə qədər qanlı döyüşlərə girsə belə ölməzliyini qoruyan bu cür mifik lider imici ölkənin indiki durumu üçün ən uyğun reseptdir. Neft qiymətlərinin ucuzlaşması və üzləşdiyi sanksiyalarla çıxılmaz dalana sürüklənən, Ukraynada vətəndaş müharibəsinin tərəfinə çevrilən rəsmi Moskvanı bundan sonra daha ciddi sınaqlar gözləyə bilər. ABŞ-ın, Avropanın daha hansı təzyiqləriylə qarşı-qarşıya qalacağı bilinməyən bu ölkədə əhalinin ciddi fədakarlığına ehtiyac duyulur. Fədakarlıqlar isə müqəddəs şəxsiyyətlərin yolunda ortaya qoyulur. Getdikcə bir qarın dolusu çörək tapmaqda çətinlik çəkən, övladlarını ona aid olmayan coğrafiyalarda ölümə göndərən, iqtisadi böhranlardan sarsılan xalqın bir əsrarəngiz lider ətrafında birləşməsi rus siyasi iradəsinin ölüm-qalım məsələsi kimi gördüyü öncəliklərindən, “olmazsa olmazlar”ındandır.

öz xalqı arasında 85% reytinqə malik Putinin şəxsiyyəti üzərində “ölməz Kaşşey” obrazı yaradılması bu mənada təsadüfi sayılmaya bilər. Mümkündür ki, şüurlu şəkildə yaradılan bu siyasi imic inandırıcı olsun deyə, ictimaiyyətə gərəkli informasiyalar yerli mətbu orqanlar deyil, xarici media qurumları tərəfindən ötürülür. Hər kəs Putinin həyatda olmadığına inandığı bir vaxtda isə Kremlin “ölməz Kaşşey”i ortaya çıxıb aç millətə xoşbəxtlik hissi bəxş edərək qarınları doyurur. Bu ehtimal doğrudursa, ölkədə iqtisadi durum çətinləşdikcə Rusiya liderinin bu “gizlən-qaç” oyunlarının da intensivliyi artacaq.