Bu ayın əvvəlində Nazirlər Kabineti tərəfindən Azərbaycana idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib. Sözsüz ki, idxal olunan ərzaq məhsullarına gömrük rüsumlarının artırılması vətəndaşlarımızın gün-güzaranına da təsirsiz ötüşməyəcək.
İqtisadçı ekspert Elçin Qurbanov də bununla bağlı məqalə qələmə alıb. Məqaləni Strateq.az oxucularına təqdim edirik.
Qiymət artımı, idxalçılar üçün beynəlxalq daşınmaların xidmətlərində də özünü göstərir. Bütün növ xidmətlərdə, idxal və ixrac rüsumlarında, yığımlarda, o cümlədən gömrük ərazisinə qədər çəkilən xərclərdə baş verən artım malın gömrük dəyərini şişirdir. Bu da Gömrük Tarifi Haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 3.5. bəndinə əsasən gömrük borcunun məbləği hesablanarkən, gömrük dəyərinin ədədi qiyməti əsas götürüldüyü üçün ƏDV məbləğini də artırır. Maddənin digər 3.4. bəndində qanunun 5-ci və 6-cı maddələrində nəzərdə tutulmuş hallarda mövsümi, xüsusi, antidempinq və kompensasiya rüsumlarının tətbiq olunması təsbit edilmişdir.
Lakin Azərbaycan Respublikasının iqtisadi maraqlarını qorumaq, habelə malların ixracını və idxalını operativ tənzimləmək məqsədi ilə bəzi mallara tətbiq edilməsi gözlənilən rüsumların ölkə iqtisadiyyatına təsirləri ürəkaçan olmayacaq. Təkzib edilməz faktdır ki, devalvasiyanın dövlətin monetar siyasi prinsiplərinə də uyğunlaşdırılması, valyuta ehtiyyatlarından səmərəli istifadə, daxili istehsalın stimullaşdırılması, ixraca daha çox üstünlük verilməsi kimi nəticələrə köklənməsi reallıqla bir sıra zidiyyətlər yaradır.
Bildiyimiz kimi, devalvasiya ölkədə inflyasiyanı şərtləndirdi. Yəni milli valyutanın (qızılda) xarici valyutada məzmununun tənəzzülü əmtəə (həmçinin xidmətlər) ilə mübadiləsində də dəyərinin tənəzzülü ilə nəticələndi. Bu gün valyuta məzənnəsi, guya ki, sabitləşdirilsə də, inflyasiyanın artımı səngimir. Səbəb bir sıra işbazlarla əlaqələndirilir.
Sirr deyil ki, iqtisadiyyatı idxaldan asılı olan ölkələrdə inflyasiya xarici amillərlə də sıx bağlıdır. Xarici valyutanın dəyərdən düşməsi milli valyutanın da dəyərsizləşməsinə səbəb ola bilər. Amma dollar hazırda heç bir sərt dəyərsizləşməyə məruz qalmadan, idxal olunan ərzaq məhsullarının istehlak qiymətləri hər ötən gün artır. Hətta xammalı idxal olunan və idxaldan asılı olmayan yerli istehsal məhsullarının da qiymətləri artır. Paralel olaraq bütün növ ərzaq məhsullarının qiymətləri marketlərdə ildırım sürəti ilə yüksəlir. Əhalinin isə pul gəlirləri azalır, obyektiv səbəblərdən iqtisadi fəaliyyətin nəticələri daralır, iş yerləri bağlanır, yaxud məcburi kütləvi ixtisarlar aparılır.
Əlbəttə ki, gömrük rüsumlarının və ödənişlərinin artırılması xammalı idxalla əlaqəli olan subyektlərin istehsal xərclərini artıracaq. Bizim əksər təsərrüfat sahələri idxalla əlaqəlidir. Ona görə də mövsümi əhəmiyyət daşıyan rüsumlar qiymət artımında total ajiotaj yaradacaq və qiymət artımı kütləviləşərək, çaparaq inflyasiya mərhələsinə keçəcək. Tələb və təklif arasında yaranan uyğunsuzluq monetar durğunluğa şərait yaradacaq. Dövlət inzibati yollarla bunun qarşısını almaq istədikdə və ya sahibkar tərəfindən qiymətləri artırmaq mümkün olmadıqda isə əməkhaqqlarının azaldılması yaxud da kütləvi ixtisarlar etmək məcburiyyəti yaranacaq. İstehsal məhsullarının keyfiyyətinə mənfi təsir isə gözlənilən olacaq.
Bu günkü gömrük siyasətinin bir hissəsi olaraq; yerli istehsal həcminin tələbə cavab vermədiyi halda, idxalın məhdudlaşdırlması, rüsum və ödənişlərinin müvəqqəti də olsa ağırlaşdırılması, tələbə uyğun normativ tənzimləmənin aparılmaması əmtəə defisiti yaradacaq. Əmtəə bazarında əmtəələrə olan tələbin artması ilk olaraq aldadıcı tələb inflyasiyası və paralel təklif inflyasiyası kimi təcəssüm edir.
Birinci mərhələdə əmtəə çatışmazlığı səbəbindən bahalaşma və paralel əmtəə təklifinin baha olmasına görə pulun dəyərdən düşməsi baş verir. Belə olacağı təqdirdə təbii olaraq pul vəsaitinin çatışmazlığı yaranır və yeni pul nişanlarının (kütləsinin) dövriyyəyə buraxılması zərurəti meydana gəlir. Bu isə tələb inflyasiyasını daha da kəskinləşdirə bilər. Tədavüldə olan pul kütləsinin məhsul və xidmətlərdən artıq olduğundan, yeni devalvasiya dalğası yaranır. Belə olduğu halda gömrükdə daha da sərtləşdirmə məcburi xarakter daşıyacaq.
ÜDM-də nominal şişir, real isə kiçilir. Qeyd etmək lazımdır ki, əmtəə defisiti inflyasiyanın hiper səviyyəsini şərtləndirə bilər. Daha təhlükəlisi isə inhisarçılığın (monopoliya) belə şəraitdə xüsusi inkişaf mərhələsinə qədəm qoymasıdır. Sahibkarlıq fəaliyyətində investisiya yatırımları, kapital qoyuluşları qeyri sabit maliyyə mühitində həddindən artıq riskli olduğu üçün orta və kiçik sahibkarlıq sıradan çıxa bilər. Ona görə də nəinki uzunmüddətli, hətta ən qısamüddətli vəsait yatırımları da dayandırılır. Əks təqdirdə riskləri sığortalamaq üçün inflyasiya xronikiləşə bilər.
Məsələn, ticarət (pərakəndə və topdansatış) obyektlərində riskləri sığortalamaq üçün qiymətlər hər gün artırılır. Çünki satılan mallar və xidmətlər həm gəlir (izafi dəyər), həm də yenidən əldə edilməsinə şərait yaratmalıdır. Yerli istehsal tələbi ödəmədiyi halda baha qiymətə idxal olunan mallar da istehlak olunur. Amma yerli istehsalçılar da istehsal mallarını vəziyyətdən istifadə edərək, idxal mallarının qiymətlərinə uyğunlaşdırırlar.
Digər tərəfdən isə bu il olduğu kimi, büdcəyə neftdən vergi daxilolmalarının həcminin azaldılması, hətta bəzi vergilərin bu sektorda ümumiyyətlə sezilməməsi, bunlara rəğmən, Vergilər Nazirliyinin gələn ilin büdcə öhdəliklərinin artırılması vergi yükünün kiçik və orta sahibkarlıq subyektlərinə yönəlməsinə səbəb olacaq. Vergitutma məqsədləri üçün yeni mənbələrin olmaması, mövcud real mənbələrin isə sıradan çıxması vergi yığımlarının gələcək səviyyəsini təhlükə altına qoyacaq. Bir tərəfdən investisiya mühitinin kəskin daralması,digər tərəfdən isə ağır vergi yükü iqtisadi subyektləri iflic vəziyyətə gətirə bilər. Sorğu və müşahidəmə əsaslanaraq deyə bilərəm ki, əhalinin böyük bir qismi istehlak zənbilində özlərinə bir çox məhdudiyyətlər müəyyən ediblər ki, bu məhdudiyyətlər getdikcə daha da kəskinləşir. Əhalinin qidalanması və qida keyfiyyəti zəifləyir, həyat səviyyəsi pisləşir.
Sözügedən əlamətlərə rəğmən, korrupsiya və rüşvət, sosial və hüquqi ədalətsizlik dövlətə inam və etibarı azaldır, mənəvi dəyərləri sıradan çıxarır. Bunun gözlənilə bilən siyasi nəticəsi bəllidir, bioloji nəticəsi isə xəstə cəmiyyətdir”.