23-cü Dünya Enerji Konqresi çərçivəsində İstanbulda Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nazirləri və Rusiyanın nümayəndələri qeyri-rəsmi görüş keçirir.
Azərtac xəbər verir ki, görüşdə OPEC-in sentyabrın 26-28-də Əlcəzairdə keçirilən qeyri-rəsmi toplantısında müzakirə etdiyi istehsalın miqdarının məhdudlaşdırılması məsələsi kartelə üzv olmayan ölkələrlə müzakirə edilir.
Yığıncaqda OPEC-in baş katibi Məhəmməd Barkindo, Qətər Dövlətinin energetika və sənaye naziri Məhəmməd bin Saleh Əl-Sada, Əlcəzairin enerji naziri Nurəddin Butarfe, Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloqio del Pino, Rusiyanın energetika naziri Aleksandr Novak və Meksikanın hidrokarbonlar nazirinin müavini Aldo Flores-Quiroqa iştirak edir. Görüşdə Səudiyyə Ərəbistanı ilə yanaşı Əlcəzairdəki yığıncaqda nəzərdən keçirilən hasilatın azaldılması ilə bağlı qərara müsbət reaksiya verən OPEC-ə üzv İran və İraqın nümayəndələri iştirak etmir.
Qapalı keçirilən yığıncaqdan sonra müzakirələrə dair açıqlama verilməsi gözlənilir.