XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Oktyabr 2016 - 12:21

“Gəliri yoxdursa, əmanətlər üzrə faizləri haradan ödəyəcək?” –Ekspertdən banklardakı böhranla bağlı açıqlama

ekrem-1

Azərbaycanda bank sektoru tarixinin ən böhranlı dövrünü yaşayır. Faktiki olaraq, əksər banklar bu böhrandan sağ çıxa bilmək üçün bir kənara çəkilərək, fəaliyyətlərini minimuma endiriblər.

Əksər banklar kredit verilməsini dayandırıb. Bir çoxu isə çox çətin şərtlərlə kredit verir. Dollar satışı ilə bağlı da məhdudiyyətlər var. Dollar satışından imtina edən banklar da istisna deyil. 

Bəs görəsən, qanunvericilikdə bu kimi hallar necə nəzərdə tutulub? Bankın kredit verməmək və ya valyuta satmaqdan imtina etmək hüququ varmı? 

Strateq.az xəbər verir ki, “Yeni Müsavat”ın suallarını cavablandıran hüquqşünas, bank sektoru üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, qanunvericiliyə görə bankların kredit verməkdən tam şəkildə imtina etmək hüququ yoxdur, minimum 6 ayda 1 dəfə kredit verilməlidir:

“Bank kredit vermə fəaliyyətində sərbəstdir. Yəni istəyir verir, istəyir vermir. Kimə istəyir verir, kimə istəyir vermir. Qanunvericilik çərçivəsində şərtləri də müəyyən etməkdə sərbəstdir. Çünki öz riskidir. Amma 6 ay ərzində azı 1 kredit verməlidir.

Əks halda, ”Banklar haqqında" Qanunun 16.1.5-ci maddəsinə əsasən lisenziyası ləğv oluna bilər. Yəni reallıqda onsuz da bank təbii kiməsə kredit verir. Bundan imtina edənlər isə hər halda, formal da olsa 6 ayda 1 kredit verirlər. Sadəcə, geniş kredit fəaliyyətindən imtina edirlər ki, bu da onların öz işidir. Buna görə hüquqi cəhətdən pozuntu yoxdur. Sadəcə, iqtisadi və idarəetmə problemi var: kredit verməyən banklar kimə lazımdır axı? Belə bank sistemi kimə lazımdır? Bank kredit vermirsə, gəliri necə əldə edəcək? Gəliri yoxdursa, əmanətlər üzrə faizləri haradan ödəyəcək? Belə banka, belə bank sisteminə etibar etmək olmaz. Bu bank yox kimidir". 

Dollar alış-satışı ilə bağlı qoyulan məhdudiyyətlərə gəlincə, Əkrəm Həsənov qeyd edib ki, bir çox bankların dollar alıb, satmaqdan imtina etməsi qanunsuzdur:

 ““Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın 8.6-cı bəninə əsasən əməliyyat günü ərzində xarici valyuta və ya manat vəsaitləri qurtardığı hallar istisna olmaqla, mübadilə şöbəsində yalnız alış və ya yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir. Yəni dollar alırsa, həm də satmalıdır (əgər kassada valyuta varsa, təbii). Limit qoymaqda isə məhdudiyyət yoxdur, öz işidir. Təbii, belə limit qoyursa, deməli, Mərkəzi Bankdan dollar ala bilmir. Bu da artıq Mərkəzi Bankın işinin qüsurudur. Rəsmi məzənnəni müəyyən edir, amma dolları banklara kifayət qədər satmır". 

Ekspert onu da vurğulayıb ki, bankların hazırki durumda kənara çəkilməsi vətəndaşların da ölkənin maliyyə sisteminə və banklara olan inamını azaldır: “Bank kredit verəndə və mübadilə əməliyyatı aparanda məqsədi gəlir əldə etməkdir. Bunu etmirsə, deməli, maliyyə sisteminə özü də inanmır. Maliyyə sisteminin tərkib hissəsi olan bank sistemə inanmırsa, müştərilər necə inansın? Əslində bu, çox təhlükəli vəziyyətdir. Aidiyyəti qurumların işinin bərbad olduğundan xəbər verir".