XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 March 2015 - 15:41

Azərbaycan gündəlik 57 milyon manat itirir

İqtisadiyyatda bayram günü sindromu: Ölkə gündəlik 57 milyon manat itirir

Ekspert Samir Əliyev: “İtkilərin həcmi ilbəil artır”

Novruz bayramında 9 gün iş olmayacaq. ölkədə qeyri-iş günlərinin çoxluğu tez-tez müzakirə edilir.
Ekspertlər də bildirirlər ki, digər ölkələrlə müqayisədə Azərbaycanda istirahət günlərinin sayı çoxdur və bu, iqtisadiyyata təsirsiz ötüşmür.
Onlar qeyd edirlər ki, bayramlarla əlaqədar qeyri-iş günlərinin sayının çoxluğu heç də cəmiyyətdə birmənalı qarşılanmır. Əgər aylıq maaş alanlar qeyri-iş günlərinin sayının çoxluğunda maraqlıdırlarsa, günəmuzd işçilər üçün bu, arzuolunmazdır.
çünki məmurlar, müəllimlər, həkimlər və sair iş günlərinin sayından asılı olmayaraq, qabaqcadan təyin edilmiş maaşlarını alacaqlar. Ancaq gündəlik qazancla yaşayan şəxslər üçün hər qeyri-iş günü zərər deməkdir.
Ekspert Samir Əliyev musavat.com-a bildirir ki, qeyri-iş günləri təkcə ayrı-ayrı şəxslərə yox, ümumilikdə ölkə iqtisadiyyatına zərər vurur: “Bununla bağlı müxtəlif hesablamalar mövcuddur. Məsələn, Rusiyanın Əmək Nazirliyinin hesablamalarına görə, orta hesabla hər bayram günü 370-420 milyon dollar zərər deməkdir. ölkə üDM-i hər il Yeni il bayramlarına görə təxminən 20-25 milyard dollar itirir. Böyük Britaniyada ölkə iqtisadiyyatı hər qeyri-iş gününə görə 2,3 milyard funt itirir.
Beləliklə də il ərzində ümumi 19 milyard funt zərər verir. Qeyri-iş günlərinin çoxluğu Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərir. Düzdür, neft amili bu itkini azaldır. Ancaq bu, istənilən halda, iqtisadi artıma mənfi təsir göstərir. Bu günə qədər zərərin nə qədər olması barədə konkret araşdırma mövcud deyil.
Ancaq bəzi hesablamalarla itkinin təxmini həcmi barədə təsəvvür yaratmaq olar. 2014-cü ildə üDM-in həcmi 59 milyard manat olub. üDM-in gündəlik həcmi isə orta hesabla 162 milyon manat olub. DSK-nın məlumatına görə, üDM-in 50 faizi neft sektorunun, 15 faizi isə nəqliyyat, ticarət və ictimai iaşənin payına düşür.
Neft hasilatı fasiləsiz istehsal sahəsi hesab olunduğunda qeyri-iş günləri bu sektora şamil edilmir. Nəqliyyat, ticarət və ictimai iaşə obyektləri də ilin istənilən günü müştərilərin üzünə açıqdır. Dörd sektoru, neft, nəqliyyat, ticarət və ictimai iaşəni götürdükdə, belə çıxır ki, iş gününün olub-olmamasından asılı olmayaraq, gündəlik üDM-in təxminən 65 faizi formalaşır. Yerdə gündəlik üDM-in – 162 milyon manatın 35 faizi qalır ki, bu da təxminən 57 milyon manat edir.
Deməli, hər işsiz gün üçün ölkə iqtisadiyyatı təxminən 57 milyon manat zərərə düşür. Nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatı ildən-ilə artır və ona uyğun olaraq, itkilərin həcmi də ildən-ilə artır. Təkcə bank sektoru hər qeyri-iş gününə görə ümumilikdə 10-15 milyon manat itirir”.
YUNESKO-nun qiymətləndirmələrinə görə, dünya üzrə qeyri-iş günlərinin orta statistik rəqəmi 12,2 gündür. Dünyada ən çox qeyri-iş günü olan ölkə Şri-Lankadadır. Bu ölkə vətəndaşlarının məzuniyyətdən savayı ildə 24 gün istirahət etmək şansı olur. İran, Maldiv adaları və Braziliyada belə günlərin sayı 21-dir.
Hindistanda 18, Cənubi Koreyada 17, Yaponiyada isə 15 qeyri-iş günü müəyyənləşdirilib. Avstraliya və İsveçrədə 11, Sinqapur, İrlandiya və Niderlandda 10, Britaniyada 9, Kubada 8 qeyri-iş günü var. Almaniya vətəndaşları 13, İtaliya 12, ABŞ isə 11 gün evlərində bayram edirlər. MDB ölkələrindən Belarusda 13, Rusiyada 11, Ukraynada 10 gün qeyri-iş günü var. Azərbaycanda isə 2014-cü ildə məzuniyyətləri saymasaq, 365 günün ən azı 124 günü qeyri-iş günü olub.
Ekspert Vüqar Bayramov isə mətbuata açıqlamasında qeyd edir
ki, 9 gün bayram gününün olması iqtisadi cəhətdən arzuolunan deyil:
“9 gün bayram tətilinin elan edilməsində qazanan tərəf yalnız turizm sektoru olacaq. Nəzərə alsaq ki, turizm sektoru adətən, istirahət günlərinin və ya bayram günlərinin çox olmasından, yerli müştərilərin cəlb edilməsi baxımından, gəlir əldə edə bilir. Bayram günlərinin çox olması vətəndaşların ölkədaxili turizm, bəzilərinin isə xarici ölkələrə səyahət etmək üçün turizm xidmətindən istifadə etməsinə gətirib, çıxarır.
Bu baxımdan, bayram günlərinin çox olmasından qazanan tərəf turizm sektorudur. Güman olunur ki, nəqliyyat sektoru da qazanan tərəfdir. çünki bu sektorda ölkədaxili, ölkəxarici hava nəqliyyatı və dəmiryol nəqliyyatından daha çox gəlir əldə etmək olur. Amma 9 günlük qeyri-iş gününün mənfi, psixoloji tərəfləri də var. çünki adətən, insan 9 gün işləməyibsə, onda müəyyən tənbəllik formalaşır. Psixoloji olaraq, işə yanaşmada müəyyən çətinliklər formalaşır.
Bunun da mənfi psixoloji tərəfləri var. Digər mənfi cəhət isə həmin qeyri-iş günlərində əlavə dəyərin nisbətən az yaradılması ilə bağlıdır. Belə ki, bayram günlərində, xüsusən şirkətlərin və dövlət müəssisələrinin dəyər vergisiz çalışmadığı üçün həmin iş yerlərinin yaranan dəyərin məbləğini azaldır. Bütün bu hallar məhz birmənalı şəkildə iqtisadiyyata nisbətən az dəyərin yaradılması formasında təsir göstərir. Sözsüz ki, sonrakı dövrdə işçilər həmin dəyəri kompensasiya edə bilər. Amma bütün hallarda, xüsusən də, 9 günlük qeyri-iş və bayram günlərinin olması iqtisadi baxımdan arzuolunan deyil”.