XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Noyabr 2016 - 12:33

Azərbaycanda illik inflyasiya 12 faiz olub

meyve

2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz artıb.

Ay ərzində düyü, un, makaron məmulatları, qarabaşaq, yulaf və arpa yarması, mal, qoyun və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, şəkər və şəkər tozu, şokolad və konfetlər, qəhvə, çay və kakao, armud, üzüm, göyərti, pomidor, xiyar, kartof, kök, çuğundur və sarımsağın qiymətlərində artım, alma, limon, naringi, heyva, nar, xurma, soğan, kələm və balqabağın qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oktyabr ayında sentyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, ev üçün toxuculuq məmulatları, zərgərlik məmulatları, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, telefon və fotoaparatların, dəftərxana ləvazimatları, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində artım müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqları, paltarların təmizlənməsi, təmiri və kirayəsi, ayaqqabılar, məişət cihazları, mebel, ev əşyaları və döşəmə örtükləri, avtomobil təmiri xidmətləri və stomatoloji xidmətlərin qiymətləri artıb, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə azalıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.