XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2016 - 03:31

“Neftin qiymətindəki artım dəyərləndirilməzsə, sabitlikdən danışa bilməyəcəyik” –Qubad İbadoğlu

Qubad İbadoglu-1

OPEC ölkələrinin neft hasilatını azaltmaq haqda razılaşmasından dərhal sonra neftin qiymətlərində sıçrayış müşahidə olunur. Azərbaycan kimi iqtisadiyyatı tamamilə neftdən asılı olan ölkələr indi bütün ümidlərini bu qiymətlərə bağlayıblar.

Bəs, neftin qiyməti hansı səviyyəyə qalxsa, Azərbaycan iqtisadiyyatında sabitlik bərpa oluna bilər?

Strateq.az xəbər verir ki, tanınmış iqtisadçı-alim Qubad İbadoğlunun hesablamalarına görə, indiki şərtlərlə hətta 2013-cü il səviyyəsinə qayıtmaq üçün 1 barrel Azərbaycan nefti, ən azı, 110 dollara satılmalıdır.

Ancaq iqtisadçı düşünür ki, belə qiymət heç üfüqdə də görsənmir.

Q.İbadoğlu yazır: 

"Azərbaycanda neft hasilatının piki 2010-cu ildə, neftdən əldə edilən gəlirlərin ən yüksək səviyyəsi isə 2011-ci ildə qeydə alınıb və yalnız o ildə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 19,8 milyard dollar daxil olub.

Müqayisə üçün onu qeyd edək ki, ARDNF ötən il neft hasil edilmiş mənfəət neftinin və qazın satışından 7,2 milyon ABŞ dolları vəsait əldə edib. Həmin il ixrac edilmiş mənfəət neftinin ortaçəkili satış qiyməti 54,31 ABŞ dolları, xalis mədaxil qiyməti isə 48,06 ABŞ dolları olub.

Keçən il gündəlik hasilat 634 min barel təşkil edib, bu il isə orta günlük hasilat ondan bir qədər az – 630 min barel gözlənilir.

Bu il ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6,6 milyon manat və ya kommersiiya banklarının dekabrın 1-ə olan kursu ilə 3,7 milyard dollar olub ki, beləliklə də bu hesabla ilin sonuna neft gəlirləri 2011-ci ildəki səviyyədən 4 dəfə az – 5 milyard dollar göslənilir. Ola bilər ki, pisləşən iqtisadi və sosial durumda azalan neft gəlirləri və artan ehtiyaclar yenidən neftin sabitləşdirici rolunun hansı qiymət səviyyəsində olması ilə bağlı müzakirələri aktuallaşdırır.

Bu məsələyə münasibət bidlirməmişdən əvvəl onu da qeyd edək ki, 2001-2015-ci illər ərzində ARDNF-nin daxilolmaları 124,9 milyard ABŞ dolları səviyyəsində olmuş, bu vəsaitin 33,57 milyard ABŞ dolları və ya 26,9 faizi yığıma yönəldilmiş, 91,33 milyard dolları və ya 73,1 faizi isə xərclənmişdir.

Transferlərin start götürdüyü 2003-cü ildən bu ilin oktyabr ayının 1-dək Dövlət Neft Fondundan 67 milyard 162 mln. manat vəsait dövlət büdcəsi vasitəsilə əsasən qeyri-məhsuldar və əlavə dəyər yaratmayan qeyri-kommersiya layihələrinə yönəldilmişdir. Beləliklə də, neft dollarları hesabına tikilmiş sosial, idman, mədəniyyət, nəqliyyat və sair sahələrdə infrastruktur obyektlərinin saxlanılması və istismarı üçün dövlət büdcəsinə əlavə və ciddi xərc öhdəlikləri yaratmışdır. Odur ki, "İqtisadiyyatda sabitliyin bərpası üçün hazırda neftin qiyməti hansı səviyyədə olmalıdır?" sualına cavab axtararkən, infrastuktura xidmətlə əlaqədar olaraq ildən-ilə artan xərc amilini də nəzərə almaq lazımdır. Bu isə o deməkdir ki, hətta 2013-cü il səviyyəsinə qayıtmaq (həmin il neft gəlirləri 13,6 milyard dollar olub) üçün dünya bazarında 1 barel neftin qiyməti, ən azı, 110 dollar olmalıdır. Belə qiymət isə heç üfüqdə də görsənmir.

Odur ki, neft unudub, digər sahələrdə mövcud və perspektiv imkanları və resursları səfərbər etmək üçün hərtərəfli islahatlara başlamaq lazımdır. Çünki neftin qiymənin indiki səviyyəsi islahat xarakterli dəyişikliklər üçün ən optimal qiymətdir. Bizə yalnız bu fürsətdən bəhrələnmək qalır. Belə şans isə həmişə olmur, onu dəyərləndirməsək, yaxın 2 ildə sabitlikdən danışa bilməyəcəyik".