XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

12 Dekabr 2016 - 16:48

SOCAR niyə zərərə düşdüyünü açıqladı –Ekspertlər təəccüblənib

neft cin

“SOCAR-ın neft və qazçıxarma idarələri (NQÇİ) üzrə 1000 kubmetr qazın hasilat xərci 45.42 manatdır. Beynəlxalq Əməliyyat Şirkətlərindən Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) şərtlərinə görə, dollarla alınan təbii qazın orta tarifi isə 56.48 manat/1000 kubmetr təşkil edib.

Bunu SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib. (Azadlıq radiosu)

Onun deməsinə görə, ötən il SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1000 kubmetrə 52.02 manat, şirkət üzrə satışa buraxılan təbii qazın orta maya dəyəri isə 108.31 manat/1000 kubmetr səviyyəsində formalaşıb.

N.Quliyev deyib ki, bu il NQÇİ-lər üzrə 1000 kubmetr qazın hasilat xərci 55.16 manatdır. Beynəlxalq Əməliyyat Şirkətlərindən HPBS-nin şərtlərinə görə, dollarla alınan təbii qazın orta tarifi 99.15 manat/1000 kubmetr təşkil edib. SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1000 kubmetrə 53.97 manat olub. Satışa buraxılan təbii qazın orta maya dəyəri isə 140.42 manat/1000 kubmetr təşkil edib.

Ekspertlər isə tamamilə fərqli düşünür.

İqtisadçı Zöhrab İsmayıl deyib ki SOCAR-ın 2015-ci il üzrə hesabatında təbii qazın maya dəyərinin 39.37 manat olduğu yazılıb: “Belə olduğu halda bir il ərzində bu qədər artım necə ola bilər?», – deyə sual edən ekspert devalvasiyanın təsirini istisna etmir.

“Devalvasiya da maya dəyərinə təsir göstərib. Amma birincisi, devalvasiyalar elə 2015-ci ildə baş verib. Birinci devalvasiya 2015-ci il üzrə maya dəyərində öz əksini tapıb. İstənilən halda devalvasiyanın təsiri bu qədər ola bilməz. Tutaq ki, xaricdən alınan mal-material bahalaşıb, amma qalan komponentlərin qiyməti qalxmayıb, vergi dərəcəsi artmayıb. Bir sözlə 3.6 dəfə bahalaşma heç cür mümkün ola bilməz”,- deyə ekspert qeyd edib.

XATIRLATMA

Tarif Şurası noyabrın 28-də qazın və elektrikin qiymətlərini qaldırıb. Əhali illik 1500 kubmetr həddi keçmədiyi təqdirdə qazın hər kubmetrinə görə 10 qəpik, bundan artıq hissəsinə 20 qəpik ödəniş edəcək. Bu dəyişiklik yanvarın 1-dən qüvvəyə minəcək.

Həmin qərardan sonra iqtisadiyyat naziri və Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev parlamentdə demişdi ki, qiymətlərin diferensiallaşdırılması Dövlət Neft Şirkətinin (SOCAR-ın) zərərlə üzləşməsindən qaynaqlanır.

“1000 kubmetr qaz hasilatı SOCAR-a 140 manata başa gəlir. Amma 1000 kubmetr qazın satış qiyməti, orta hesabla, 90 manatdır. Faktik olaraq, SOCAR zərərlə işləyirdi. Buna görə, nəinki investisiya qoymaq, hasilatı müəyyən səviyyədə saxlamaq da mümkün olmurdu”, – deyə nazir demişdi.