XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 15:30

Ticarətlə məşğul olanların hesablaşmaları nağd qaydadaaparması məhdudlaşdırılır

Azərbaycanda ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən hesablaşmaların nağd qaydada aparılması ay ərzində 30 min manatadək məhdudlaşdırılır.

Trend-in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasında deyib.

Nazir qeyd edib ki, bu, parlamentə təqdim olunmuş “Nağdsız hesablaşmalar haqqında” qanun layihəsində nəzərdə tutulub: "Həmin qanunla ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən hesablaşmaların nağd qaydada aparılması ay ərzində 30 min manatadək, digər vergi ödəyiciləri tərəfindən isə ay ərzində 15 min manatadək məhdudlaşdırılır".

F.Məmmədovun sözlərinə görə, bunlarla yanaşı, inzibati cərimələrin, maliyyə sanksiyalarının, vergilərin, gömrük rüsumlarının, yığımların, faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi, sığorta ödənişlərinin, dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqlarının və digər yığımların, pensiya, təqaüd, maddi yardım, müavinətlərin, kompensasiyaların və təzminatların, stasionar telefon xidmətləri və kommunal xərclərin, vergi ödəyicilərinə faizsiz pul vəsaitlərinin və digər ayırmaların ödənilməsi və qaytarılması, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsinin, təhsil haqlarının ödənilməsinin və turagentlərə ödənişlərin aparılmasının nağdsız qaydada həyata keçirilməsinə dair tələblər müəyyən edilib:

"Eyni zamanda əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əməkhaqlarının da nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulub. Həmin Qanunun tələblərinin pozulmasına görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə aparılan əməliyyatların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı Vergi Məcəlləsinə müvafiq maddə daxil edilib".