XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Dekabr 2016 - 12:59

Vüqar Bayramov:“FED-in qərarından sonra manata təzyiqin artacağı qaçılmazdır”

Vüqar

Dünən ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin artırılması barədə qəbul etdiyi qərarı iqtisadçı ekspert Vüqar Bayramov şərh edib.

İqtisadçının sözlərinə görə, FED qərarı elan edildikdən sonra qlobal valyuta və əmtəə bazarları bu addıma dərhal reaksiya göstərib: “Dollara nisbətən dəyərsizləşən Avropa pulu dünya bazarında 1 avro 1.048-dək ucuzlaşıb. İngilis pul vahidinin də dollara nisbətən dəyər itirməsi müşahidə edilməkdədir. Neft daxil olmaqla strateji əmtəə bazarı da qərara reaksiya verməkdədir. Artıq WTI markalı neftin 1 barelinin qiyməti 51 dollardan aşağı təklif edilir”. (teleqraf.com)

Vüqar Bayramov deyir ki, bu qərar əksər inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan üçün iqtisadi baxımdan arzuolunan deyil: “FED-in qərarından sonra manata təzyiqin artacağı qaçılmazdır. Əslində, oxşar qərarlar əvvəllər manata psixoloji təzyiqlər formalaşdırırdısa, indi dollara olan tələbin yüksək olması səbəbindən iqtisadi təzyiqlər də müşahidə edilməkdədir.  Dekabr ayında dollar tələbinin artması və bazar təklifinin azalması fonunda ABŞ-da uçot dərəcəsinin artırılması milli valyutamıza əlavə təzyiq yaradır. Bu baxımdan, Azərbaycan Mərkəzi Bankı bütün ssenarilərə hazır olmalıdır. 

Təbii ki, Mərkəzi Bankın bu ssenariyə necə hazırlaşdığını yaxın günlərdə müşahidə edə biləcəyik. Bütövlükdə, əgər Mərkəzi Bank daha çevik alətlərdən istifadə edib valyuta bazarındakı psixoloji təzyiqləri aradan qaldırmazsa, manatın ucuzlaşması prosesi daha sürətlənə bilər”.

İqtisadçı qeyd edib ki, qlobal neft bazarı da FED-in qərarına reaksiya verdiyi üçün bu, dövlət gəlirlərimizə də təsirsiz ötüşməyəcək: “Möhkəm dollar strateji məhsulların qiymətindəki artım faizinə mənfi təsir göstərir və artıq sözügedən bazardakı qiymət azalmaları bundan xəbər verir. Dolların bahalaşması fonundan ABŞ neft ehtiyatlarını, eləcə də bazara çıxartdığı neftin həcmini artırarsa, o zaman “qara qızıl”ın qiymətində daha kəksin azalmalar istisna edilmir. Bu isə OPEC-in son cəhdləri fonunda neft ölkələrinin bazarda uyğun qiymət tarazlığı tapmasına imkan verməyəcək. Bütövlükdə, FED-in son qərarından sonra neftin qiymətlərinin necə dəyişməsi birbaşa Amerikanın mövqeyindən asılı olacaq. Söhbət isə sadəcə ABŞ-dan deyil, eyni zamanda Kanadanın hasilatından gedir. 

FED gələn il də uçot dərəcələrini artıracağını bildirib. Deməli, son qərar və bəyanatlar fonunda Azərbaycan Mərkəzi Bankının liberal məzənnə siyasətinə keçidi sürətləndirəcəyi gözlənilir. Artıq Mərkəzi Bankın manevr imkanları məhdudlaşmaqdadır və bu baxımdan baş bank sözün həqiqi mənasında meydanı valyuta bazarına təhvil verəcəyi gözləniləndir”.

Ekspert qeyd edib ki, FED-in uçot dərəcəsinin Azərbaycanda da dollara tələbi daha da artırmaqla manata təzyiqi gücləndirəcək: “Deməli, ilin son ayı da Mərkəzi Bank üçün asan olmayacaq”.