XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2016 - 13:42

Strateji Yol Xəritəsinə əsasən Azərbaycanda yeni sığorta xidmətləri yaradılacaq

siqorta

Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta sahəsi üzrə aidiyyəti qurumların iştirakı ilə işçi qruplar yaradacaq.

Bu barədə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”də deyilir.

Sənədə əsasən, işçi qruplar tərəfindən cari vəziyyətin diaqnostikası aparılaraq, qabaqcıl beynəlxalq təcrübə araşdırılmaqla, hər bir sığorta sahəsi üzrə hüquqi, tənzimləyici və institusional çərçivənin formalaşdırılması istiqamətində görüləcək işlər və hər bir sığorta sahəsi üçün əməliyyat modeli müəyyənləşdiriləcək.

Sığorta sistemində məlumatların toplanması, məlumat sistemləri və mübadilə prosesləri maliyyə xidmətləri sektorunda bu sahə üzrə müvafiq təşəbbüslər kontekstində nəzərdən keçiriləcək. Məsələn, müxtəlif risk amilləri nəzərə alınmaqla, kənd təsərrüfatı sığortası məhsulları üzrə qiymətlərin təyin olunması üçün məlumat sisteminin yaradılması nəzərdən keçiriləcək.

Hər bir sığorta sahəsinin inkişafı üzrə tədbirlər planı hazırlanacaq və icrasına başlanılacaq. İşçi qrup müəyyən edilmiş təşəbbüslərə uyğun olaraq, sektorun inkişaf səviyyəsini müntəzəm şəkildə qiymətləndirəcək. Bundan əlavə, sığorta sektorunda əlavə sahələrə diqqət yetirilməsi imkanlarını, eləcə də sığorta siyasətindəki zəruri dəyişiklikləri davamlı şəkildə qiymətləndirəcək.

Yeni sığorta xidmətlərinin yaradılması maliyyə vasitəçiliyinin dərinləşməsinə və inklüzivliyin artmasına təkan verəcək. Kənd təsərrüfatı sektorunda risklərin sığortalanması maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək və sektorun artımını dəstəkləyəcək. Sığorta penetrasiyasının (sığorta haqlarının qeyri-neft ümumi daxili məhsula (ÜDM) nisbətinin) 1,4 faizə çatması hədəflənir.

Prioritetin 2020-ci ildə real ÜDM-ə təsirinin 85 milyon manat birbaşa və 40 milyon manat dolayı olmaqla, ümumilikdə 125 milyon manat olacağı gözlənilir. ÜDM-ə müsbət töhfə sığorta sektorunun gəlirlərinin artması və nəticədə penetrasiya səviyyəsinin yüksəlməsi ilə izah olunur. Bu prioritetin həyata keçirilməsi nəticəsində 1600 yeni iş yerinin yaradılması gözlənilir.