XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

22 Dekabr 2016 - 14:46

Türkiyə Azərbaycana lirə ilə ticarət etməyi təklif edir:Bakı dollardan imtina edə bilərmi? – Rəylər

lire

 

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin sözlərinə görə, Azərbaycanla Türkiyə ticarət dövriyyəsində milli valyutadan maksimum yararlanmalıdır və bunun yolları tapılmalıdır.

“Son zamanlar əsas siyasətimiz ikitərəfli ticarət dövriyyəsində milli valyutalarla hesablaşmanın tətbiqidir”, – nazir belə söyləyib. O, bununla bağlı prezidentlərin təlimatı olduğunu, iqtisadiyyat nazirlikləri və mərkəzi bankların zəruri işlər görəcəyini də bildirib. Azərbaycandakı iş adamları və iqtisadçılar belə hesablaşmanın mümkünlüyünə inanmırlar. Kimi bu bəyanatın siyasi maraqlar naminə səsləndirildiyini düşünür, kimi «xoş ovqat naminə söylənilmiş fikir» sayır. (Azadlıq radiosu) 

“TÜRKİYƏNİN ÖZÜNDƏ ELƏ MAL VAR ANCAQ DOLLARLA SATILIR”

Son 5 ildə Türkiyəylə işləyən, bu ölkədən plastik qapı-pəncərə profillərinin idxalıyla məşğul olan işadamı Firdovsi Nağıyev deyir ki, bu, ağır prosesdir. "Onda gərək burdan ora, oradan bura gələn mal eyni həcmdə olsun. Tutalım, oradan bura 100 milyonluq, burdan ora 10 milyonluq mal gedəcəksə, alınmayacaq. Bizim pul orda qəbul edilməyəcək. Gərək onda bizim iqtisadiyyata dəstək olsunlar, onlar bizə 100 milyon lirəlik nəsə satanda, biz də onlara 100 milyon lirəlik nəsə sata bilək. Mənimlə işləyən türk işadamı məndən manatı alıb neyləyəcək? Ona manatın müqabilində həmin məbləğdə mal verməliyəm. Bu da məncə, çətin prosesdir, alınası deyil".

Firdovsi Nağıyev, ən yaxşı halda, hökumətlər arasında limit müəyyənləşdirilməsini real sayır: «Limit ayrıla bilər ki, bir il ərzində Türkiyə ilə Azərbaycan, tutalım, öz milli valyutaları ilə 200 milyonluq alver edə bilər».

İşadamı onu da deyir ki, Türkiyənin özündə elə məhsul var, onu lirəylə satmaq mümkün deyil: “Türkiyə birjalarla işləyir. Orda, məsələn, alüminium dolların kursuna uyğun satılır. Bu halda milli valyutayla hesablaşma real görünmür”.

"MANATLA LİRƏNİN MƏZƏNNƏSİ HANSI VALYUTAYA NİSBƏTDƏ QİYMƏTLƏNDİRİLƏCƏK?"

Bu sualı işadamı və iqtisadçı Nazim Bəydəmirli verir: "1975-ci ilə qədər ölkələr arasında ticarətdə qızıl ekvivalenti əsas götürülürdü. 1975-ci ildən bəri ABŞ dolları dominant mövqedədir. Dünya ticarətinin təqribən 70 faizdən çoxu bu ölkənin valyutası ilə götürülür. Bu halda Azərbaycan və Türkiyənin milli valyutaları hansı ölkənin valyutasına nisbətdə qiymətləndiriləcək? Bu maraqlıdır".

Buna görə də Bəydəmirli «arzu kimi şirin görünən» ideyanın gerçəkləşməsini çox çətin sayır. O xatırladır ki, Çin də hesablaşmaları milli valyutayla aparmaq təşəbbüsü ilə çıxış edib, ancaq bu, hələ də, baş tutmayıb. Səbəb də ABŞ valyutasının mübadilə vasitəsindən başqa əmtəəyə çevrilməsidir və yaxın zamanlarda onun sıradan çıxması gerçək görünmür. Nazim Bəydəmirli bu təşəbbüsün geosiyasi maraqlardan, ambisiyalardan irəli gəldiyini düşünür və Azərbaycanın buna gedəcəyi halda mənfi fəsadlarla üzləşəcəyini deyir.

"KÖNLÜ BALIQ İSTƏYƏN…" MƏSƏLİ YA DA…

İqtisadçı Nemət Əliyev bu təşəbbüsü «boğazdanyuxarı söz» kimi dəyərləndirir. O yada salır ki, türk iş adamları «dünyanın düz vaxtında» Azərbaycan manatına etibar etməyiblər. O ki qala indiki dövrdə, Azərbaycan üçün mürəkkəb, iqtisadiyyatda kəskin geriləmələr, kapital qoyuluşunda ciddi problemlər yaşadığı vaxtda ola. İqtisadçı bunu inandırıcı hesab etmir. "Dəyər itirən manatın anonsunu alan Türkiyədəki işadamı manatı alıb neyləyəcək? Türkiyədə Azərbaycandakı durumu müşahidə edənlər nə düşünərək bu addımı atacaq? Elə Türkiyənin lirəsi də ucuzlaşmaqdadır. Bu halda Azərbaycan iqtisadi və ya rəsmi dairələri nə düşünəcək?", – deyə iqtisadçı sual edir.

Nemət Əliyev həmin fikrin, sadəcə, xoş ovqat naminə söylənildiyinə əmindir. Onun qənaətincə, bu təşəbbüs o zaman gerçəkləşər ki, hər iki ölkə – «könlü balıq istəyən» tərəflər müəyyən fədakarlıqlara getsin, hərçənd bu halda kimin udub-udmayacağı da bəlli deyil.

Türkiyə naziri tək Azərbaycanla deyil, Yaponiya, Çin, Rusiya və İranla da ticarət dövriyyəsində milli valyutanın tətbiqindən danışıb.