XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2017 - 03:34

İqtisadçı alimin 2017-ci il gözləntiləri:"Ən böyük problem işsizlik və inflyasiya olacaq"

qubad-ibadoqlu-8

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, tanınmış iqtisadçı alim Qubad İbadoğlu özünün facebook səhifəsində 2017-ci ildə ölkəmizi gözləyən iqtisadi çətinliklərdən yazıb. 

Strateq.az Qubad İbadoğlunun həmin yazısını təqdim edir:

Ötən ilin sonuncu yazısını gələn ilin iqtisadi proqnozlarına həsr etmək istəyirdim. Bayram günündə ovqatınızı təlx etməmək üçün bu fikrimdən çəkindim. Amma əslində bayram əhval-ruhiyyəsi gərək hər bir şəxsin qəlbində olsun, onun üçün ilk növbədə insanın maddi durumu və əhvalı yaxşı olmaldır, bununla yanaşı ətraf mühit, müsbət aura və gələcəyə inam da insanlarda nikbinlik yaradır.

Üzrlü hesab edin ki, bayram günlərində bu ilin iqtisadiyyatından gözləntiləri müsbət notlarla təqdim edə bilmirəm.

Bunun başlıca səbəbi yola saldığımız il ərzində yetərincə imkanlar və şansların dəyərləndirilməməsi, tələb olunan qərarların vaxtında verilməməsi və ona görə də problemlərin çoxunun bu ilə aparılmasıdır.

Nəticədə hətta rəsmi statistik məlumatlarda da ötən il ərzində Azərbaycan iqtisadiyyatı 4 faizə qədər kiçildi, ərzaq inflyasiyası 15 faizi ötdü, 50 mindən çox iş yeri bağlandı. Azərbaycan iqtisadiyyatı MDB məkanında ili tənəzüllə başa vuran Belarus və Rusiya ilə nəinki eyni siyahıda yer aldı, hətta bu qara siyahıya liderlik etdi.

Beləliklə də, start vəziyyəti gözlənildiyindən xeyli pis olan 2017-ci ildən gözləntilər də nikbinlik yaratmır.

Pis göstəricilərlə 2017-ci ilə keçid edən milli iqtisadiyyatın yeni gerçəkliyinin və tələblərinin əsas yükünü aztəminatlı əhali və azad sahibkarlar çəkəcək.

İlin birinci yarısı daha ağır olacaq. Bu dövrdə ərzində iqtisadi böhran büdcə böhranına da gətirib çıxaracaq. Çünki azalan idxal, zəifləyən iqtisadi fəallıq büdcənin mədaxilinin proqnoz səviyyəsində formalaşmasına problemlər yaradacaq. Bu da xüsusilə də 1-ci rübdə büdcədən maliyyələşən təşkilatlarda əmək haqqı və pensiyaların vaxtında verilməsində ciddi çətinliklər yaradacaq.

İlin ən böyük problemi işsizlik və inflyasiya olacaq. İş yerlərinin ixtisarı 2017-ci ildə də davam edəcək. Bu il ərzində daha çox ixtisaslı işçilər işlərini itirəcəklər və bu da əmək bazarında iş yerləri uğrunda rəqabəti daha da kəskinləşdirəcək.

İnflyasiyaya gəlincə, qiymətlərə artırıcı təsir göstərən mövsümi amillər və inhisarçı şirkətlərin müraciəti əsasında bahalaşan tariflər olacaq. İl ərzində enerji daşıyıcılarının, kommunal xidmətlərin, nəqliyyatda gediş haqlarının bahalaşması ilə bağlı Tarif Şurasının yeni qərarları olacaq. Bu və digər amillərin təsiri ilə 2017-ci ildə də inflyasiya iki rəqəmli olacaq.

2017-ci ildə maliyyə və bank sektorunun çətinlikləri davam edəcək. Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların xərclərinin artımını şərtləndirən yeni qərarlarının bu ildən icraya yönəlməsi bankların və qeyri-bank kredit təşkilatlarının manevr imkanlarını məhdudlaşdıracaq. Əldə etdiyi gəlirlərlə xərclərini tənzimləmək sahəsində problemlərlə üzləşən əmanətçilər və kreditorlar qarşısında öhdəliklərini vaxtında yerinə yetirməyən bir neçə bankın lisenziyası geri alınacaq, həm bank və həm də bank olmayan kredit təşkilatları fəaliyyətlərini dayandırmaq və birləşmək məcburiyyətində qalacaqlar.

Fikrimcə, il ərzində manatın dollara nəzərən məzənnəsi 3 ssenaridən birində inkişaf edə bilər. Ən yaxşı ssenaridə 1 dollara görə manatın orta məzənnəsi 2 manat 20 qəpik, orta ssenaridə 2 manat 50 qəpik, pis ssenairədə isə 2 manat 80 qəpik olacaq.

2017-ci ildə manatın gerçək məzənnəsi formalaşmayınca, ölkəyə kapital cəlb etmək və iqtisadiyyatı sabitləşdirmək mümkün olmayacaq. Bunun üçün də iqtisadi sahədə struktur və institutsional, eləcə də dövlət idarəetməsində inzibati və məhkəmə islahatları aparılmalı, milli iqtisadiyyatın liberallaşdırılması, sağlam rəqabətin dəstəklənməsi və yerli özünü idarəetmə keyfiyyətcə yeni mərhələyə daxil olmalıdır.

Gözlənilən dəyişikliklər yalnız müstəqil vətəndaş cəmiyyəti və azad mətbuatın dəstəyi ilə səmərə verə bilər. Bu da o deməkdir ki, iqtisadi reformalar siyasi islahatlarla birlikdə aparılmalıdır.