XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2017 - 13:15

Hərracda dövlət obyektlərini kim alır? –İlk dəfədir əmlak torpaqla birgə satılır

herrac-obyekt

Ötən il sentyabrın 14-dən bərpa edilən hərraclar uzun illərdən sonra özü ilə rəqabətli mühit də gətirib. İndi bazar qiyməti ilə təklif olunan obyektlərə əvvəllər onların formal sahibi kimi tanınan şəxslər də yaxın düşə bilmirlər.

Azadlıq radiosu hərracların nəticələrinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK-nın) təqdim etdiyi məlumatlar əsasında ümumiləşdirmə aparıb. Məlum olub ki, dekabrın 27-də keçirilən son hərraclar da daxil, ötən il cəmi 63 avtonəqliyyat vasitəsi və 3 helikopter, 48 qeyri-yaşayış sahəsi, 98 kommersiya tipli obyekt, 29 səhmdar cəmiyyətinə aid səhmlər və digər əmlak – toplam 243 daşınan və daşınmaz əmlak obyekti satılıb.

İLK DƏFƏDİR Kİ, ƏMLAK TORPAQLA BİRGƏ TƏKLİF OLUNUR

Səhmlər nəzərə alınmadan hərraca çıxarılan əmlaklar ilkin hərrac qiymətindən (9 milyon 996 min 130 manat) 416 min manat baha satılıb. Bu ildən ƏMDK hərraca çıxarılan əmlakı altındakı yerləşən torpaq sahəsi ilə birgə satır. Özəlləşdirmədən gözlənilən daxilolmaların yüksək olması həm də bu amillə bağlıdır. Özəlləşdirmədən daxilolmalar bununla bitmir. Fəaliyyətdə olan kommersiya obyektlərinin işçiləri bu obyektlərin 15 faizlik hissəsini açıq hərraca qatılmadan əldə etmək hüququna malikdirlər.

Bir fakt diqqət çəkir ki, öncəki illərdə ƏMDK dövlət əmlakının özəlləşdirməsindən əldə etdiyi vəsaitin, demək olar, hamısını elə həmin prosesin təşkilinə xərcləyib. Başa çatmış 2016-cı və bu il dövlət büdcəsindən özəlləşdirmənin təşkilinə 25 milyon manat ayrılıb. ƏMDK həmin vəsaitin xərclənmə istiqamətləri barədə ictimaiyyəti məlumatlandırmır.