03 yanvar 2017-cı il tarixdə “Bank Respublika” ASC-də Müşahidə Şurasının Növbədənkənar Yığıncağı keçirilib.
Strateq.az xəbər verir ki, iclas zamanı “Bank Respublika” ASC-nin İdarə Heyətinin sədri Xədicə Mirzəağa qızı Həsənovanın öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi, Namazov Asəf Elxan oğlunun isə yeni Sədr seçilməsi qərara alınıb.
Xatırladaq ki, yeni sədr 1991-ci ildə Gəncə şəhəri Kənd Təsərrüfatı Akademiyasını bitirib.
2004-2009-cu illərdə Bank Respublikada İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində işləyib, 2009-cu ildənsə Bankın Müşahidə şurasının üzvüdür.
Həmçinin, iclasda Səhmdarların növbədənkənar ümumi yığıncağının tarixi 21 fevral 2017-ci il müəyyən edilib.
Yığıncaqda, Müşahidə Şurasının tərkibinin müəyyən edilməsi nəzərdə tutulub. Bankın sabiq sədri Xədicə Həsənovanın bankdakı fəaliyyətini Müşahidə Şurasınnın üzvü kimi davam etdirəcəyi planlaşdırılır.
"Bank Respublika" ötən il ərzində Səhmdar kapitalını 57 milyon manatadək artırmağa nail olub və yüksək likvidlik dərəcəsini qoruyub saxlamaqla öz dayanıqlığını təsdiqləməkdə davam edir.
Hal-hazırda maliyyə sektorunda yeni yaranmış imkanlardan faydalanaraq, müştərilərə müasir bank xidmətləri təqdim etmək məqsədi ilə bankın yaxın illəri əhatə edən yeni strategiyası üzərində iş aparılır.