Türkmənistan Avropaya ildə 30 milyard kubmetr qaz verə bilər
Avropa Birliyi Avropa şirkətlərini cəlb etməklə Türkmənistandan Avropaya qaz kəməri layihəsinin bərpa edilməsi üzrə imkanlar arayır.
Strateq.az Rusiya KİV-ə əsasən bildirir ki, AB-nin Aşqabaddakı səfiri Denis Daniilidisin sözlərinə görə, Enerji Birliyinin sədri, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç Transxəzər qaz kəmərinə görə danışıqların təzələnməsi üçün ən yaxın aylarda Türkmənistana səfər etmək niyyətindədir.
O bildirib: “Türkmən tərəfdaşlarımızla danışıqlarda AB şirkətlərinin türkmən qazını almağa necə cəlb etmək barədə nəticəyə gəldik”.
Türkmənistan hökuməti əvvəllər Avropanı ildə 10-30 milyard kubmetr qazla təchiz etmək üzrə fəal danışıqlar barədə məlumat vermişdi.
Söhbət Xəzərin dibi ilə Türkmənistandan Azərbaycana, sonra da Gürcüstan və Türkiyə ərazilərindən Avropaya çəkilməli olan Transxəzər qaz kəmərindən gedir. AB və ABŞ Avropanın qazla təchizatı alternativlərinə görə bu layihəni prioritet hesab edir.
Rusiya və İran hesab edir ki, Xəzər dənizinin dibindən qaz kəmərinin çəkilməsi Xəzəryanı dövlətlərin hamısnın razılığı ilə həll olunmalıdır. Azərbaycan, Qazaxıstan və Türkmənistan hesab edir ki, bu məsələ sahilyanı beş dövlətin hamısı ilə yox, razılaşan iki tərəf arasında həll oluna bilər.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun əvvəllər məlumat verdiyi kimi, Putin bildirib: “Konsensus olmasa, Moskva Xəzər üzrə qərarı legitim hesab etməyəcək”.