Yanvar ayının 12-də “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqlənib.
Fins.az-ın məlumatına görə, yeniliyə əsasən yanvar ayının 1-nə qədər olan vergi borcları və maliyyə sanksiyaları silinir.
Bununla belə, bağışlanılan borclardan da vergi tutulacaq.
Vergi və hüquq məsələləri üzrə ekspert Vəli Əliyev fins.az-a bildirib ki, yeni qanuna əsasən 2017-ci ilin yanvar ayının 1-dək faiz borcu və kassa çeki vurulmamasına görə tətbiq edilən maliyyə sanksiyaları heç bir şərt irəli sürülmədən silinməlidir. Digər maliyyə sanksiyaları isə 3 ay ərzində qanunla müəyyən edilmiş şərtlərə əməl edildiyi halda silinməlidir.
Ekspertin sözlərinə görə, digər məsələ isə ondan ibarətdir ki, silinən borclar 2017-ci ilin nəticələrinə görə vergi orqanına gəlir kimi bəyan olunub yenidən vergi hesablanmalıdır. Çünki, silənən borcların məbləği sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə aiddir.(Vergi Məcəlləsi maddə:13.2.16.5 və 99.3.5). Bu səbəbdən silinən borcların məbləğini yenidən bəyan etməyi unutmaq olmaz.
Məsələni bir az da sadələşdirək, məsələn 10 min manat faiz və ya maliyyə sanksiyası üzrə borc silinərsə, 2017-ci il başa çatdıqdan sonra silinən borcun 20%-i həcmində, yəni 2 min manat mənfəət və ya gəlir vergisi büdcəyə ödənilməlidir.
Ekspert əlavə edib ki, həmin qanunda hər hansı istisnalar olmadığı üçün bağışlanılan borc məbləği hüquqi və fiziki şəxsin vergiyə cəlb edilən gəliridir və silinən borcun 20%-i büdcəyə vergi şəklində ödənilməlidir.