XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2017 - 10:56

“Mərkəzi Bank çalışır ki, manatın məzənnəsini daha tez formalaşdıra bilsin” –Vüqar Bayramov

Vüqar

Dünyada isə əksinə, proses gedir və dollar digər valyutalara nisbətdə ucuzlaşır. Ekspertlər hesab edirlər ki, dünyadan fərqli olaraq, Azərbaycanda dolların bahalaşmasının  səbəbi başqadır.

Belə ki, bildirilir ki, Mərkəzi Bank dolların məzənnəsini 2 manata çatdırmağı və bu səviyyələrdə sabitləşdirməyi qarşısına məqsəd qoyub. Buna səbəb isə tezliklə  2017-ci il üçün nəzərdə tutulan iqtisadi inkişafla bağlı planların həyata keçirilməsinə başlamaqdır. 

Onu da qeyd edək ki, artıq bir neçə gündür banklarda yaşanan dollar qıtlığına da son qoyulub. İnsanlar rahat şəkildə banklardan dollar ala bilirlər.

Strateq.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a bildirib ki, “üzən məzənnə”də kursun necə olacağını Mərkəzi Bank müəyyənləşdirmir: “Çünki bu, liberal məzənnədirsə, o zaman bazar tərəfindən müəyyənləşdirilməlidir. Lakin son hərracların da nəticəsi göstərir ki, manatın dollara nisbətdə məzənnəsini Mərkəzi Bank müəyyənləşdirir. Mərkəzi Bank çalışır ki, bazarda manatın məzənnəsini daha tez formalaşdıra bilsin. Doğrudan da manatın bazar məzənnəsinin müəyyənləşməsi olduqca vacibdir.

”Strateji Yol Xəritəsi"ndə 2017-ci il üçün nəzərdə tutulan fəaliyyətlərdən biri də məhz liberal məzənnəyə keçid və bazar kursunun məzənnəsinin müəyyənləşdirilməsi idi. Bazar məzənnəsini müəyyənləşdirmək ona görə vacibdir ki, bu baş verməyincə real sektora sərmayələrin cəlb edilməsi kifayət qədər çətin olacaq.

Xarici investorlar əmin olmalıdırlar ki,  bu, artıq bazar məzənnəsidir. Bazar məzənnəsi isə o deməkdir ki, əgər milli valyutanın bazar məzənnəsi müəyyənləşərsə, bu halda artıq müəyyən müddət manat həmin məzənnə ətrafında dəyişəcək".

Bir çox ekspertlər  dollara nisbətdə 2 manatın psixoloji səviyyə olduğunu söyləyirlər.  Real məzənnənin hansı həddə qərarlaşacağı barədə V. Bayramov bunları deyib: 

“Bazar məzənnəsini bazar özü müəyyənləşdirməlidir. Hansısa bir rəqəmi öncədən nə Mərkəzi Bank, nə də digər  qurumlar rəsmiləşdirə bilməzlər. Burada ssenariyə də baxmaq lazımdır. Nəzərə alaq ki, Dövlət Neft Fondunun 2017-ci il üçün xərcləmələri 14.5 milyard manatdır, onun 7.5 milyard manatı birbaşa Mərkəzi Banka, 6.1 milyard manatı isə büdcəyə transfertlərdir. Mərkəzi Banka transfertlər hərraclar vasitəsilə bazara çıxarılarsa, o zaman Mərkəzi Bank psixoloji təzyiqi ciddi şəkildə azalda bilər.  14.5 milyard manat, 7.8 milyard dollara yaxın vəsaitdir. Bu da hərraclar vasitəsilə satılarsa, bununla da psixoloji təzyiqi azaltmaq olar. Ancaq o vəsaitin heç də hamısı hərraclar vasitəsilə təklif olunmazsa, o zaman psixoloji təzyiq yenə də qalacaq.

Bu baxımdan,  Mərkəzi Bankın hansı ssenarini seçməsi və hərraclara nə qədər vəsait çıxarması çox önəmlidir. Faktiki olaraq Mərkəzi Bank mövcud resurslardan istifadə edib, xüsusilə də Dövlət Neft Fondunun transfertlərindən faydalanmaqla praktik olaraq psixoloji təzyiqi azalda bilər. Bu isə növbəti dövrlərdə manatın bazar məzənnəsinin, eləcə də psixoloji təzyiqlərin həddini müəyyənləşdirər”.

Son zamanlar banklarda dollar qıtlığının aradan qalxması barədə danışan ekspert bunun səbəbinin də bəhs etdiyimiz transfertlər olduğunu bildirdi: “Əgər bazar məzənnəsi müəyyənləşərsə, ölkədə ”qara bazar" da mərhələli şəkildə ləğv ediləcək. Bu prosesin gedəcəyi gözləniləndir. 

“Qara bazar” ona görə yaranırdı ki, bank dollar satmırdı. İndi əgər banklar dollar satışını bərpa edəcəklərsə, o zaman faktiki olaraq bu, “qara bazar”ın aradan qaldırılmasına səbəb olacaq. Vətəndaşlar əgər rəsmi şəkildə banklardan pul ala biləcəklərsə, nə üçün qeyri-leqal yola baş vursunlar ki?

Bankların son zamanlar dollar satışında problemlərinin olmamasının səbəbi odur ki, onlar hərrac vasitəsilə dollar alıblar. Konkret olaraq 300 milyon dollar çıxarıldıqdan sonra bankların dollar satışı bərpa edilməyə başladı. Əgər Mərkəzi Bank davamlı şəkildə Dövlət Neft Fondunun xətti ilə dollar satışını təşkil edəcəksə, o zaman banklarda da dollar satışını fasiləsiz şəkildə davam etdirmək mümkün olacaq. Banklarda dollar satışı birbaşa olaraq hərraclara çıxarılan valyutanın həcmindən asılıdır. Valyutanın həcmi az olursa, banklar dolları satmırlar, çox olursa, satırlar".