“Dövlətin minimal əməkhaqqını qaldırmaq üçün imkanları var, amma bunun nəticələri dəhşətli ola bilər. İqtisadiyyat ilbəil tənəzzülə getdiyi halda, əlbəttə minimal əməkhaqqını qaldırmaq olmaz”.
Bu sözləri Nazirlər Kabinetinin sabiq şöbə müdiri, ekspert Oqtay Haqverdiyev ölkədə minimal əməkhaqqının qaldırılma ehtimalı və onun nəticələrini “Exo” qəzetinə şərh edərkən bildirib.
Ekspert deyib ki, ölkədə xeyli insanın aldığı əməkhaqqı minimal əməkhaqqıdan bir qədər çoxdur. Minimal əməkhaqqı isə 116 manata bərabərdir. Onun fikrincə, minimal əməkhaqqını çox yüksəltmək də olmaz. Çünki, o halda inflyasiya da özünü çox gözlətməyəcək.
O.Haqverdiyev vurğulayıb ki, hökumət xoş zamanlarda bu məsələyə diqqət yetirsəydi, vəziyyət indi kimi acınacaqlı olmazdı. Onun fikrincə, əslində, minimal əməkhaqqı ölkədə orta aylıq əməkhaqqının 80 faizinə bərabər olmalıdır. Bu isə minimal əməkhaqqını azı iki dəfə artırılması deməkdir.
O.Haqverdiyev hesab edir ki, inflyasiya artsa, əmtəə və xidmətlərin qiymətləri bahalaşacaq. Bu, pul kütləsinin artmasına və avtomatik şəkildə alıcılıq qabiliyyətinin enməsinə səbəb olacaq.
Ekspert deyib ki, əhalinin real pul gəlirlərini çoxaltmaqdan ötrü ölkə iqtisadiyyatının illik artımı 4-5 faiz təşkil etməlidir.