XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

31 Yanvar 2017 - 21:49

“Neft Fondu həmin pulu Mərkəzi Banka verə bilməz” –Ekspertlərdən ucuzlaşan manatla bağlı şərhlər

manat

Milli valyutamız yenə hərracda ucuzlaşıb.

Yanvarın 31-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib və manatın orta çəkili məzənnəsi 1,9200 səviyyəsində formalaşıb. Xatırladaq ki, sonuncu hərracda dollar/manat cütlüyü 1,9165 səviyyəsində qərarlaşmışdı.

Dövlət Neft Fondundan Mərkəzi Banka transfer edilməsi gözlənilən 7,5 milyard manatdan isə hələ ki, xəbər yoxdur. "Standard & Poor's” beynəlxalq reytinq agentliyi isə bu transfertin nəzərdə tutulmasına münasibət bildirib və bildirib ki, transfertin real məbləği planlaşdırılandan daha az olacaq.

"Bizim fikrimizcə, real məbləğ planlaşdırılandan daha az olacaq. Azərbaycan Mərkəzi Bankının ehtiyatlarının tükənmə sürətinin nəzərə alaraq hökumət ehtiyatlı siyasətini həyata keçirməkdə davam edəcək”,- deyə açıqlamada bildirilir.

Qeyd edək ki, bu il Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 milyard manatın transferti nəzərdə tutulub. Transfert makroiqtisadi sabitliyin təmin olunmasına yönələcək. Transfert fondun ümumi xərclərinin 51,7 faizinə bərabərdir.

"Report”un analitikləri proqnozlaşdırıllar ki, Azərbaycanda ABŞ dolların rəsmi məzənnəsinin bu ilin ilk yarısında 1,80 AZN/USD səviyyəsinə qədər enməsi ehtimalı var.

Analitika qrupu bildirir ki, neftin qiymətinin cari səviyyəsi dolların 2,00 AZN/USD səviyyəsini keçməsini əngəlləyir: "Hazırkı məzənnə Azərbaycanın tədiyyə balansının cari hesabının profisitə keçməsinə imkan yaradıb. Buna baxmayaraq, tədiyyə balansının maliyyə hesabının kəsirli olması son nəticədə tədiyyə balansının ehtiyat aktivlərinin dəyişməsini balanslaşdırıb və cüzi profisitlə bitməsinə səbəb olub. Tədiyyə balansı profisitinin 2017-ci ildə daha da artacağı proqnozlaşdırılır”.

"Azərbaycanda dövlət və korporativ sektorun xarici borclarının tənzimlənməsi və uzunmüddətli olması yaxın illərdə neft qiymətlərinin 45 dollar/bareldən yuxarı qalması şərtilə dolların məzənnəsində kəskin artımın olmayacağını deməyə əsas verir. Belə ki, dolların məzənnəsinin kəskin artması iqtisadi aktivliyə də ciddi zərər verir. Bu da öz növbəsində gömrük və vergi yığımlarını azaldır, işsizliyin artmasına səbəb olur. Nəticədə, iqtisadi artım zəifləyir”,- deyə analitiklər qeyd ediblər. 

Analitik qrup 2017-ci ildə neft qiymətlərinin 45-65 dollar/barel diapazonunda hərəkət edəcəyini, dolların məzənnəsinin isə 1,80 AZN/USD səviyyəsinə qədər geriləyəcəyini ehtimal edir:

"Rəsmi məzənnənin 2017-ci ildə 1,80-2,00 AZN/USD diapazonunda qalacağı gözlənilir. Bunun digər bir səbəbi isə Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə yerli valyutaların möhkəmlənməyə başlamasıdır. Belə ki, Türkiyədə lirə son günlərdə 3,5 faiz möhkəmlənib və prosesin davam edəcəyi gözlənilir. Rusiyada isə rubl uzun müddətdir ki, möhkəmlənir və minimal həddən 30 faiz güclənib. Çin valyutasının məzənnəsi də bir qədər möhkəmlənərək 6,87 CNY/USD səviyyəsində sabitləşib. Azərbaycan manatının bu vəziyyətdə möhkəmlənməməsi real effektiv məzənnənin kəskin azalmasına, bununla da idxal mallarının bahalaşmasına və inflyasiyanın sürətlənməsinə gətirib çıxara bilər”.

Ekspert Əkrəm Həsənov isə musavat.com-a açıqlamasında bildirib ki, məsələnin iki tərəfi var:

"Birincisi, bu pulun Mərkəzi Banka nə zaman veriləcəyi məlum deyil. Vəsaitin veriləcəyi ilin əvvəlində elan ediləndə dollar 1,77 manat idi, indi isə 1,92-dir. Deməli, o zaman 7,5 milyard manat bəyan olunan gün 4 milyard 227 milyon dollar idi. İndi 3 milyard 900 milyon dollardır. Haradasa 300 milyondan çox azalıb. Artıq elan olunan 7,5 milyard manat əvvəlki qədər dollar demək deyil. Çünki devalvasiya hər gün davam edir.

Bu templə getsə, ilin sonuna o pul 3 milyarddan da az ola bilər. Bu baxımdan da beynəlxalq agentliklər bunu nəzərdə tuturlar. Elan olunanda olan vəsaitin Neft Fondu tərəfindən Mərkəzi Banka bu il verilməyəcəyini söyləyirlər. Çünki o pul dollar ekvivalentində o qədər etmir, azdır, daha da azalması gözlənilir”. 

Ekspertin sözlərinə görə, həm də ola bilər Neft Fondunun bu il o qədər gəliri olmasın:

"Prinsipcə, Neft Fondunun təsdiq edilən büdcəsi 8 milyard 370 milyondur, xərci isə 14 milyarddan çoxdur. Yəni artıq ilin əvvəlindən məlumdur ki, Neft Fondu 8 milyard qazanıb, 14 milyard xərcləyəcək. Deməli, indiyədək topladığımız  xərclənməlidir, hansısa obyektləri satmalıdır. Əks halda, bunu edə bilməyəcək. Beynəlxalq agentliklər həm də ehtiva edirlər ki, ola bilsin, Neft Fondu il ərzində bu qədər pul qazana bilməsin. Neftin qiyməti prinsipcə artmır və ehtimallar var ki, Amerika öz neftini artırdıqca, bazarda neftin qiyməti düşə bilər.

Eyni zamanda, bizdə neftin hasilatı azalır. Neft Fondu bu il o qədər pul qazanmaya bilər. Digər tərəfdən, qazansa belə, indiyə qədər qazandığını da satmalıdır ki, öz xərcini bağlasın. Həmçinin Mərkəzi Banka da o qədər pul versin. Amma ola bilər ki, Neft Fondu istədiyi qədər əmlakı sata bilməsin. Yaxud ola bilər ki, dövlətin Neft Fondunun vəsaitinə başqa ehtiyacları olsun. Neft Fondu bu halda da pulu Mərkəzi Banka verə bilməz.

Bu ehtimallar var, hesab edirəm ki, kifayət qədər real ehtimallardır. Və ən azı, birinci əsas artıq var. Manatın qiyməti düşdüyü üçün Neft Fondu birmənalı olaraq ilin əvvəlində elan olunan qədər vəsaiti, dolları Mərkəzi Banka verməyəcək”.