«2016-cı ildə çoxsaylı fiziki və hüquqi şəxslər öz əmanətlərini banklardan geri çəkiblər. Onların bir hissəsi öz vəsaitlərini götürməyə sadəcə məcbur olublar. Çünki yaşamaq üçün başqa vəsaitləri olmayıb».
Strateq.az bildirir ki, bu sözləri “Exo”qəzetinə açılqamasında Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev deyib.
Ekspert vurğulayıb ki, problem təkcə depozitlərin azalmasında deyil. Banklar kreditləşmə imkanlarını itirirlər. Ekspertə görə, depozit axının əsas səbəbi əhalinin ölkənin bank sisteminə etimadını itirməsidir: «Demək olar ki, ilk devalvasiyadan və bəzi bankların ləğvindən sonra depozitlərin həcminin azalması baş verib. Hər ay banklar əmanətlərin müəyyən hissəsini itirib. Azərbaycanın maliyyə qurumları əmanətlərin itirilməsinin ən yüksək həddini keçib. İrihəcmli əmanətçilər öz kapitallarını artıq xaricə çıxarıblar».
O.Haqverdiyev deyib ki, bəziləri pullarını xarici bank hesablarına köçürüblər. Bəziləri də xaricdə daşınmaz əmlaklar alıblar: «Azərbaycanın kommersiya bankları depozit axınının ən yüksək həddini yaşayır. Əhali depozitlərinin həcmi 2 milyard manatdan da çox azalıb. Bu isə kredit qurumlarının fəaliyyətinə ciddi təsir göstərib».
Ekspertin fikrincə, ölkədən kapital çıxarılması indi də davam edir. Pullarını «balış» altında saxlayanlar isə çox azdır.
O.Haqverdiyev deyib ki, indi Azərbaycanda pullarını evdə saxlamaq bankda saxlamadan daha təhlükəsizdir.