XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Fevral 2017 - 12:23

Azərbaycan bir sıra xarici təkrar sığorta şirkətlərinibazardan kənarlaşdırıb

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin əsas problemi kapitallaşma ilə bağlı olub.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

Onun sözlərinə görə, bir tərəfdən sığorta şirkətlərinin vasitəçiləri hesabına satdıqları sığorta məhsullarının pulunun onlara çatmasında problemlər olub, digər tərəfdən isə şirkətlərin kapitalları az olduqları üçün onlar əldə etdikləri vəsaitin böyük hissəsini təkrar sığorta məqsədi ilə xaricdəki tərəfdaşlarına ötürüblər.

“Son nəticədə sığorta şirkətlərinin əsas funksiyası pul transferi olub. Amma sığorta hadisəsi baş verəndə ödənişi həmin təkrarsığortaçılar deyil, yerli şirkətlər özləri ödəməli olurdular. Bu isə əsasən peşəkarlıqla bağlıdır. Bizim sığortaçılar dünyanın aparıcı, 100 il təcrübəsi olan sığorta şirkətlərinin qoyduqları tələbləri görə bilmirdilər. Onlar qlobal maliyyə bazarının canavarlarıdır və Azərbaycan şirkətlərinə fərdi deyil, hazır, standart məhsullar satırlar. Buna görə də sığora hadisəsi baş verəndə onlardan ödəniş almaq problemə çevrilirdi”, – deyə R.Aslanlı qeyd edib.

Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün xarici təkrar sığorta şirkətlərinə qarşı tələblər sərtləşdirilib, onların bir qismi Azərbaycan bazarından kənarlaşdırılıb və bununla da sığorta şirkətlərinin vəsaitlərinin səmərəsiz şəkildə xarici bazara axmasının qarşısı alınıb. Eyni zamanda, sığorta məhsullarının ölkə daxilində satışına nəzarət gücləndirilib, məsələn, avtomobillərin icbari sığortasında elektron satış sisteminə keçilib ki, yerli sığortaçılar yüksək səviyyədə kapitallaşıb öhdəliklərini yerinə yetirə bilsinlər.