XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

10 Aprel 2017 - 09:25

Ekspertdən nazir müavininə etiraz:“Azərbaycan Rusiyanın meyvə və tərəvəzə  olan tələbatını ödəmək iqtidarında deyil”

“Azərbaycanın ümumi istehsal gücü Rusiyanın meyvə və tərəvəz məhsulların ola tələbatını qarşılayacaq səviyyədə deyil”.

Strateq.az bildirir ki, bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayevin “Azərbaycan Rusiyanın meyvə-tərəvəzə olan tələbatını tam şəkildə ödəmək iqtidarındadır”sözlərini musavat.com –a şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, Rusiyanın illik heyvandarlıq və bitki məhsulların idxalı 9 milyard dollardan artıqdır: “Meyvə-tərəvəz idxalı isə təxminən 4 milyard dollara yaxındır. Azərbaycanın ümumi meyvə-tərəvəz ixracı ümumilikdə 250-300 milyon dollardan artıq deyil. Onun böyük bir qismi Rusiyaya hədəflənib. Təkcə meyvə-tərəvəz məhsullarında arada təxminən 12-13 dəfə fərq var. Rusiyanın idxalı ilə Azərbaycanın ümumi ixrac arasında fərq çox böyükdür. Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə ümumdaxili məhsulun həcmi 3,5 milyard manata yaxındır. Əslində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının ümumi həcmi Rusiyanın meyvə və tərəvəz idxalının ümumi həcmindən aşağıdır. Bu özü də müqayisənin nə dərəcədə əsassız formada aparılmasına dəlalət edir. Ola bilər ki, Rusiyanın hansısa vilayətində bazarların tələbatını Azərbaycan tam şəkildə ödəyə bilər. Ancaq faktiki olaraq, Azərbaycanın ümumi istehsal gücü Rusiyanın meyvə və tərəvəz məhsulların ola tələbatını qarşılayacaq səviyyədə deyil”.

İqtisadçının sözlərinə görə, Rusiya bazarının böyük olması, Azərbaycan fermerlərinin bu istiqamətdə ənənəvi təcrübələrinin olması imkan yaradır ki, bundan sonrakı dövrdə də rəsmi qurumlar arasındakı münasibətlər normal olarsa, yerli fermerlər daha çox məhsul istehsal edib Rusiya bazarına çıxara bilərlər: “Rusiya bazarlarında tələbatın çox olması Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalını təşviq edən bir məqam hesab oluna bilər. Ancaq biz bir çox hallarda görürük ki, iki ölkə arasında problemlər yaşanır. İki ölkənin gömrük komitəsi rəhbərlərinin görüşündə də müzakirə olunan məsələlərdən biri o idi ki, Azərbaycanda istehsal olunan pomidor gömrükdə qalıb, Rusiya sərhədlərindən buraxılmır. Biz dəfələrlə bunu müşahidə etmişik. Təkcə son hadisə ilə bağlı deyil, 10 il bundan öncə də belə vəziyyətləri müşahidə etmişdik, indi də müşahidə edirik. Azərbaycan istehsalçıları bir çox hallarda Rusiya bazarlarına hədəflənmiş məhsul istehsalını həyata keçirdikdən sonra gömrüklərdə yaradılmış adminstrativ-bürokratik problemlərin nəticəsi olaraq bu məhsullar məhv olur. Bu da həmin sahibkarların zərərə uğramasına gətirib çıxarır”.

R.Həsənov hesab edir ki, qonşu ölkələrdə tələbatın çox olması Azərbaycanın kənd təsərrüfatı sahəsini inkişaf etdirməsi və məhsul istehsalını artıra bilməsi üçün bir stimuldur: “Bu mənada Rusiya bazarı böyükdür və Azərbaycan məhsullarına da orada ciddi tələbat var. Çünki bizim məhsullar çox da texnologiyalaşmış məhsullar sayılmır, geni dəyişdirilmiş məhsullar deyil, orqanik məhsullardır. Bu mənada nəinki Rusiya bazarında, digər ölkələrin bazarlarında da bu məhsullara tələbat var. Azərbaycan kənd təsərrüfatı sahəsini inkişaf etdirməklə məhsul istehsalını artıra bilər. Azərbaycanın aidiyyatı dövlət qurumları, Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və digər qurumlar öz fəaliyyətini təkmilləşdirməlidir və ortaya çıxan bürokratik əngəlləri aradan qaldırmaq, məhsulların saxlanılması və sair məsələləri həll etməlidir. Ancaq birmənalı şəkildə demək olar ki, Azərbaycanın istehsal gücü heç bir halda Rusiyanın kənd təsərrüfatı məhsullarına, o cümlədən meyvə və tərəvəz məhsullarına olan tələbatını ödəmək iqtidarında deyil”.