XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

17 Aprel 2017 - 18:20

Prezident:“Təbii ehtiyatlarımız neftlə, qazla məhdudlaşmır, qızıl yataqlarımız da var”

“Azərbaycanın zəngin təbii ehtiyatları var”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

 Dövlət başçısı bildirib ki, təbii ehtiyatlarımız təkcə neftlə, qazla məhdudlaşmır, bizim qızıl yataqlarımız var: “Bir müddət bundan əvvəl “AzerGold” dövlət qurumu, səhmdar cəmiyyəti yaradılıb. Artıq o, həm qızıl yataqlarının işlənilməsi, həm də ixracı ilə məşğuldur. Təkcə qızıl yataqları deyil, bizdə gümüş yataqları, digər qiymətli metalların ehtiyatları var. Bu sahə dövlətə çox böyük gəlir gətirəcək. Milyonlarla, on milyonlarla dollar ixrac potensialı yaranır və artıq bu işlər müasir əsaslar üzərində qurulub. Bu da böyük ixrac potensialımızdır. Dövlət əlbəttə ki, öz dəstəyini göstərir və göstərəcək ki, “AzerGold” dünya səviyyəli bir mədənçilik şirkətinə çevrilsin”.

 Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanın böyük bir sərvəti də var, ancaq ondan səmərəli şəkildə istifadə edilmir: “Bu da dəmir filizidir. Hələ Çar Rusiyası dövründə, həmçinin sovet vaxtında bizim dəmir filizimizə çox böyük maraq var idi. Hələ Çar Rusiyası zamanı Avropadan buraya gəlmiş insanlar, o vaxtın biznesmenləri buna çox böyük maraq göstərirdilər və işləri də təşkil etməyə çalışırdılar. Ancaq əfsuslar olsun ki, müstəqillik dövründə bu sahəyə kifayət qədər diqqət göstərilməyib. Əfsuslar olsun ki, biz bu günə qədər vahid bir istehsalat sahəsi yarada bilməmişik. Daşkəsən dəmir filizi yatağı dünya miqyasında böyük yataqlardan biridir və onun indiki vəziyyəti əlbəttə ki, bizi qane edə bilməz. Müxtəlif dövrlərdə müxtəlif təkliflər irəli sürülüb. Hətta dövlət qurumu da yaradılıb, ancaq sonra işləyə bilmədi. Özəl sektor da buna vaxtaşırı maraq göstərirdi. Vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı ciddi addımlar atılsın. Bütün istehsalat zənciri yaradılmalıdır – filizdən başlamış, son ixrac məhsuluna qədər. Bunun nəticəsində bizim ixracımız artacaq və idxaldan asılılıq kəskin aşağı düşəcək. Çünki hazır məhsulun idxalı üçün xaricə böyük vəsait gedir və daha çox gedəcək. Çünki bizim inkişaf dinamikamız bundan sonra da elə sürətli olacaq ki, daxili tələbat artacaq. Ona görə, Daşkəsən dəmir filizi yatağının işlənməsi və vahid istehsalat zəncirinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir”.