“Petkim PetroKimya Holding A.Ş.” 2017-ci ilin birinci rübünü 359 milyon türk lirəsi xalis mənfəətlə başa vurub.
Azərtac xəbər verir ki, bu barədə “Petkim” məlumat yayıb. Bildirilir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 3 ayında şirkətin xalis mənfəəti 141 faiz artıb.
Cari ilin ilk rübündə şirkətin aktivləri 16 faiz artaraq 7 milyard 292 milyon türk lirəsi olub. “Petkim”in xalis satışları 59 faiz artaraq 1,7 milyard lirə təşkil edib. Bu ilin birinci rübündə şirkətin ümumi tutumundan istifadə nisbəti isə 94,7 faiz olub.
“Petkim” neft-kimya holdinqinin icraçı direktoru Anar Məmmədov şirkətin tarixində ilk dəfə üç aylıq dövrdə rekord maliyyə nəticəsi əldə etməsini böyük uğur adlandırıb.
Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 52,32 faizlik səhmə sahibdir.