“ölkə özünün ərzaq mallarına olan ehtiyacını Dünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının müəyyən etdiyi normalara uyğun formada təmin etməlidir. Eyni zamanda ərzaq təminatı dayanıqlı və əlçatan olmalıdır. Bazarlarda kənd təsərrüfatı məhsullarının qiyməti dünya bazarında mövcud olan qiymətlər səviyyəsindən yüksək olmamalıdır. Bu gün biz ölkənin ərzaq buğdasına olan ehtiyacını tamamilə idxalın hesabına ödəyirik. Hər il xaricdən 1,5 milyon ton buğda idxal edilir. Bu da əhalinin ehtiyaclarından hətta bir qədər yüksəkdir. Yerli buğdadan əsasən, heyvandarlıqda yem kimi istifadə olunur”.
Bunu ərzaq təhlükəsizliyi ilə bağlı Strateq.az-ın suallarını cabavlandıran aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov deyib.
Onun sözlərinə görə, bu sahədə hazırda Azərbaycanda ciddi problemlər mövcuddur. Əhalinin keyfiyyətli və beynəlxalq normalara uyğun formada hazırlanan məhsullara təlabatını tam təmin etmək mümkün olmayıb. Beynəlxalq normalara görə, il ərzində adambaşına 80 kiloqramət istehlak edilməlidir. ölkəmizdə isə bunun yarısını belə ödəmək mümkün deyil: “Bu normanın 30 kiloqramı daxili istehsal hesabına, 5 kiloqramı isə idxal hesabına ödənilir. İstehlak edilən bu qədər ət və ət məhsulları normadan 2 dəfədən də çox aşağıdır. Süd istehlakı ilə bağlı mənzərə də ürəkaçan deyil. Bunun da yarısı daxili istehsal hesabına ödənilir. Təxminən 20 faiz də idxal edirik. Bu da o deməkdir ki, adambaşına düşən illik 360 litrnormanın yalnız 70 faizini ödəyirik. Kartof istehsalı da illik istehlak normasını təmin etməyə imkan vermir. Buna görə də son zamanlarda xaricdən kartof idxalı artıb. ölkəmizdə meyvə-tərəvəz istehsal etdildiyi halda, təəssüf ki, bu sahədə də biz beynəlxalq normaya uyğun istehlakı təmin edə bilmirik”.
1 kiloqram ət qiymətinə alınan qoyunlar
ölkənin ərzaq təminatının idxaldan asılı olduğu danılmaz faktdır. Bu səviyyədə idxaldan asılılıq isə daxildə ciddi sosial-iqtisadi problemlərin yaranmasını şərtləndirir. çox zaman təmizliyinə, zərərsiz olduğuna güvəndiyimiz idxal məhsullarının keyfiyyəti də sual altındadır. Artıq xeyli vaxtdır ki, mütəxəssislər bununla bağlı həyacan təbili çalırlar. Lakin qida təhlükəsizliyi, əhalinin sağlam qida ilə təmin olunması aktual olaraq qalır. Həm yerli istehsal olan məhsulların, həm də xaricdən alınan kənd təsərrüfatı mallarının keyfiyyətinə ciddi nəzarət edilmədiyini deyən V.Məhərrəmov bəzi faktları da açıqlayıb: “İdxal məhsullarının keyfiyyətilə bağlı çox ciddi problemlər var. Gömrük rəsmiləşdirmələrində görünür ki, ölkəyə palma yağı gətirilir. Ancaq biz onu satışda görmürük. Həmin yağlar kərə yağı istehsal edən emal müəssisələrində istifadə olunur. Onu kərə yağı ilə qarışdıraraq əhaliyə dəyərindən dəfələrlə artıq qiymətə satırlar. Eyni zamanda ölkəyə gətirilən quru süd sonradan su ilə qarışdırılır və bu, istehlakçılara təbii süd kimi təqdim edilir. Əslində bu, süd içkisi kimi, həm də daha ucuz qiymətə satılmalıdır. Keyfiyyətli məhsulun qiyməti digər ölkələrdə çox fərqlidir.
ölkəyə gətirilən ət məhsulları bu qədər ucuzdursa, deməli, onun keyfiyyətində problemlər var. Gürcüstandan 2013-cu ildə 109 min baş iri buynuzlu mal-qara gətirilib. Onlardan hər birinin idxal dəyəri 30 manata sənədləşdirilib. Bunun ancaq daşınma xərci 30 manat ola bilər. Qoyunların hər birini isə 10 manata dəyərləndiriblər. Bir kiloqram qoyun ətinin qiymətinə bir qoyunu alıb və daşıyıb gətirmək mümkündürmü?“
Xarici məhsullar xəstəlik gətirir
Ekspert bu formada ölkəyə gətirilən kənd təsərrüfatı məhsullarının keyfiyyətinə də nəzarət edilmədiyini vurğulayıb. Bildirib ki, bu cür nəzarətsizlik ölkədə müxtəlif xəstəliklərin və onların törədicilərinin yayılmasına şərait yaradır: “ölkəyə gətirilən kartof yumuruları ilə birgə ziyanvericilərin yumurtaları, eyni zamanda müxtəlif xəstəliklər gəlir. İndi sahələrdə geniş yayılan və kartof əkininə ciddi ziyan vuran kartof güvəsi əvvəllər ölkədə yox idi. Deməli, nəzarət sistemi qaydasında deyil. Ona görə də ölkəyə gətirilən ərzaq və kənd təsərrüfatı məhsullarının keyfiyyətli olmasını iddia etmək mümkün deyil”.
V.Məhərrəmov əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması və keyfiyyətli məhsul satışına nail olmaq üçün əvvəlcə bu sahəyə nəzarətin gücləndirilməsini təklif edib. Onun fikrincə, ölkəyə gətirilən məhsullar ciddi yoxlanıldıqdan sonra istehlakına icazə verilməlidir. Eyni zamanda idxaldan asılılığı azaltmaq üçün yerli istehsalı artırmaq və daha keyfiyyətli qida məhsullarını istehlakçılara təqdim etmək zəruridir: “Toxum xaricdən gətiriləndə məhsulun maya dəyəri də yüksək olur. Ona görə də bütün ölkələrdə toxumculuğun inkişafı priaritet hesab olunur və dövlət bu sahənininkişafında maraqlı olur. Bu sahə ilə ciddi məşğul olmaq lazımdır. öz regionumuzun torpaq-iqlim şəraitinə uyğun daha məhsuldar sortlar yetişdirilməlidir. Bundan əvvəl isə həmin sahəni yaxşı bilən peşəkar kadrlar hazırlanmalıdır. Hazırda kənd təsərrüfatının geriləməsinin əsas səbəblərindən biri də burada ixtisaslı kadrların, peşəkarların olmamasıdır. Fermerlərin informasiyaya təminatı da aşağı səviyyədədir. Eyni zamanda suvarma sistemi yenidən və müasir standatrlara uyğun formada qurulmalıdır. Fermerlər su, toxum, gübrə, texnika əldə etmək sarıdan ciddi problemlərlə qarşılaşırlar”.
Dövlət vəsaiti təyinatı üzrə xərclənmir
Ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatı ən mühüm rol oynadığından bu sahəyə xüsusi diqqət yetirilməlidir. Hazırda kənd yerlərində bu sahə ilə məşğul olan hüquqi və fiziki şəxslər ciddi problemlərlə üzləşir, istehsal, çatdırılıma, satış mərhələlərində manelələrlə üzləşirlər. “Kənd təsərrüfatı” ili elan edilən 2015-ci ildə bu problemlər daha qabarıq formada üzə çıxdı.
Bəlli oldu ki, fermerlər hələ də texnika çatışmazlığından, su qıtlığından, toxum və gübrə əldə etmək baxımından xeyli əziyyət çəkirlər. Hələ də əkin sahələrində, fermalarda köhnə texniki qurğulardan və vasitələrdən istifadə etmək məcburiyyətindədilər. Təsərrüfat sahibləri bir çox hallarda onlara ayrılan subsidiyları ala bilmirlər. ümumiyyətlə, hər il kənd təəsərrüfatına ayrılan xeyli miqdarda dövlət vəsaiti təyinatı üzrə xərclənmir ki, bu da illərlə eyni problemlərin yerində saymasına səbəb olur. Əhalinin keyfiyyətli ərzaqla təmin olunması, eyni zamanda yaranan iqtisadi şər
ait kənd təsərrüfatına diqqət ayrılmasını, sahənin müasirləşməsini tələb edir.
Ərzaq təminatının yaxşılaşması ilə bağlı fikirlərini bölüşən iqtisadçı Pərviz Heydərov da səslənən fikirlərlə həmrəy olduğunu bildirib. Bu il fermerlər üçün kreditlərin verilməsində ciiddi problem yarandığını xatırladan ekspert bununla onların zəif olan maliyyə resurslarının daha da azaldığını qeyd edib: “Fermerlərin suya olan təlabatı əvvəlki illərdə olduğu kimi yenə də ödənilmədi. Bu məsələ gələcəkdə də öz həllini tapmayacaq, çünki bu istiqamətdə heç bir addım atılmır. ölkədə kənd təsərrüfatı sahəsində kadr çatışmazlığı ciddi hiss olunur. Kənd təsərrüfatını idarə edənlər qeyri-peşəkar olmaqla bərabər, bu sahəyə ayrılan vəsaiti başqa istiqamətə xərcləməklə məşğuldular. ölkə başçısı da dəfələrlə vurğulayıb ki, ayrılan subsidiyalar fermerlərə çatmır. Toxumçuluq, seleksiya, heyvandarlıqda heyvanların cins tərkibinin yaxşılaşdırılması baxımından ciddi problemləri var. Texniki təminat çox aşağı səviyyədədir. Hələ də sahələrdə primitive texnologiyalardan istifadə olunur. Ona görə də hesab edirəm ki, bizdə ərzaq təhlükəsizliyi təhdid olunur”.
Bahalaşmadan qaçmaq üçün yerli məhsul olmalıdır
P.Heydərov hazırki şəraitdə ərzaq təminatını yaxşılaşdırmaq üçün aqrar sahənin idxaldan asılılığını azaltmağı vacib sayıb: “Kənd təsərrüfatının inkişafı prioritet məsələ olaraq qalır. Aqrar məhsulların istehsalında daxili tələbatın ödənilməsi və ixracın təşkilini bir sistem halına gətirmək tələb olunur. Belə ki, bir çox zəruri məhsullar üzrə idxaldan asılılıq aradan qalxmalıdır. Biz kənd təsərrüfatı məhsullarına olan ehtiyacımızı tam ödəyə bilmirik. Bu isə o deməkdir ki, Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı problemləri var. Bunu həll edə bilmir və yaxın zamanda da bunun üçün hər hansı addımların atılmacağı gözlənilmir”.
İqtisadçının fikrincə, neftin ucuzlaşması fonunda büdcə gəlirlərinin azalması, eyni zamanda manatın növbəti dəfə də devalvasiyaya uğrayacağı nəticəsində idxal mallarının bahalaşacağı təhlükəsinin mövcud olduğu şəraitdə qeyri-neft sektorunu tezliklə iqtisadiyyatın aparıcı qüvvəsinə çevirmək vacibdir. P.Heydərov əlavə edib ki, ərzaq təhlükəsizliyi ilə bağlı indiyədək görülən işlər nəticəsində hazırda əhalini quş ətiylə 95 faiz, süd və süd məhsullarıyla 70-75 fazi, taxılla 55-60 fazi, üzümlə 98-100 faiz, kartofla 85-90 faiz, duzla 85 faiz, bitki yağları və marqarinlə 75 faiz, kərə yağı ilə 50 faiz, makaron məmulatlarıyla isə 58 faiz təmin edə bilirik: “Bu rəqəmlərin əksəriyyəti üzrə 100 faizlik nəticəyə nail olmaq mümkündür. Qeyd olunan rəqəmlər sırasında ən çox diqqət yönəldilməli olan məhsul isə heç şübhəsiz ki, taxıl olmalıdır”.
Sadalanan problemlərin həlli qısa müddətdə mümkün olmasa da, yaxın gələcəkdə hökumətin ərzaq təhlükəsizliyimizi təmin etmək istiqamətində proqramlarının hazırlanacağına, aqrar sektora müasir istehsal elementlərinin gətiriləcəyinə ümid edirik.
Fərqanə Allahverdiqızı
Strateq.az