XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2017 - 14:41

Gələn ay 183 əmlak hərraca çıxarılacaq –Əmlak Komitəsi

Əmlak Məsələləri Dövlət Komitəsi 6 iyunda yeni hərrac keçirəcək.

 Komitədən verilən məlumata görə, proses komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində baş tutacaq. Hərraca ümumilikdə 183 əmlak çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyəti, 63-ü kiçik dövlət müəssisə və obyekti,  95-i istifadəsiz qeyri-yaşayış sahəsi, 4 isə nəqliyyat vasitəsidir. 

 Hərraca çıxarılan səhmdar cəmiyyətləri Sabirabad, Zaqatala, Ağsu, Bərdə, Şirvan, Lənkəran, Salyan, Tərtər, Daşkəsən və digər rayonlarda yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Nizamnamə kapitalı isə 69 min manatla 851 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Sabirabad Mexanikləşdirmə” ASC-dir. Adı çəkilən əmlakın səhminin 30%-i 127 min 552 manata  təklif olunur. Bundan başqa, qiymətində digərlərindən fərqlənən əmlak “Zaqatala Fındıq” ASC-dir. Həmin əmlakın səhmi isə 125 min 992 manata iştirakçılara təklif edilir.

 Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir.  Bu əmlaklar paytaxtla yanaşı Şəmkir, İmişli, Masallı, Xaçmaz, Gəncə, Cəlilabad və digər rayonlarda yerləşir.  Özəlləşdirilən əmlakların bəzilərinin ümumi faydalı sahəsi 14 kvadratmetr ilə 2 926 kvadratmetr arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən əmlak Bakının Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaqdır. Adıçəkilən əmlak 216 min manata təklif edilir. Torpaq sahəsi 6047 kvadratmetr, ümumi faydalı sahəsi isə 39 kvadratmetr təşkil edir. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Qusar Kərpic sexi  210 min manata, Sumqayıtdakı “Laçın” restoranı 205 min manat olmaqla qiyməti ilə seçilənlər sırasındadır.

 Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 84-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.

 Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

 Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.