Dünyada offşor zonalarına – “vergi cənnətlərinə” qarşı başlanan mübarizə müsbət nəticə verməyə başlayıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən, müxtəlif ölkələrin hökumətlərinin gizli hesablar açmaq və vergidən yayınma halları ilə apardıqları mübarizəni gücləndirməsi, eləcə də vergilərin könüllü bəyan edilməsi kimi tədbirlər bu prosesə ciddi təkan verib.
“Vergiler.az” saytına istinadla xəbər verir ki, 2017-ci ildən başlayaraq bir sıra ölkələrin vergi orqanları bu istiqamətdə qlobal mübarizə çərçivəsində avtomatik məlumat mübadiləsinə başlayacaq və vergidən yayınanların təqib olunması gücləndiriləcək. (AzərTac)
Artıq bəzi dövlətlər vergidən yayınanlar üçün amnistiya proqramlarının qismən bağlandığını elan ediblər. Böyük Britaniya hökuməti 2016-cı ilin əvvəllərində amnistiya proqramlarını bağlayacağını bildirib. Cənubi Afrika Respublikası hökuməti isə yaxın zamanlarda “HSBC” bankının İsveçrə bölməsinin yerli müştərilərini yoxlamağa hazırlaşdığını açıqlayıb. ABŞ hökuməti xarici bankları bu ölkədən olan müştəriləri barədə məlumatları verməyə məcbur edir. Rusiya vergi qeydiyyatından asılı olmayaraq, xarici aktivlər haqqında informasiyanı könüllü açmaq haqqında qanun qəbul edib və maliyyə amnistiyası isə 2015-ci il dekabrın 31-dək davam edəcək. Başqa ölkələr də oxşar tədbirlər həyata keçirir. 2014-cü ildə 93 ölkə fiziki şəxslərin bank hesabları haqqında informasiya mübadiləsi ilə bağlı razılaşma imzalayıblar.
Bir çox dövlətlər vətəndaşların xaricdəki hesablarındakı vəsaitlərini həmin banklardan müvafiq məlumatları əldə edənə qədər geri qaytarmağa nail ola bilib. Fransa Maliyyə Nazirliyi bəyan edib ki, aparılmış tədbirlər nəticəsində büdcəyə əlavə 2 milyard avro vəsait cəlb olunub. Almaniyada könüllü bəyanetmə proqramlarında 40 min vergi ödəyicisi iştirak edib və büdcə bundan 1,3 milyard avro əlavə vergi gəlirləri qazanıb. Belçikada bir il ərzində 22 min vətəndaş 1,9 milyard avro əlavə vergi ödəyib, Böyük Britaniyada isə 2015-ci ilin martına qədər 5 min 819 könüllü bəyannamə alınıb ki, bu da büdcəyə 1,1 milyard funt (1 funt=1,6 manat) gəlir gətirib.