Yeni "Nokia 3310" smartfonunun yenilənmiş versiyası mayın 24-də Böyük Britaniyada, mayın 26-da Almaniyada, iyunun 5-də Niderland və Belçikada satışa çıxarılacaq.
Qurğunun digər ölkələrdə nə vaxt satışına başlanılacağı barədə məlumat verilmir. Boz, göy, qırmızı və sarı rənglərdə satışa çıxarılacaq telefonun qiyməti 49 avro təşkil edəcək. "Nokia 3310" 320х240 piksel təsvir ölçülü 2,4 düym ekranla təchiz edilib. Qurğu 2 meqapikselli kameraya malikdir və "microSD" yaddaş kartını dəstəkləyir. Əvvəlki modellə müqayisədə telefon nazik və yüngüldür.
Bir dəfə enerji ilə doldurulan batareya 22 saatlıq danışıq üçün kifayət edir ki, bu da orijinal qurğuya nisbətdə 10 dəfə çoxdur.
Qeyd edək ki, "HMD Global" şirkətinin hazırladığı "Nokia 3310" mobil telefonunun yeni modeli fevralın sonunda Barselonada "MWC 2017" sərgisində təqdim olunub(azərtac).