Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 5021,9 milyon manat, xərcləri 5390,0 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, büdcənin icrasında 368,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,8 faizi qədər kəsir yaranıb.
Qeyd edək ki, birinci rübdə dövlət büdcəsinə 3591,7 milyon manat vəsait daxil olub, büdcədən müxtəlif sosial-iqtisadi tədbirlərin maliyyələşdirilməsinə 3912,7 milyon manat xərclənib. Büdcənin icrasında yaranmış 321,0 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,1 faizini təşkil edib.
Daxilolmaların 20,6 faizi əlavə dəyər vergisi, 12,4 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,7 faizi fiziki şəxslərin gəlir vergisi, 4,1 faizi aksizlər, 11,1 faizi digər vergilər, 46,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 26,1 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 16,4 faizi sosial müdafiə və sosial təminat, 15,7 faizi ümumi dövlət xidmətləri, 11,3 faizi təhsil və səhiyyə sahələrinin, 30,5 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.