Bank VTB Azərbaycan ölkədə ilk dəfə öz elektron dəftərxanasında “Asan İmza” xidmətini tətbiq edib.
Bu barədə Strateq.az-a bankın mətbuat xidmətindən məlumat verilib.
Bu xidmət Azərbaycanın bank sektorunda ilk belə layihədir. Yenilik nəticəsində bankın elektron kargüzarlığı mobil elektron imzanı dəstəkləyəcək ki, bu da kredit təşkilatının daxilində qərarların qəbul olunması prosesini asanlaşdıracaq və bankın xərclərini azaldacaq.
“Asan İmza”nın tətbiqi həmçinin VTB Azərbaycan-a öz filial şəbəkəsinin idarəolunmasını təkmilləşdirməyə və bütün əməliyyatların vahid elektron sənəd dövriyyəsi sisteminə birləşməsinə imkan verəcək.
“Asan İmza” mobil telefonu elektron şəxsiyyət vəsiqəsi və sənədlərin imzalanması aləti kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza”nın əsas üstünlüyü smart-kartın oxunması üçün əlavə cihaz və proqram təminatının tələb olunmamasıdır. Bu xidmətdən istifadə üçün mobil telefon və rəqəmsal autensifikasiya və imza açarlarının saxlanıldığı Sim-kart kifayət edir.
“Asan İmza” sistemində istifadə olunan autensifikasiya və elektron imza sertifikatı Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilir.