Mətbuatda deputat çingiz Əsədullayevin rəhbərlik etdiyi “Azəriqazbank” haqqında müxtəlif informasiyalar yayılıb. Hətta bankın adı “çirkli pulların yuyulması”, “MTN işi”ndə də hallanmaqdadır.
İddia olunur ki, bu səbəbdən də 90 saylı Ağdaş Seçki Dairəsində seçkilərin nəticələri ləğv edilib. Noyabrın 1-də keçirilən parlament seçkilərində səsvermənin ilkin nəticələrinə görə, həmin dairədən çingiz Əsədullayevin səs çoxluğu ilə qalib gəldiyi elan edilmişdi.
Bu dairədən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyasından (YAP) irəli sürülən İlqar Vəliyev və namizədliyi qeydə alınan digər iddiaçı Qalib Qarayev Mərkəzi Seçki Komissiyasına (MSK) müraciətlərində səsvermənin nəticələrinin ləğvini xahiş ediblər.
MSK şikayətə baxaraq dairənin məntəqələrində səsvermə günü ciddi pozuntulara yol verildiyindən nəticələri ləğv edib.
Maraqlıdır, hazırda bankda vəziyyət, doğurdanmı gərgindir? ümumiyyətlə, baş verənlər iş prosesinə necə təsir edib?
“Azəriqazbank”dan Modern.az saytına verilən məlumata görə, bankda vəziyyət normaldır: “Hər şey öz axarında davam edir. Yayılan söz-söhbətlərin bankın imicinə, işinə hər hansı təsirindən söhbət gedə bilməz”.