XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 05:26

“28 may”dakı tarixi binada yerləşən KFC-nin niyə bağlandığı aydınlaşdı –Şəbəkənin sahibi dəyişib, «Gilan Holding»ə keçib

«Azərbaycan Dəmir Yolları» QSC-yə məxsus olan, «28 May» metrostansiyası yaxınlığında yerləşən tarixi binada təntənəli açılışı olmuş və uzun müddət burada fəaliyyət göstərmiş məşhur "KFC" restoranının bir aydan çoxdur işləməməsinin gerçək səbəbi aydınlaşır.

Strateq.az xəbər verir ki, restoranın təmir adıyla bağlandığı bildirilsə də, Azadlıq Radiosu "KFC" restoranlarını yönəldən «AFK» şirkətinin sahibliyinin yenidən dəyişdiyi haqda məlumat yayıb.

Radio bildirirb ki, KFC restoranlar şəbəkəsi artıq «Gilan Holding»in tərkibinə keçib və «Gilan Holding» bu şirkəti özünün pərakəndə biznes üzrə törəmə qurumlarından birinə aid edir. «Gilan Holding» şirkətlər qrupu korporativ saytını qismən yeniləyərək, ticarət və ictimai iaşə sektorunda fəaliyyət göstərən bir neçə müəssisəni bir arada təqdim edib ki, onların arasında «AFK» MMC də var.

Bunadək «AFK» MMC-ni (VÖEN 1701109091) «Qarant Holdinq» MMC öz biznes portfelinə daxil edirdi. Holdinq bir müddət bundan öncə kredit öhdəliklərini vaxtında icra etməklə bağlı problemlə üzləşmişdi və iş məhkəməyə qədər gedib çıxmışdı. «Paşa Bank» ASC «Qarant Holdinq» MMC və keçmiş nəqliyyat nazirinin oğlu Anar Məmmədovla kredit borcunun məhkəmədən kənar həll olunduğunu açıqlamışdı.

Məşhur "KFC" fast-fud restoranlarını Azərbaycana 2010-cu ildə başqa bir işadamı, «PNN Group» şirkətinin vitse-prezidenti Nəsib Piriyev gətirmişdi. O, «AFK» MMC-ni qurdu, Bakıda bir- birinin ardınca 3 restoran açdı, şirkətin kapitalını 5,6 milyon manata çatdırdı. Sonradan şirkət Anar Məmmədova ötürüldü.

Şəbəkə «Qarant Holding»ə keçəndən sonra sayca dördüncü "KFC" restoranı o zaman Nəqliyyat Nazirliyinin tabeliyində olan «Azərbaycan Dəmir Yolları» QSC-yə məxsus olan, «28 May» metro stansiyası yaxınlığında yerləşən tarixi binada açıldı. Ötən ay həmin restoran «başqa ünvana köçmək» adıyla bağlanıb.

Nə «Gilan Holding», nə də «AFK» şirkətində restoranların mülkiyyətçisinin dəyişməsiylə bağlı məlumatı Azadlıq Radiosu-na şərh etməyiblər.