XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

08 İyun 2017 - 17:34

“Günəşli”də 60 milyon ton neft ehtiyatı var –Rəsmi

“Günəşli” (dayazsulu) yatağında 60 mln. ton çıxarılabilən neft ehtiyatı var.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə “Neftqaztikinti” trestinin rəisi Mirkazım Abbasovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirak etdiyi “28 May” NQÇİ-də keçirilən müşavirədə bildirilib.

Müşavirənin məqsədi sözügedən idarənin istismar etdiyi obyektlərin hidrotexniki qurğularının, dəniz özüllərinin, texnoloji obyektlərin, kommunikasiya qovşaqlarının mövcud vəziyyətinin araşdırılması, “28 May” NQÇİ-nin 2017-ci ilin 5 ayı ərzində gördüyü işlərin müzakirəsi olub.

İclasda D. İskəndərov “28 May” NQÇİ-nin “Azneft” İstehsalat Birliyinin ən məhsuldar idarələrindən biri olduğunu, burada son illər ərzində bütün sahələr üzrə, xüsusilə tikinti-quraşdırma sahəsində, “Günəşli” yatağının yığım və nəql sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb, ötən il istismara verilmiş 7 saylı dərin dəniz özülünün görülən işlərə gözəl nümunə olduğunu xatırladıb.

Sonra idarənin aidiyyəti mütəxəssisləri 2017-ci ilin 5 ay ərzində görülmüş işlər barəsində çıxış ediblər. Hesabatda məlum olub ki, “Günəşli” yatağında 60 mln. ton çıxarılabilən neft ehtiyatı var. Hesabat zamanı qalıq neftin intensiv çıxarılma üsulları müzakirə edilib. Hasilatın stabil saxlanılması, qalıq neftin mənimsənilməsi üçün səmərəli işlənmə üsulunun seçilməsinin vacibliyi qeyd olunub. Hasilatın stabil saxlanılması üçün əsas yükün Fasilə lay dəstindən götürülərək digər horizontlara paylanılması ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra sözügedən idarədə aparılan qazma işlərinin gedişi ilə bağlı hesabat dinlənilib. Qazma işlərinin həyata keçirilməsi üçün çatışmayan avadanlıqların təmin olunması üçün müvafiq tapşırıqlar verilib. 2020-ci ilə kimi qaz hasilatında ciddi artıma nail olunması üçün əlavə tədbirlərin görüləcəyi qərarlaşdırılıb. Ötən 5 ay ərzində 33 quyunun təmir olunaraq istismara qaytarıldığı bildirilib.

Ardından qaz-kompressor təsərrüfatı haqqında məlumat verilib. Bu təsərrüfatın “Günəşli” yatağında hasilatın əldə olunmasında böyük rol oynadığı və daim saz vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb. Yeni avadanlıqlarla işləyən kadrların işləri tam öyrənənə kimi təlimlərə cəlb olunması tapşırılıb.

Sonra tikinti-quraşdırma, təmir sahəsi ilə bağlı hesabat dinlənilib. Qeyd edilib ki, cari ildə 16 obyektdə tikinti-quraşdırma işləri davam etdirilib. Bildirilib ki, 3 və 5 saylı dərin dəniz özüllərinin əsaslı təmiri yekunlaşmaq üzrədir.

Baş direktor sonda təhlükəsizlik məsələlərinin qarşıda duran 1 nömrəli məsələ olduğunu vurğulayıb, 3 prinsip üzrə – insanların qorunması, avadanlıqların qorunması və ətraf mühitin mühafizəsinin hər kəs üçün başlıca prinsip olunmalı olduğunu qeyd edib. Baş direktor təhlükəsizliyin təmin edilməsi məqsədilə, özüllərdəki bütün işlərin, o cümlədən, özüldə çalışan podratçı şirkətlərin işlərinin “işə icazə” məsələsinin özül rəisi ilə razılaşdırılmasının mütləqliyini bildirib.

İclasın sonunda baş direktor idarədəki çatışmazlıqlar barəsində onların problemlərini dinləyib və problemlərin aradan qaldırılmasına dair müvafiq göstərişlər verib.