ABŞ-da kommersiya xam neft ehtiyatları ötən həftə 6,3 milyon barrel azalıb.
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə 6,3 milyon barrel (1,2 faiz) azalma ilə 502,9 milyon barrelə gerilədiyini açıqlayıb. Bazar gözlənti ehtiyatların 2,3 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə də xam neft ehtiyatları 0,1 milyon barel artım qeyd etmişdi. Beləliklə, ABŞ-da kommersiya xam neft ehtiyatları son 13 həftənin 10 həftəsində geriləyib.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları da keçən həftə 0,4 milyon barrel (0,1 faiz) azalaraq 682 milyon barrelə enib. ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftə 3,7 milyon barel (1,5 faiz) azalaraq 237,3 milyon barelə düşüb. Bazar gözləntisi də 1,1 milyon barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,9 milyon barrel geriləmişdi.
Sözügedən dövrdə ABŞ-ın xam neft istehsalı bir əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 88 min barrel artaraq 9,34 milyon barrelə çatıb. Beləliklə, ABŞ-ın xam neft hasilatı son 20 həftənin 17-sində artım göstərib.
Ölkənin xam neft idxalı sözügedən həftə əvvəlkinə nisbətən gündəlik orta hesabla 274 min barrel azalaraq 7,74 milyon barrelə geriləyərkən, xam neft ixracı isə gündəlik orta hesabla 240 min barel artımla 768 min barelə yüksəlib.
ABŞ-ın xam neft və benzin ehtiyatları bazar gözləntilərindən çox azalmasına baxmayaraq, hasilatın artması ilə bağlı olaraq qlobal bazarda neftin qiymətləri düşüb.
ABŞ-ın xam neft və benzin ehtiyatlarındakı azalma ilə əlaqədar olaraq ölkədə yay mövsümündə benzin istehlakının artdığına diqqəti çəkən mütəxəssislər, ehtiyatlardakı azalmanın xam neft idxalının da azalmasına səbəb olduğunu, ABŞ-dakı neftayırma zavodlarının xaricdən neft idxal etmək əvəzinə daxili bazardan neft satın almağı üstün tutduqlarını bildiriblər.