“Qazprom neft” Publik Səhmdar Cəmiyyətinin aviayanacaq biznesi operatoru “Qazpromneft-Aero” şirkəti və Türkiyədə aviasiya yanacağı təchizatı sahəsində liderlərdən biri “SOCAR Turkey Petrol Enerji” şirkəti saziş imzalayıblar.
Saziş “SOCAR Turkey Petrol Enerji”nin tərəfdaşı olan aviaşirkətlərin “Qazpromneft-Aero”nun işlədiyi hava limanlarında yanacaqla təmin olunmasını nəzərdə tutur.
AZƏRTAC “Qazprom neft”in rəsmi saytına istinadla xəbər verir ki, kontrakta müvafiq olaraq, “Qazpromneft-Aero” 2017-ci ilin iyununda Rusiyada özünün aeroportlar şəbəkəsində “SOCAR Turkey Petrol Enerji”nin işləməsinə şərait yaradıb və Tolmaçyovo Beynəlxalq Aeroportunda (Novosibirsk şəhəri) “Pegasus Airlines” aviaşirkətini yanacaqla təchiz etməyə başlayıb. Təchizatın ümumi həcmi ildə 1100 tondan çox aviayanacaq təşkil edəcək.
“Qazpromneft-Aero”un baş direktoru Vladimir Yeqorov deyib: “Hazırda Rusiya ilə Türkiyə arasında turizm axını bərpa olunur. 2017-ci ilin birinci yarısında bizim Türkiyədə ümumi yanacaqdoldurma həcmimiz 13 min tondan çox təşkil edib ki, bu da 2016-cı ilin analoji dövründən 3 dəfə artıqdır. Aviasiya yanacağı təchizatçısı – “SOCAR Turkey Petrol Enerji” ilə əməkdaşlıq “Qazpromneft-Aero”nun beynəlxalq biznesinin inkişafında mühüm addımdır və bu da 2010-cu ildən işlədiyimiz bir regionda mövqelərimizi möhkəmləndirməyə və təchizatçılar pulunu genişləndirməyə imkan verəcək. Perspektivdə biz “MDB ölkələrində, o cümlədən Rusiyada “Qazpromneft-Aero”nun işlədiyi aeroportlarda “SOCAR Turkey Petrol Enerji”, habelə Türkiyə aeroportlarında Rusiya aviaşirkətləri müştəriləri ilə yanacaqdoldurma sahəsində əməkdaşlığımızı genişləndirməyə ümid bəsləyirik”.
“SOCAR Turkey Petrol Enerji”nin beynəlxalq satışlar üzrə direktoru Alp Karaxan deyib: “Qazpromneft-Aero” ilə əməkdaşlıq bizim üçün böyük əhəmiyyət daşıyır. Biz aviayanacaq sahəsində daha geniş şəbəkə və yüksək keyfiyyətli xidmətlər təklif etmək üçün səyləri birləşdiririk. Biz əminik ki, yeni saziş bundan sonra da iki şirkət arasında bütün mümkün biznes istiqamətlərində daha geniş və hərtərəfli əməkdaşlığa gətirib çıxaracaq”.
“Qazpromneft-Aero” “Qazprom neft”in törəmə şirkətidir. Şirkət hava gəmilərinin yanacaqla doldurulması və aviasiya yanacağının təyyarənin qanadına gətirilməsi üzrə əməliyyat fəaliyyətini 2008-ci il yanvarın 1-dən həyata keçirir.
“SOCAR Turkey Petrol Enerji” “SOCAR Azerbaijan” şirkətinin törəmə müəssisəsidir.