“İsrail Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinə perspektivdə qoşula bilər”.
Bunu İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav deyib.
Onun sözlərinə görə, tərəflər bu istiqamətdə artıq danışıqlar aparıb: “İsrail ölkənin yekun enerji siyasətini müəyyənləşdirdikdən sonra bu məsələyə baxılacaq”.
D.Stav qeyd edib ki, İsrail enerji sahəsində Azərbaycanın fəaliyyətinə böyük önəm verir: “Azərbaycan İsrailə neft tədarük edən mənbələrdən biridir və biz hər hansı formada layihədə iştirak edə bilərik. Lakin bunadək həll edilməli olan bəzi texniki və siyasi məsələlər var”.
O, əlavə edib ki, İsrailin enerji sahəsində kifayət qədər təcrübəsi yoxdur: “Biz bu məsələ üzrə siyasətimizi dəqiq formalaşdıra bilmərik”.
Diplomatın sözlərinə görə, neftin qiymətinin ucuzlaşdığı şəraitdə Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirə bilərdi: “İkitərəfli əməkdaşlığın genişləndirilməsinin digər istiqamətləri informasiya texnologiyaları və startap-layihələr ola bilər”.
D.Stav diqqətə çatdırıb ki, iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir.
Trend