XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Avqust 2017 - 13:10

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb –Hesabat

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% və ya 167,4 mln. manat artaraq 2000,7 mln. manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 8,7 faiz artaraq 1183,2 mln. manat təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, daxilolmaların 63,9%-i və ya 755,9 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 11,2% və ya 75,9 mln. manat çoxdur və beləliklə də proqnoz 105% icra olunub. Cari ilin iyul ayı üzrə qeyri-büdcə proqnozunun icrası isə 107,6% təşkil edib. Fond üzrə ümumi daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafik əsasında vaxtında maliyyələşdirilməsinə imkan verib.

Xatırladaq ki, ölkəmizdə əmək pensiyaçılarının sayı 01 iyul 2017-ci il tarixinə 1 mln. 325 min nəfər təşkil edir ki, onlardan 59,2%-i yaşa görə, 11,5%-i ailə başçısını itirməyə görə, 29,3%-i əlilliyə görə pensiya alır. Pensiya təminatında artım dinamikasının davamı olaraq, cari ilin 01 iyul tarixinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 6,4% artaraq 224 manata çatıb. Sığorta-pensiya sisteminin mühüm elementi olan fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı da getdikcə artır. Sistemdə qeydiyyatda olanların sayı cari ilin əvvəlinə nisbətən  6,6% faiz  artaraq  01 avqust 2017-ci il tarixə 3 mln. 512 min 269 nəfərə çatıb.

2017-ci ilin 01 aprel tarixindən real rejimdə məcburi dövlət sosial sığorta haqları üzrə fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması sığortaedənlər tərəfindən hesabatların təqdim edilməsi prosesinin sadələşdirilməsinə, hesabatların sayının azaldılmasına, nəticə etibarilə sosial sığorta sahəsində iş mexanizminin daha da təkmilləşməsinə imkan verib.