“ABŞ-ın Federal Rezerv Sistemi faiz dərəcəsini 0,25-dən 0,5-ə qaldırması iqtisadiyyatda müəyyən tarazlığın yaranmasına hesablanıb”.
Bunu məşhur YAP-çı, tanınmış iqtisadçı professor Əli Əlirzayev deyib.
Ekspertin sözlərinə görə, faiz dərəcəsinin qalxması həm də sahibkarların fəallığını artıracaq:
“Buna baxmayaraq, Qərb ölkələrində və Azərbaycanda da əhalinin rifah halına təsir edəcək. İnsanların bu və ya digər formada gəlirləri azalacaq. Bu isə yaxşı hal deyil. Dünyada artıq dollarlaşma gedir və neftin qiyməti də sürətlə aşağıya doğru yuvarlanır. Bu prosesdən qaçmaq qeyri-mümkündür. çünki dünya iqtisadiyyatı ABŞ-dan idarə olunur, nizamlanır. Hazırda dünyanın bir çox ölkələrində devalivasiya gedir”.
Əli Əlirzayevin sözlərinə görə, ABŞ-ın Federal Rezerv Sistemi faiz dərəcəsini 0,25-dən 0,5-ə qaldırması Azərbaycan manatının yenidən dəyər itirməsinə gətirib çıxaracaq:
“Bunun dəqiq nə zaman öz təsirini göstərəcəyini söyləmək çətindir. çünki bizdə iqtisadiyyatın tənzimlənməsi və maliyyə-kredit siyasətləri paralel olaraq həyata keçirilir. Yəni, bu da manatın ikinci dəfə kəskin devalvasiyasının qarşısını almağa yönəlmiş addımlardır. Azərbaycan açıq dünya iqtisadiyyatına qoşulub. Əgər başqa ölkələrdə milli valyutalar dəyər itkisi ilə üzləşirsə, bu, bizdə də davam edəcək. Bu prosesin Azərbaycanda da gedəcəyi mütləqdir. Bunun qarşısını almaq üçün tələb və təklifə təsir etmə yolu ilə, ehtiyat fonddan müəyyən xərcləmələrlə manatın düşməsinin qarşısını almaq olar. Qeyri-neft sektoru da inkişaf etdirilməlidir”.
Hafta.az
Qeyd edək ki, ABŞ federal rezerv sistemi ötən gün (FRS) baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırıb. Buna qədər FRS-in baza dərəcəsi 0-0,25 faiz arasında dəyişirdi. Bu, ABŞ tarixində ən aşağı göstəricidir və 2008-ci ildən bu yana qüvvədə idi. Dərəcə 2007-08-ci illərdə baş vermiş böhran səbəbindən ABŞ iqtisadiyatına dəstək məqsədi ilə endirilmişdi. 2007-ci ilin sentyabrında baza dərəcəsi 5,25 faiz olub.