“Metanol zavodu 2016-cı ilin noyabr ayından etibarən SOCAR-ın idarəçiliyi altında onun törəmə şirkəti olan “SOCAR Methanol” MMC tərəfindən idarə olunur. Bu ilin avqust ayından etibarən isə zavod SOCAR-ın mülkiyyətinə keçib”.
Strateq.az bildirir ki, bu sözləri “SOCAR Methanol” MMC-nin baş direktorunun müavini Tural Baxşıyev AZƏRTAC-a müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda a zavodda 350-dən çox Azərbaycan vətəndaşı daimi işlə təmin olunub. İşçilərin orta yaş həddi 36 yaş təşkil edir. Direktor müavini bildirb ki, “SOCAR Methanol” MMC “SOCAR” brendi altında “Made in Azerbaijan” markası ilə son istifadəçilər üçün nəzərdə tutulmuş yeni məhsulların yaxın gələcəkdə buraxılması üzərində tədqiqat işləri aparır: “Bu il üçün 250 min ton metanol istehsalı planlaşdırılıb. Artıq nəzərdə tutulan illik istehsal hədəfinin 75 faizi yerinə yetirilib”.
T. Baxşıyev qeyd edib ki, Metanol zavodunun maksimal illik istehsal gücü 650-700 min tondur. Yaxın gələcəkdə illik istehsalın 500 min tona çatdırılması bizim strateji hədəfdir: “Metanol zavodunda istehsal olunan məhsulun ixrac olunduğu ölkələr arasında Türkiyə, bir sıra Qərbi Avropa və Aralıq dənizi hövzəsi ölkələri üstünlük təşkil edir. Məhsulun ixracı ilə əsasən SOCAR-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi məşğul olur”.
Strateq.az bildirir ki, 2007-ci ildə fəaliyyətə başlayan Azərbaycan Metanol Zavodunun (AzMeCo) maliyyələşdirilməsində Beynəlxalq Bankla birgə Rusiyanın "Sberbank"ı da iştirak edib. Zavod 450 milyon dollara tikilib. Amma təkcə ABB-nin müəssisə üçün ayırdığı kreditin 700 milyon civarında olduğu bildirilir. AzMeCo şirkətinin Direktorlar Şurasının sədri, azərbaycanlı iş adamı Nizami Piriyev idi. Şirkət 2007-ci ildə yaradılıb.
KİV-in araşdırmalarına görə, zavodun tikintisi iş adamına 450 milyon dollara başa gəlib. Qalan 300 milyon dolları o, ABB-nin kreditləri ilə ödəyib. Zavod 2013-cü ilin sonunda istismara verilib. Şirkətin rəsmi məlumatına görə, 2014-cü ildə AzMeCo Türkiyə, Rumıniya, Hollandiya, Sloveniya və Belçikaya 100 min ton metanol ixrac edib.
Metanol zavodu fəaliyyətini 2015-ci ilin may ayında dayandırılıb. Həmin dövrdə N.Piriyev saxlanılıb, məhkəmə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İş adamına qarşı dələduzluq ittihamı irəli sürülmüşdü və onu metanol zavodunun tikintisi üçün Beynəlxalq Bankdan götürdüyü, faizləri ilə birlikdə 830 milyon dolları keçən krediti mənimsəməkdə ittiham edirdilər. Ağır ittihamla qarşılaşan Piriyevin həbsdən çıxması borclarının qaytarılacağına təminat verdikdən sonra mümkün oldu. Piriyev qısa müddətdə həbsdən buraxıldı. Həbsdən çıxsdıqdan sonra Piriyev demişdi ki, rəhbəri olduğu zavodunun tikintisi və fəaliyyət göstərməsi ilə bağlı ABB-dən götürdüyü kredit vəsaitləri üzrə ödəmələri gecikdirdiyi üçün həbs edilib.
ABB-nin aktivlərinin sağlamlaşdırılmasına dair Prezident fərmanından sonra bankın 5,6 milyard manatlıq problemli aktivləri "Aqrarkredit" ASC-yə verilib.