XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

08 Sentyabr 2017 - 22:15

Rubl daha dayanıqlıdır, yoxsa manat? –İqtisadçı şərhi

Rusiyada ABŞ dollarının məzənnəsi 2017-ci ilin iyun ayının 14-dən bəri ilk dəfə 57 rubldan aşağı düşüb. Birjanın rəsmi saytında hazırda 1 ABŞ dolları 56,99 rubla satılır. Buna səbəb kimi Amerika valyutasının bütün dünyada ucuzlaşması və neftin bahalaşması göstərilir.

 Qeyd edək ki, qlobal maliyyə bazarında əsas valyuta cütlüyü sayılan USD/EUR nisbəti Avropa Mərkəzi Bankının (ECB) bugünki iclası ərəfəsində 1,2 səviyyəsinə yaxınlaşıb və bu da son 32 ayın maksimal həddidir. Neft qiymətləri isə son 3-4 ayın ən yüksək həddinə – 54,67 dollar/barelə çatıb. Bu iki amil və Rusiya istiqrazlarına tələbatın artması dolların məzənnəsinin düşməsinə səbəb olub.

Bəs görəsən, Rusiyada rublun dollara nisbətən möhkəmlənməsi bu ölkədən Azərbaycana idxal edilən məhsulların qiymətinə necə təsir edəcək? Bu durum manatın da dollar qarşısında möhkəmlənməsinə səbəb ola bilərmi? Son iki ildə dollar qarşısında hansı valyuta – rubl, yoxsa manat daha dayanıqlı olub?

Bu sualları cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov musavat.com-a vurğulayıb ki, bu gün Rusiya rublunun dəyər qazanmasının əsas səbəblərindən biri dünya bazarlarında ABŞ dollarının digər valyutalara qarşı öz mövqeyini zəiflətməsidi: “Dolların ucuzlaşması digər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, o cümlədən Rusiyanın milli valyutasının məzənnəsini artıran əsas səbəblərdən biridir. İkinci bir səbəb isə , ötən gün dünya bazarında neftin qiymətinin artmasıdır. Bu birbaşa olaraq neft qiymətlərindən asılı olan Rusiya valyutası üçün daha münbit şərait formalaşdırır və möhkəmlənməsini dəstəkləyir. Bu səbəbdən də biz Rusiyada rublun möhkləmlənməsini müşahidə edirik. Təbii ki, əvvəlki illərlə müqayisədə iqtisadi mühitin yeni şəraitə uyğunlaşması, bu il ötən illərlə müqayisədə Rusiya iqtisadiyyatında artımın baş verməsi, əvvəlki illərdə dollarlaşma səviyyəsinin maksimum həddə olması bu gün rus rublunun dəyərini dəstəkləyən faktorlardandır. Ancaq bu qısamüddətli nəticələrin dayanıqlılığı növbəti dövrlərdə qeyd etdiyimiz faktorların hansı istiqamətdə dinamika nümayiş etdirəcəyindən asılıdır. Çünki bu günlərdə ABŞ Rusiyaya yeni sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul etdi. Bunun ardından Avropa Birliyi ölkələri sanksiyaların müddətini uzatdı. Növbəti günlərdə biz sanksiyaların Rusiya iqtisadiyyatına, o cümlədən rublun məzənnəsinə təsirlərini də nəzərə almalıyıq. Belə olduğu təqdirdə ola bilər ki, rubl əldə etdiyi möhkəmlənmə uğurunu növbəti həftələrdə müəyyən qədər itirmiş olsun. Burada təbii ki, yenə də dünya bazarlarında baş verən proseslərin, ABŞ dollarının məzənnəsində baş verənlərin də rolu olacaq”.

Azərbaycan manatı ilə Rusiya rublunun hansının son iki ildə dollar qarşısında nə dərəcədə dayanıqlı olmasına gəlincə, R. Həsənov bildirdi ki, devalvasiyalar nəticəsində ən mənfi trend nümayiş etdirən valyutalardan biri manat olub: “Həm Rusiya, həm Norveç, həm də Qazaxıstan valyutası öz itirdikləri dəyərin bir hissəsini kompensasiya etməklə yanaşı, prosesin başlanmasından əvvəlki məzənnə ilə sonrakı məzənnə arasındakı fərq daha aşağı səviyyəli oldu. Ancaq Azərbaycanda bu göstərici maksimum həddə oldu. Hazırda rus rublu ilə müqayisədə Azərbaycan manatı öz dəyərini daha az müdafiə etmiş görünməkdədir. Rusiya rublunun dollar qarşısında möhkəmlənməsinin iqtisadi təsirlərinə gəlincə, bu məzənnənin hazırki səviyyəsinin hansı müddətdə qüvvədə olmasından daha çox asılıdır. Birjalarda bir neçə saat və ya bir neçə gün, bir həftə müddətində rublun məzənnəsində baş verən dəyişikliklər qısa müddət ərzində iqtisadi nəticələr doğurmur. Ola bilər ki, bazar iştirakçıları yaranmış situasiyadan istifadə etsin, müəyyən qədər gəlir əldə etsin. Və ya öhdəlikləri olan vətəndaşlar, iqtisadi subyektlər bu şəraitdən qısamüddətli dövrdə yararlana bilər. Ancaq əgər rus rublunun möhkəmlənməsi tendensiyası bundan sonra da davam edəcəksə, ən azından mövcud məzənnəni orta və uzunmüddətli dövrdə qoruyub saxlamaq mümkün olacaqsa, o zaman təbii ki, Rusiyada istehsal olunan məhsulların ixracı əvvəlki dövrlə müqayisədə daha səmərəsiz olacaq. Bu da Rusiyadan məhsul idxal edən ölkələrin və ya iqtisadi subyektlərin alternativ istehsalçılardan məhsul almasına səbəb olacaq. Əks halda Rusiyadan gətirilən məhsulların qiymətlərində müəyyən qədər bahalaşma müşahidə olunacaq. Azərbaycanda Rusiyaya ixracdan söhbət gedirsə, burada bizim ixracatçılar üçün daha münbit şərait formalaşır. Bu mənfəət normasını yüksəltməklə, Azərbaycanın əsas ticarət tərəfdaşı olan Rusiyaya ölkəmizdən daha çox məhsul ixrac olunmasına gətirib çıxaracaq. Xüsusən , kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı daha çoxdur. Bu da ölkəmizdən gedən aqrar məhsulların Rusiya bazarlarında payının artmasına gətirib çıxara bilər”.

Dolların dünya bazarında ucuzlaşmasının səbəbinə toxunan iqtisadçı vurğuladı ki, burada siyasət çox ziddiyyətlidir: “Hazırki ABŞ administrasiyası hətta hakimiyyətə gəlməmişdən əvvəl də, hakimiyyəti əldə etdikdən sonra da bir çox açıqlamalarında daha aşağı məzənnəli dollar siyasətini dəstəklədiklərini bildiriblər. Onlar bu siyasəti əsasən ABŞ-da istehsal olunan məhsulların ixrac qabiliyyəti baxımından dəstəkləyirdilər. Xatırlayırsınızsa, 2017-0ci ilin əvvəllərində ABŞ prezidenti Donald Tramp Avropa Birliyini aşağı məzənnə siyasəti həyata keçirməkdə günahlandıraraq, bu yolla ABŞ bazarlarının müəyyən bir qisminin avropalı istehsalçılar tərəfindən tutulması məsələsini gündəmə gətirmişdi. Bundan sonra da biz dolların bazarda ucuzlaşmasını müşahidə etdik. Dolların hazırad ucuzlaşmasına səbəb olan əsas faktor da hazırda ABŞ hökumətinin və Federal Ehtiyat Sistemi tərəfindən həyata keçirilən valyuta siyasətinin nəticəsi deyil”.

 

 

 

R.Həsənovun sözlərinə görə, bu tendensiya hazırda qlobal bazarın da, beynəlxalq bankların da yeni ABŞ administrasiyasına inamının zəif olmasından qaynaqlanır: “Bu baxımdan da dollar öz məzənnəsini itirir və proses davam edir. Burada digər faktorlar da var. Avropa Mərkəzi Bankı avronun məzənnəsinə korrektələr etməyin vaxtının çatdığı ilə bağlı bazarlara məlumat ötürdü. Bu avronun kəskin şəkildə bahalaşmasını şərtləndirdi. Beləliklə də, avronun dünya bazarında bahalaşması ehtimalı bu valyutaya tələbi daha da artırmaqla, qlobal səviyyədə aktivlərin böyük bir hissəsinin dollardan çıxarılmasına səbəb oldu. Nəticədə bazarda dollar təklifi artdı, avroya isə tələb çoxaldı. Nəticədə proses dollara inamsızlıq səbəbindən yaranmış ucuzlaşma trendinin daha da sürətlənməsinə gətirib çıxartdı. Düşünmürəm ki, bu sonrakı dövrlərdə də davam edəcək. Ən azından FED hazırki itirilmiş mövqelərin müəyyən bir qisminin bərpası istiqamətində addımlar ata bilər. Bu da bazarda ümumi aktivlərin azaldılması- yəni pul kütləsinin azaldılması yolu ilə məzənnənin dəstəklənməsi siyasəti olacaq. Uçot dərəcələrinin artırılması və digər alətlərdən istifadə olunmasını da biz növbəti aylarda müşahidə edəcəyik”.